Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 11:25:00
500 şagirddən 3-ü oxuduğu mətni dərk edə bilir - Ekspert 

“PİRLS (Progress in International Reading Literacy Study) 2021-ci il üçün araşdırmalarının nəticələrini elan edib. PİRL testlərinin mətnləri oxuma baxımından 80 ölkə arasında Azərbaycan çox aşağda yer alıb və ya nəticəmiz orta göstəricidən də çox aşağıdır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil ekspert Kamran Əsədov deyib. O, nəticələrin təhlili əsasında digər ölkələrin şagirdlərinin oxu və anlama qabiliyyətləri ilə müqayisədə bizim şagirdlərin  xeyli aşağı səviyyədə olduğuna diqqət çəkib.

 

“10-11 yaş aralığında 500 nəfərdən sadəcə 7 nəfər oxuduğunu anlayır, 10-11 yaş aralığında 500 nəfərdən sadəcə 3 nəfər oxuduğu mətnləri dərk edə bilir. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Finlandiyada 500 nəfərdən 250, Estoniyada 220, Kanadada 190-dır. Bizdə təhsil sistemində iki bacarıq yaxşı tədris olunur: bu, hamımızın bildiyi 30 suallıq test hǝll etmək və əzbərə dərs öyrənmək üsuludur”.

 

K.Əsədov müasir dövrün tələblərinə uyğun tədris olunmalı mövzuları qeyd edib:


“Komanda ruhu ilə işləmək, analitik düşünmək, həqiqi sual vermək, müstəqil fikir azadlığı və praktik zəkanın inkişafı təlimləri. Belə olmadığı təqdirdə nəticə olaraq yorğun, çarəsiz, bədbin və qavrama qabiliyyəti formalaşmamış bir nəsil formalaşır. Növbəti mərhələdə onlar universitetə qəbul olunur və məzun olduqdan sonra aldığı təhsilin yetərsizliyindən şikayət edir. Ömrünün ən məhsuldar illərini bezmiş, əsəbi, tükənmiş vəziyyətdə keçirirlər. Məzun olduqdan sonra müraciət etdikləri iş yerləri onları işə götürməkdə tərəddüd edir.

 

Universitetlər artıq zamanın çox gerisində qalıblar. Keçən əsrdə məlumatlar 100 ildən bir yenilənirdi, bu əsrdə isə məlumat 29 saatdan bir yenilənir. Belə sürətli bir yenilənməyə qarşı illərdir məlumat ötürən və əlinizə kağız parçası vermə öhdəliyini daşıyan anlayış zəmanəyə necə uyğunlaşa bilər?”.

 

Ekspert deyir ki, XXI əsrdə "hansı universitetdə hansı ixtisas seçməliyəm" sualını, "hansı fundamental bacarıqları qazanmalıyam" sualı ilə əvəz etməliyik.

 

“Bu gün ixtisasların əhəmiyyəti də qalmayıb, rəqəmsal dünyada hər gün adını bilmədiyimiz ixtisaslar çıxır. XXI əsrdə "hansı universitetdə hansı ixtisas seçməliyəm" sualını, "hansı fundamental bacarıqları qazanmalıyam" sualı ilə əvəz etməliyik. Gələcəkdə iş tapa biləcəyin ixitsas əvəzinə "nəyi coşqunluqla etmək istəyirsən" sualını verməliyik. Seçəcəyiniz hər peşənin gələcəyi sual altındadır. Gələcəkdə kodlaşdırma sahəsində robot həkimlər daha yaxşı diaqnoz qoyacaq. Süni intellekt və kodlaşdırmaya hakim olmayanlar işsiz qalacaqlar. Kodlaşdırma dilini bilmə məcburiyyəti qüvvəyə minəcək. Bank işçilərinə, jurnalistlərə, fəhlələrə ehtiyac qalmayacaq”.