Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-21 13:08:00
Valideynlər abituriyentlərdən daha həyəcanlı idilər - İmtahandan REPORTAJ  

Dövlət İmtahan Mərkəzi (DİM) dünən - mayın 20-də III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.  


İmtahan 17 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

(DİM) imtahanlarda 22 mindən çox şagirdin iştirakı barədə məlumat yayıb.

AzEdu.az saytının əməkdaşları DİM-in icazəsilə növbəti dəfə imtahanları müşahidə edib.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhərindəki 157 nömrəli məktəbdə olduq.

 

İmtahana gələn valideynlərin də, şagirdlərin də əksəriyyətində həyəcan hiss olunmurdu. İmtahan öncəsi bir neçə valideyn və abituriyentlə söhbətləşdik. Hamısı nəticələrin 300 civarı olacağını düşünürdü. 

 

Açıklama yok.

 

Zeynəb Məmmədquliyeva adlı abituriyent imtahan həyəcanının azalmasında sınaqlarda iştrak etməyin böyük rolu olduğunu dedi:

 

"Bir il kursla, bir il də fərdi repetitorla hazırlaşmışam. Hazırlıq müddətim çox ağır, stressli və həyəcanlı keçib. İnsan nə qədər hazırlaşsa, özündən əmin olsa da, imtahan ərəfəsində həyəcan mütləq şəkildə olur və bunun qarşısını almaq mümkün deyil. Bundan əlavə, test bankları, kitablar, sınaq imtahanlarına çox xərcim çıxıb.

 

Fikrimcə, sınaq imtahanında iştirak etmək çox yaxşıdır. Bunun sayəsində imtahan stressi nisbətən azalır. Sınaqlarda 220-230 bal toplayırdım, amma buraxılış imtahanında nəticəm 190 bal oldu. Əsas Azərbaycan dilindən səhv strategiya ilə yazdım, bir də riyaziyyatdan... III qrupların yaralı yeri... Riyaziyyatı ən sona saxladım, kodlaşdırmanı da ən axırda etdim. Buna görə də tələsdim və həyəcandan çox səhvlər etdim.

 

Blok imtahanı üzrə sınaqlarda az iştirak etmişəm, amma topladığım bal 240-250 olub. İndi qəbul imtahanından da maksimum dərəcədə yüksək nəticə gözləyirəm, hardasa 300 civarı yazacağımı düşünürəm. Bildiyimiz kimi, III qrup balları da yüksəkdir. İngilis dili müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirəm, amma universitet seçməmişəm. Əslində, Azərbaycan Dillər Universitetini istəyərdim, amma yenə də məncə, təhsilin keyfiyyəti oxuduğumuz universitetdən yox, özümüzdən asılıdır, uğurlu insan hər yerdə nailiyyət əldə edə bilər".

 

Açıklama yok.

 

Elnarə Mirzəliyeva adlı valideyn bildirdi ki, övladının bir sualı apellyasiya komissiyası tərəfindən sonradan düz götürülüb və bal artımı edilib:

 

"Övladım - Mirzəliyeva Şəbnəm bu gün imtahan verir. Qızım 2 ildir repetitorla hazırlaşır. Düzü, hesablamamışıq, ancaq xərcimiz çox çıxıb. Sınaq imtahanlarında da iştirak edib. Sınaqdan 240-250 toplayırdı, amma buraxılış imtahanından 210 bal yığdı. Buraxılış imtahanı suallarının çətinliyindən abituriyentlərin çoxu şikayətlənirdi. Qızımın bir sualı düz götürülməmişdi, apellyasiyaya müraciət etdik və bal artımı oldu.

 

Şəbnəm Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisası üzrə təhsil almaq istəyir. Gələcəkdə magistr təhsilini xarici ölkədə tamamlamaq istəyir. Fürsətdən istifadə edib bütün abituriyentlərə qızım da daxil olmaqla uğurlar arzulayıram. Ümid edirəm, hər biri istədikləri nəticəni əldə edərlər".

 

Açıklama yok.

 

Növbəti müsahibimiz Telman Məmmədov adlı abituriyent oldu. O, Polis Akademiyasına hazırlaşdığını və 600-dan yüksək bal toplayacağına inandığını söylədi: 

 

"Uşaqlıqdan polis olmaq istəmişəm, bu peşəyə sevgim olub. Polis Akademiyasına həm qabiliyyət, həm də qəbul imtahanı üçün 2 ildir hazırlaşıram. Sınaq imtahanlarında ümumi 600 bala qədər nəticə əldə etmişəm. Buraxılış imtahanından 245 bal toplamışdım. Blok imtahanından da 300-dən yuxarı nəticə gözləyirəm. Çəkdiyim əziyyətin qarşılığını görəcəyimə inanıram".

 

 Açıklama yok.

 

Bir abituriyentin isə babası ilə söhbət etdik. Məmməd Hüseynov nəvəsindən yüksək nəticə gözləyini dedi:

 

"Nəvəm - Hüseynli Fidan bu gün imtahan verəcək. Məktəbdə yaxşı oxuyur, həm də repetitorla hazırlaşırdı. Xarici dillər üzrə təhsil almaq istəyir. Buraxılış imtahanından 251 bal yığmışdı. Blok imtahanından da 400-ə yaxın nəticə gözləyirik"...

 

Nəhayət imtahan başa çatdı...

 

Binadan çıxan şagirdlərin demək olar ki, hamısı imtahanın rahat keçdiyini deyirdilər...

 

Açıklama yok.

 

Duyğu Əlisoylu sualların çətiinik səviyyəsinin normal olduğunu söylədi:

 

"Buraxılış imtahanında Azərbaycan dilindən mətn tapşırıqları və riyaziyyat çətin idi, 173 bal toplamışdım. Amma indi sualların çətinlik səviyyəsi normal idi, hamısını yazdım. Ümumilikdə bütün suallar keçdiklərimizdən düşmüşdü, bir az Azərbaycan dili nisbətən çətin gəldi. Maksimal nəticəni toplamasam da, 300-ü keçə biləcəyimi düşünürəm. İngilis dili ixtisası üzrə təhsil almaq istəyirəm. Arzum təhsilimin davamını İngiltərədə davam etdirməkdir".

 

Açıklama yok.

 

İlqar Tağıyev isə sualların səviyyəsinin standartlara uyğun gəldiyini, tarixdən səhv sual olduğunu bildirdi:

 

 "İmtahanda hər şey standartlara uyğun idi. Sualların hamısı kitabdakı mövzulardan idi. Sadəcə, tarixdə diaqrama aid bir sualın səhv ola biləcəyindən şübhələnirəm, ancaq yanıla da bilərəm. Buraxılış imtahanından 176 bal toplamışdım, indi nəticələrimin çox da ürəkaçan olacağını gözləmirəm, 240-250 olacağını düşünürəm, ümidim ikinci cəhdədir. ADA Universitetinə daxil olmağı önümə məqsəd qoymuşam, ixtisas fərq etmir".

 

Açıklama yok.

 

Mehdiyeva Nurcan adlı şagird tarix fənninin çətin olmağından, "Heydər Əliyev ili" olmasına baxmayaraq, bu barədə sual salınmadığından şikayətləndi:

 

 "İmtahan çətin idi, xüsusən də tarix fənnində "Heydər Əliyev ili" olmağına baxmayaraq, Heydər Əliyevlə bağlı heç bir dənə də sual yox idi. Bu barədə sual düşəcəyini düşünüb həmin mövzudan yaxşı hazırlaşmışdım. Buraxılış imtahanından 260 bal toplamışdım, indi də orta səviyyədə yazmışam, böyük ehtimal səhvlərim çox çıxacaq, yüksək nəticə gözləmirəm. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr ixtisasına qəbul olunmaq, bakalavr təhsilini burada bitirdikdən sonra magistraturanı  xarici ölkələrin birində - İtaliya və ya Almaniyada tamamlamaq istəyirəm".

 

Açıklama yok.

 

Rəsul Şahverdiyev də tarix fənnindən çətilik çəkdiyini və bəzi sualların səhv olmağından şübhələndiyini bizimlə bölüşdü:

 

"Suallar normal idi, bir az tarix çətin idi. Tarixdən yeni dövrə aid Vaşinqton konfransı, situasiyadan  sualların səhv ola biləcəyini düşünürəm. Polis Akademiyasına hazırlaşıram. Buraxılış imtahanından 257 bal toplamışdım, indi də güman edirəm ki, 300-ü keçərəm".

 

Açıklama yok.

 

İmtahan yerinə təcili tibbi yardım briqadası da cəlb olunmuşdu. Həkim Pərvanə Cümşüdov imtahan zamanı hər hansı tibbi müdaxiləyə etiyac olmadığını bildirdi:

 

“Növbə zamanı heç bir müraciət olmadı. İmtahandan öncə, proses zamanı da şikayət daxil olmadı. Hər şey qaydasında idi”.

 

Qeyd edək ki, imtahana gələn şagirdlərin üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan şagirdləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız şagirdləri isə xüsusi kabinədə qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar.  Yoxlanışda şagirdlərə telefon, saat kimi vasitələri içəri keçirməyə icazə verilmirdi.

 

Sonda imtahan rəhbəri Faiq Məmmədovdan məlumat aldıq. O bildirdi ki, imtahan prosesi problemsiz keçib:

 

"Bu gün III qrup üzrə blok imtahanları keçirilir. Ümumilikdə, respublikada 22 mindən çox abituriyent ali məktəbə qəbul olunmaq üçün öz biliyini sınayır. 157 nömrəli orta məktəbdə 201-i qız, 44-ü oğlan olmaqla 245 şagirdin iştirakı gözlənilirdi, onlardan 4 nəfəri gəlmədi. Onların da hansı səbəbdən imtahanda iştirak etməməsi bizə məlum deyil. İmtahana buraxılış rejimi saat 09:30-da başladı və 10:45-ə qədər davam etdi. İmtahan nəzərdə tutulan vaxtda - 11:00-da başladı. Hər şey qaydasında irəlilədi. Nəzərdə tutulmuş vaxta da, yəni 14:00-da bitdi. Süni sıxlığın olmaması üçün hər bir iştirakçıya müvafiq vaxtda gəlməsi barədə çağırış edilmişdi".

 

 Açıklama yok.

 

 

F.Məmmədov Dövlət İmtahan Mərkəzinin aparıdğı təbliğatların uğurlu olduğunu və bunun sayəsində abituriyentlərin qadağan olunmuş əşyalarla bağlı daha diqqətli olduqlarını bildirdi. Lakin, yenə də şəxsiyyət vəsiqəsini evdə unudanlar, tələb olunan sənədlərlə bağlı səhlənkar yanaşanlar vardı:

 

"Buraxılış rejimi normal keçdi, proses zamanı heç bir qayda pozuntusu qeydə alınmadı. Yaxşı ki, Dövlət İmtahan Mərkəzinin apardığı təbliğat uğurlu nəticə verib. Ötən imtahanlarda telefonla gələnlər var idi, ancaq bizdə belə bir hal yaşanmadı. Şagirdlərimizdən biri şəxsiyyət vəsiqəsini evdə unutmuşdu, valideyni gətirib çatdırdı və imtahana buraxıldı. Digər bir abituriyentimiz də vəsiqəsini evdə unutmuşdu, sənədin surətini gətirəndə biz qərargahla əlaqə saxladıq, amma, təəssüf ki, artıq imtahan başlamışdı və həmin iştirakçı imtahana buraxıllmadı ".

 
 

Ümumilikdə həmsöhbət olduğumuz abituriyentlərin fikirlərindən belə nəticəyə gəldik ki, imtahan sualları ort səviyyədə olub, nisbətən tarix fənninin suallarında çətinik yaşanıb. İmtahan prosesi qaydalara uğun şəkildə keçib.

 

Beləcə, 157 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

 

Foto: Tünzalə Abbasova