Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 11:31:47
“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, 198 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Zöhrabova VIII sinif dərsliyində olan “Zəhər (mətn üzrə iş)” mövzusunda icmal təqdim edib. İcmala əsasən dərsin planlaşdırılması, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, motivasiyanın qurulması, yaradıcı tətbiqetmə, tapşırıqların seçilməsi, qiymətləndirmə meyarları məsələləri müzakirə edilib.

 

328 nömrəli tam orta məktəbdə keçirilən seminarda ibtidai sinif müəllimi Könül Xancanlı Həsənova icmal təqdim edib. Mövzu isə III sinif riyaziyyat dərsliyində olan “Ədədin hissəsi” olub. Seminar zamanı metodik vəsaitlə iş, dərsdə istifadə olunan iş üsul və formaları, resurslardan istifadə, qrup tapşırıqlarının hazırlanması, refleksiya məsələləri ətrafında müzakirələr aparılıb. 272 nömrəli tam orta məktəbdə keçirilən növbəti seminar isə Azərbaycan dili fənni üzrə olub. Məktəbin ibtidai sinif müəllimi Vüsalə Daşdəmirova IV sinif dərsliyində olan “Əsas və köməkçi nitq hissələrinin fərqi” mövzusunda icmal təqdim edib. Seminarda dərsin məqsədi, şagirdlərin qruplara bölünməsi, bütün qruplar üçün eyni səviyyəli tapşırıqların hazırlanması, qiymətləndirmə meyarları, standartın reallaşdırılması, fənlərarası inteqrasiya məsələləri müzakirə olunub.

 

Hər üç seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.