Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 13:46:00
Qəbul imtahanında 400 bal toplayan ola bilər? - Ekspertdən REAKSİYA

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərən - 300 bal toplayan olmadı.

 

Bu həftəsonundan - 20 maydan etibarən ali təhsil müəssilərinə qəbul imtahanlarına start verilir.


Mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi keçiriləcək.

Mayın 21-də həm də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər coğrafiya fənnindən imtahan verəcəklər.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

 

Maraqlıdır, ali məktəblərə qəbul imtahanlarında maksimal nəticə göstərənlər olacaqmı?

 

Təhsil eksperti Elçin Əfəndi sözügedən mövzu ilə bağl ıAzEdu.az-a danışıb:

 

“Hər kəsə məlumdur ki, 11-ci siniflərin buraxılış imtahanında maksimal nəticə göstərən olmadı. Həm əvvəlki, həm də cari ilin məzunlarını nəzərə alsaq, bu imtahanlarda təxminən 120 mindən çox abituriyent iştirak etmişdi. Həmin imtahanlarda 300 bal toplayan olmadığına görə, təhsilin keyfiyyətini günahlandırmamalıyıq. Bir nəfər maksimal nəticə göstərənlə “Təhsilin keyfiyyəti əladır” demək də olmur və yaxud yüksək nəticə göstərən yoxdursa, “Təhsilin keyfiyyəti aşağıdır” demək də.

 

Hazırda apellyasiya şikayətlərinə baxılma dövrüdür. Və nəticələrindən narazı olan abituriyentlərin müraciətlərinə baxılır. Ola bilsin ki, apellyasiyanın verdiyi qərar əsasında, hansısa abituriyentin nəticəsində düzəliş edilsin və yüksək nəticə göstərmiş şagirdlərimizdən biri maksimal, yəni 300 balı toplasın”.

 

 

Ekspert qəbul imtahanlarının hər iki cəhddinin eyni səviyyədə olacağını vurğulayıb:

 

“Qarşıda gələn imtahanlar blok imtahnalarıdır. Məlumdur ki, burada maksimal bal 400-dür. İmtahanda təxminən 45 min abituriyent iştirak edəcək və onlar içərisindən maksimum nəticə göstərənlərin olması istisna deyil. Qəbul imtahanlarında hər il olduğu kimi, suallar asan, orta və çətin tapşırıqlara bölünəcək. 1-ci və 2-ci cəhd imtahanları eyni modellərə, formata və mövzulara əsaslanır. Buna görə də, hər iki cəhd imtahanı eyni səviyyədə olacaq. Abituriyentlər qəbul imtahanlarına diqqətlə yanaşsalar, onların yaxşı nəticə əldə etmə ehtimalları da yüksək olacaq”.

 

 

E.Əfəndi bildirib ki, çox zaman abituriyentlərin qəbul imtahanındakı nəticələri buraxılışa nisbətən daha aşağı olur:

 

“Blok imtahanının çətin tərəfi ondan ibarətdir ki, burada səhv cavablar düz cavablara təsir edir. Müşahidə etdiyimiz tendensiya odur ki, abituriyentlər buraxılış imtahanını qəbul imtahanına nisbətən daha yaxşı yazır. Qəbul imtahnlarında daha çox səhvlərə yol verirlər və onların nəticələri buraxılış imtahanı ilə müqayisədə aşağı olur. Düşünürəm ki, abituriyentlər qəbul imtahanlarına daha həssas yanaşsalar və cavabından əmin olmadıqları, bilmədikləri sualları ötürsələr, daha yüksək nəticə əldə edə bilərlər. Unutmasınlar ki, imtina etmək səhv yazmaqdan daha yaxşıdır. Ümid edirəm ki, istər buraxılış, istərsə də qəbul imtahanlarının nəticələri ötən ildən daha yaxşı olacaq”- deyə o, fikrini tamamlayıb.