Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 09:32:00
Koreyada yerli professorlara dərs deyən gənc həmyerlimiz – “Vətənə qayıtsam, Bakıda yox, Masallıda yaşayaram”

Nihat  Xəlilzadə: “Koreyalılar azərbaycanlılardan fərqli olaraq, Coğrafiyadan çox da məlumatlı deyillər. Onların Azərbaycanla bağlı diqqətini ən çox Naftalandakı neft vannaları cəlb edir”.

Nihatla səmimi söhbətin sonunda ondan, “ümumiyyətlə, maraqlıdır, necə təqdim olunmağınızı istəyirsiniz?”- soruşanda, “siz necə görürsünüzsə, elə də təqdim edin”- deyə cavabladı.

Bu da TƏQDİMAT - Mənə görə, Nihat Azərbaycanı ölkəmizdən minlərlə kilometr uzaqlıqda təmsil edən layiqli həmyerlimiz olmaqdan əlavə, gözəl ailə başçısı, ən əsası isə səmimi insandır.

...Və MƏQSƏD - Ehtiyac duyulduğu yerdə olmaq Nihatın ali məqsədidir: “Burada Azərbaycan və Koreya əlaqələrinin güclənməsi üçün görüləcək işlər çoxdur. Ancaq nə vaxta hiss etsəm ki, Azərbaycanın mənə ehtiyacı var və ya Azərbaycana qayıtmağım bu iki ölkə əlaqələri üçün daha yaxşıdır, bax, o zaman heç nəyi düşünmədən qayıdacağam. Lakin Bakıda yox, ata-baba yurdum Masallıda yaşayacağam”.

Nihat Xəlilzadə Koreya Hanyanq Universitetinin məzunudur. O, paytaxt Seulda koreyalılara – orta məktəb şagirdləri və universitet tələbələrinə, belə demək mümkünsə, Azərbaycanı təqdim edir.

Nihatla yaxından tanış olaq:

Xəlilzadə Nihat Lazım oğlu, 1992-ci il, yanvar ayının 13-də Masallı rayon Təzə Alvadı kəndində anadan olub. 5 yaşından etibarən, həmin kənd məktəbində təhsilə başlayıb, 2000-ci ildə isə Bakıya köçərək, təhsilini indiki Ankara Məktəbi məktəb-liseyində davam etdirib. 11-ci sinfi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinə (o zamankı Qafqaz Universiteti) daxil olub, Riyaziyyat və İnformatika (ingiliscə) ixtisasında təhsilini davam etdirir.

Koreyaya getdiyi ilk günlərdən etibarən, Azərbaycanla bağlı könüllü dərslər verdiyini deyən Nihat Xəlilzadə əvvəlcə Koreyaya necə getdiyi və oradakı təhsili barədə danışır:

“Universitetə girdiyim gündən xaricdə təhsillə maraqlanırdım. Nəticədə, BMU-da təhsilimi yarımçıq qoyub Koreya Dövlət Təqaüd Proqramı ilə Cənubi Koreyaya-Seula gəldim. Öncə, 1 il boyunca Keimyunq Universitetində Koreya dili təhsili aldıqdan sonra Hanyanq Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsilimə başladım. Universitetdə təhsilimi bitirib, ailə qurdum və hazırda Koreya şirkətlərindən birində xariclə əlaqələr üzrə mütəxəssis kimi işləyirəm.

Üstəgəl, axşamlar magistratura dərəcəsi üzrə Soongsil Universitetində İnformasiya texnologiyaları və menecment üzrə təhsil alıram. Həftə sonu yeni qurduğum Start-up layihəsi üzərində çalışıram. Bu barədə hələ dəqiq məlumat vermək çətindir, çünki hələ proyekt tam hazır olmayıb”.

Daha sonra... Könüllü olaraq verdiyi dərslərdən bəhs edir:

Dərslərdə məktəblilər, universitet tələbələri, valideynlər, müəllim və professorlar iştirak edirlər. Azərbaycanın ərazisi, əhalisi, dili, qısa tarixi, milli geyimləri və s. haqqında məlumatlar paylaşılır. Dərslərin məqsədi koreyalı gəncləri Azərbaycan haqqında məlumatlandırmaq və onları daha qlobal yaşama hazırlamaqdır”.

Qeyd: Azərbaycan və digər ölkələrin mədəniyyəti haqda dərslər UNESCO, Koreya Gənclər Təşkilatı, Seul icra hakimiyyəti və başqa böyük təşkilatlar tərəfindən təşkil olunur.

“Bu cür dərslərdə, adətən, ən az 30-40 nəfər iştirakçı olur. Amma bəzən 200-ə yaxın dinləyici olduğu da olub. Bu arada Azərbaycan haqqında TV verilişlərində də qonaq olaraq iştirak edib məlumatlar verirəm, Azərbaycanı təmsil edirəm.

Qeyd edim ki, Naftalanda neft vannalarında çimmək, palçıq vulkanları, bizimdə altaylardan gəlməyimiz koreyalıların diqqətini cəlb edir”.

“Azərbaycanlılar çox bacarıqlıdır, lakin mövcud boşluqlar bizi zəif göstərir”.

Nihat  Xəlilzadə Azərbaycan təhsil sisteminə həsr olunan tədbirlər də təşkil etdiyini də vurğulayır:

“Adətən, Azərbaycan təhsili barədə qısa məlumat verirəm, amma son tədbirin əsas hissəsini təhsil sistemi barədə məlumatlandırmaya həsr etdim.

Bizim təhsil sistemində boşluqlar, açıq desəm, çoxdur. Azərbaycanlılar çox bacarıqlıdır, lakin mövcud boşluqlar bizi zəif göstərir. Bizdə olan yaxşıları dünyaya göstəririksə, dünyada olan yaxşı nümunələrdən də özümüz faydalanmalıyıq”.  

-Bizdə olan yaxşılar… Məsələn?

-İlk növbədə, dərs soruşma mədəniyyətinin olması... Mən bunu koreyalılara tədbirdə də bildirdim. Azərbaycanda müəllim I  sinifdən tutmuş, universitet tələbəsinə kimi hər gün nə vaxt istəsə qaldırıb,  dərs soruşa bilir. Amma Koreya təhsil sistemində tələbələr yarım final və final imtahanlarına girirlər və bu, onların bütün taleyini həll edir.

-Bəs Koreya təhsil sistemində başqa hansı boşluqları müşahidə etmisiniz?

-Koreya təhsil sistemində - universitet və orta məktəblərdə tələbələrin öz ixtisasları və maraq sahələrinə yiyələnmələri üçün hər şey maksimum şəkildə təşkil olunub. Tələbələrin əsas problemi isə, dərsdən əlavə məşğuliyyətə ayıracaq vaxtlarının, ümumiyyətlə, olmamasıdır. Amma nəzərinizə çatdırım ki, bu problemlərin həlli üçün sistemdə hər il müxtəlif dəyişikliklər olunur.

“Bugünkü Koreyanı 60 il ərzində məhz təhsil sistemi formalaşdırıb”.

Gənc azərbaycanlı deyir ki, Koreyaya gəldiyim ilk gündən əməyə, zəhmətə qiymət verildiyini, hətta gündəlik həyatımda da hiss edirəm.

“Qısaca özümdən misal çəkim: Yenidən Start-up qurmağa hazırlaşıram və dövlət kiçik şirkətlərin böyüməsi üçün çoxlu təkliflər edir. Birbaşa investisiyalar qoyulmasa belə, investorlarla görüşə şərait yaradırlar. Məsələn, bu yaxınlarda Koreyada dünyanın ən böyük Start-up yarışlarından biri olacaq, təkcə koreyalıların deyil, bütün dünya Start-uplarını Koreyaya dəvət edirlər. Bundan əlavə Start-up və investisiya yatırmağa maraqlı olan şəxsləri də dəvət ediblər. Məqsəd isə qlobal yarışı Koreyada qurub, Koreyadan başlanmasına şərait yaratmaqdır.

Ümid edirəm: Azərbaycan da yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələrindən olacaq!

Bu potensial Azərbaycan xalqında var. Koreya və Azərbaycanın istər tarixi, istər mədəniyyət oxşarlıqları var və Koreya da Azərbaycan kimi eyni yollardan keçib”.

“Bəzən xəbərləri oxuyanda və ya izləyəndə qarşıma heç bir dəfə də eşitmədiyim Koreyaca sözlər çıxır”.

O qeyd edir ki, bütün gün Koreya dilində danışdığı üçün evdə Azərbaycanca danışanda yadına düşməyən sözlər olur.

“Bəlkə də onun nəticəsidir ki, mənim 1ildə öyrəndiyim dili həyat yoldaşım daha tez - 9 ayda öyrəndi. Nəzərinizə çatdırım ki, Koreya dili Altay dil ailəsinə mənsub olduğuna görə, başqa ölkələrə nisbətən azərbaycanlılar bu dili tez mənimsəyə bilirlər. Baxmayaraq ki, bu qədər vaxtı buradayam və işlərimin hamısını Koreyaca yerinə yetirirəm, yenə də bilmədiyim sözlərlər rastlaşıram. Çünki, xüsusən gənc nəsil sözləri qısaldılmış formada istifadə edir. Bu səbəblə, dili yaxşı bilmək üçün daim cəmiyyətlə ünsiyyətdə olmaq lazımdır”.

“Övladımın Azərbaycan, Koreya və ingilis dilini öz ana dili kimi bilməsi üçün nə lazımdırsa, edəcəyəm”.

Müsahibimiz deyir ki, ona gələcəkdə dil, din, mədəniyyət baxımından övladını necə tərbiyə edəcəyi barədə tez-tez suallar ünvanlayırlar.

“Xarici dil kimi Çin və ispan dilini öyrənməsini çox istərdim. Əlavə olaraq, maraq dairəsində olacaq bir musiqi alətində ifa etməsini və hansısa idman növü ilə məşğul olmasını istərdim.

Qaldı ki, mədəniyyət cəhətdən isə Azərbaycan və Koreyanın yaxşı adət-ənənələrini əlimizdən gəldiyi qədər tanıtmağa çalışacağıq. Arzum odur ki, övladımızın Koreya və Azərbaycan arasında körpü olmasıdır. Bunun üçün də əlimizdən gələni edəcəyik.

Seuldan yenidən ata-baba yurdu Masallıya: “Bir gün mütləq Masallıya qayıdacağıq. Lakin…”

Nihat bildirir ki, indiki vəziyyətdə Azərbaycana qayıtmaq onun üçün mümkünsüzdür:

“Çünki burada Azərbaycan və Koreya əlaqələrinin güclənməsi üçün görüləcək işlər çoxdur. Koreyaya çox gənc yaşımda gəldim, gənclik illərimi burada keçirdim. Buna görə, Koreya həyatı mənə daha rahat görünür. Ancaq nə vaxta hiss etsəm ki, Azərbaycanın mənə ehtiyacı var və ya Azərbaycana qayıtmağım bu iki ölkə əlaqələri üçün daha yaxşı olar, bax, o zaman heç nəyi düşünmədən qayıdacağam. Amma Bakıda yox Masallıda yaşayacağam.

Planlarım çoxdur: yaxın zamanda vətəndaşlıq alaraq Koreya vətəndaşı kimi fəaliyyətimi davam etdirmək istərdim. Düşünürəm ki, fəaliyyətimi Koreya cəmiyyətinə o zaman daha tez çatdıra biləcəyəm. Azərbaycanı daha yaxşı təmsil edə bilmək üçün planlarım olduqca çoxdur. Ümid edirəm, reallaşdırdıqdan sonra sizinlə yenidən müsahibə edərik (gülür)”.