Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 17:38:00
Prorektordan maraqlı təklif – “Elmi dərəcə və adların  təsdiqi universitetlərə, Təhsil Nazirliyinə verilə bilər”

Anar Eminov  - “Təhsil Nazirliyi doktorantura ilə bağlı müəyyən addımlar atmalıdır. Misal üçün, elmi adların təsdiqi məsələsi Təhsil Nazirliyinə verilə bilər.”

Ali təhsil cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir: Birinci pillə – bakalavr; ikinci pillə – magistratura; üçüncü pillə – doktorantura.

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov AzEdu.az-a açıqlaması zamanı qeyd edib ki, Təhsil Nazirliyi doktorantura ilə bağlı müəyyən addımlar atmalıdır:

“Avropanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bir sıra elmi pillələr universitetlərin özlərinə verilməlidir. Məsələn, Azərbaycan Dövlət Turizm Universiteti “turizm üzrə fəlsəfə doktoru”nu özü də verə bilər. Diplomun təsdiqi məsələsi də, əlbəttə ki, Təhsil Nazirliyinə verilə bilər, əksər əcnəbi ölkələrdə belədir. Bir də, elmi adların (professor və dosent) verilməsi ilə bağlı da dünya təcrübəsinə əsaslanmaq olar. Xüsusən bu sahələrdə universitetlərə güvənmək lazımdır. Hesab edirəm, universitet də Təhsil Nazirliyi ilə bərabər bu işi yerinə yetirə bilər. Yəni, bu, dünya təcrübəsində var və tətbiq edilir”.

Azərbaycanda doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirilir: Fəlsəfə doktoru; Elmlər doktoru.

Prorektor deyir ki, Avropada doktoranturanın ikinci pilləsi- elmlər doktoru üzrə qəbul, artıq keçirilmir.

“Avropada dosent və professor adının alınması məsələsi, təbii ki, imtahanla olur. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir. Bir də, tədqiqat işinə gəldikdə isə elmi iş sübuta yetirilsə ki bu, kəşfdir, o zaman bunun üçün həmin şəxs patent və qonorar alır. Bu isə təhsil pilləsi sayılmır. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb. Mənə elə gəlir ki, bu barədə də düşünməyə və dəyişiklik etməyə dəyər”.