Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 06:52:44
“Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədlər ölkəmizə gətirilir” - İnstitut direktoru

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq ölkə daxilində və xaricində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bəs, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq AMEA-nın Tarix İnstitutunda hansı işlər görüləcək?  

Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Modern.az-a açıqlama verib.

yaqub mahmudov.jpg

Tarix İnstitutunun direktoru bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir.

“AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib”.

Y.Mahmudov qeyd edib ki, Tarix İnstitutunda AXC-nin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir.

“Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.