Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 17:14:00
Cəlilabadın ucqar dağ kəndində dərs deyən bir gəncin hekayəsi - Fədakar müəllimlə MÜSAHİBƏ  

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var. 

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimayətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim Cəlilabad rayonunun ucqar kəndində yerləşən məktəbdə dərs deyir. Müsahibimiz Cəlilabadın ucqar kəndinə özünün yaşadığı rayondan - Biləsuvardan gedib-gəlir.

 

AzEdu.az-ın "Fədakar müəllim" rubrikasının növbəti qonağı 26 yaşlı Əli İsmiyevdir. 

 

 - Əli müəllim, sizi oxucularımıza necə təqdim edək?

 

- Mən - İsmiyev Əli Xanəhməd oğlu Biləsuvar rayonu Nərimankənd kəndində anadan olmuşam. 26 yaşım var. Ailədə 6 nəfərik: atam, anam, mən və 3 bacım. Bacılarım məndən böyükdür və evlidirlər. Biləsuvarda atam, anam və mən yaşayırıq. Anam evdar qadındır, atam isə təsərrüfat işləri ilə məşğuldur.

Bizim kəndimizdə 2 məktəb var: 9 illik və 11 illik. İlk orta təhsilimi 9 illik məktəbdə almışam, daha sonra 11 illik məktəbdə tamamlamışam.

2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə qəbul olunmuşam. Ali təhsilimi başa vuran kimi - 2018-ci ildə hərbi xidmətə yollandım. Bir il Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində qulluq etdim.

2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinə hazırlaşmağa başladım və 2021-ci ildə imtahan verərək Cəliləbadın ucqar dağ kəndinə - Moranlıya müəllim kimi təyinat aldım. Artıq 2 ildir ki, Moranlı kənd məktəbində riyaziyyat fənnini tədris edirəm. Hazırda IX, X və XI siniflərə dərs deyirəm.

 

Açıklama yok.

 

- Müəllim olmağa necə qərar verdiniz?

 

 - Uşaq vaxtı hər kəsin bir peşə xəyalı olur. Mən özümü tanıyandan müəllim olmaq istəmişəm, hələ də müəllim peşəsinə olan sevgim günü-günündən artır. Əsgərlikdə olanda səhv etmirəmsə, ya Qəbələyə getmişdik, ya da Qusara. Maşınla meşəliyin içindən keçərək bir dağa qalxırdıq, yollar da çox bərbad vəziyyətdə idi, bir yandan da yağış yağır, sel-su axırdı. Ən sonda dedilər ki, daha maşınla davam etmək olmaz, əsgərlər düşüb piyada getməlidir. Maşından düşəndə buludlarla eyni yüksəklikdə olduğumuzu gördüm, əsgərlərdən bir çoxu yüksək təzyiqdən özünü pis hiss etdi:  kiminin başı fırlandı, kiminin qulağı batdı, kiminin də burnu qanadı.

Bizim orada ətrafı müşahidə etməyə bir az vaxtımız oldu. Gəzəndə bir yer diqqətimi çəkdi. Kənarda uçmuş, bərbad vəziyyətdə olan köhnə bir tikili vardı. Düşündüm ki, yəqin ev olub, hazırda istifadə olunmur. Ucqar dağ kəndlərində yaşayış da, adam da az olur. Orada bir neçə şəxs gördüm, onlardan soruşanda mənə dedilər ki, həmin yer məktəbdir.

O vaxt heç bu haqda düşünməmişdim ki, belə yerdə dərs keçərəm, ya yox. Ancaq zaman keçdi və mən gəldim şəklini görmədiyim, yerini bilmədiyim, haqqında heç bir məlumatım olmadığı bir məktəbdə müəllim oldum.

Qeydiyyat üçün atamla Cəlilabada gələndə əsgərlik vaxtı gördüyüm məktəb gözümdə canlandı. Necə şüuraltıma təsir edib, arzulamışamsa, gəlib o məktəbi tapdım. Mən həmişə dua edirdim ki, həyatda müəllimlik edə bilməyim üçün şərait yaransın, geri qalan heç bir şey mənim üçün vacib deyildi.

Hazırda məktəbimiz çox bərbad vəziyyətdədir. Sanki bura müəllim kimi mənim sınağımdır. Amma nə olursa-olsun, mən qərarımdan dönmədim, dönməyəcəm də. Mən özümü xoşbəxt hiss edirəm ki, arzuladığım peşəni yerinə yetirirəm. Müəllimlik artıq mənim bütün həyat təzimə çevrilib, ətrafımdakı dostlarımla, qohumlarımla, tanışlarımla da müəllim kimi rəftar edirəm. Bu peşə üçün yarandığımı düşünürəm, başqa bir ixtisasda özümü təsəvvür belə edə bilmirəm.

 

Açıklama yok.

 

- Dediniz ki, məktəbin vəziyyəti çox bərbaddır. Bəs belə bir məktəbdə fəaliyyət göstərməyin fərqliliyi nələrdir?

 

- Burada bir çox müəllim işlədiyi yerdən utanır, köhnə, sökük yer olduğuna görə sosial şəbəkədə paylaşım etmir. Amma mən heç vaxt belə düşünməmişəm, əksinə qürurla, fəxrlə, çəkinmədən, sıxılmadan hər zaman məktəbimi də, uşaqların da şəklini paylaşmışam. Bəzən aşağı sinif şagirdlərim soruşur ki, nə vaxta qədər burada qalacam, gedəcəmmi... Mən isə hər dəfə onlara deyirəm ki, “narahat olmayın, mən sizi tərk etməyəcəm, siz 11-ci sinifi bitirib məzun olub ali məktəblərə qəbul olunana qədər burada olacam”.

Mən o uşaqları burada buraxıb şəhərdə daha yaxşı şəraitli və ya evimə yaxın məktəblərə gedə bilmərəm. Nazım Hikmetin bir sözü var, hər dəfə onu şagirdlərimə də misal çəkirəm. Deyir ki, “Sen yanmasan, ben yanmasam, nasıl çıkar bu karanlıklar aydınlığa?”.
Mən özümü fəda etməsəm, sən özünü fəda etməsən, bu kənd yerlərində, ucqar bölgələrdə yaşayan bacarıqlı uşaqlarımızın aqibəti necə olar? Qabiliyyət, bacarıq sadəcə şəhər mərkəzlərində deyil, bu uşaqları da axtarıb tapmaq, üzə çıxarmaq lazımdır.

 

Açıklama yok.

 

- Bəs ucqar kənddə fəaliyyət göstərməyin çətinlikləri barədə nə deyə bilərsiniz?

 

- Hər işdə olduğu kimi, bu işin də gözəllikləri ilə yanaşı, özünəuyğun çətinlikləri də var. Düzdür, ilk gələndə anam da mənimlə birlikdə idi, il yarım burada qaldı, indi bəzi səbəblərdən gedib, uzun müddətdir tək yaşayıram. Sağ olsun, mənə hər zaman çox kömək olub. Mənim həyatdakı ilk müəllimim anam olub, mən də onun yolundan getməyə çalışıram.

Çətinliklərə gələndə isə məsələn, hazırda məktəbdən gəlmişəm sizinlə danışa-danışa özümə yemək bişirirəm. Burada qaz yoxdur, mən buraya gələndə internet də yox idi, il yarımdır çəkilib. Qarda, boranda, işıq və qaz olmayanda, sular donanda, bəzən soyuq çay içəndə - bütün əziyyəti ilə işini sevmək müləqdir. Çox vaxt görürük ki, ucqar yerlərdə qadınlar işləyir. Amma gənc kişi müəllimlərin belə ucqar yerlərə gəldiyinin şahidi olmamışam. Bəzən hardasa qadın müəllimlər bacarır deyə, ev işlərini görməkləri heç kimə yad gəlmir, amma kişi müəllim olanda hər kəsə maraqlıdır ki, görəsən paltarını necə yuyur, necə ütüləyir və s.

İnsan istəyəndə hər şey edə bilər.  Müəllim məktəbə nümunəvi geyimdə getməlidir, çünki uşaqların gözündə olan savadlı müəllim imicini qorumaq lazımdır. Kostyumu, qalstuku, ayaqqabısından tutmuş ətrinə qədər...

Ucqar yerlərə gedən gənc müəllimlər nəzərə almalıdır ki, burada yaşayış şəraiti təmamilə fərqlidir. Əgər müəllimlik eşqi ilə yanıb-tutuşmursansa, belə şəraitdə işləmək çətin olacaq. Belə yerlərə gəlib bəzi müəllimlər öz peşələrinə nifrət edirlər, işləmək istəmirlər. Həmin gənc müəllimlərimizə tövsiyəm odur ki, uşaqların ümidlərini puç etməsinlər, hissləri ilə oynamasınlar. Bura ilk gəldiyim gün bir neçə yuxarı sinif şagirdi mənə yaxınlaşdı, soruşdular ki, “siz müəllimsiniz?”. Onlar ali məktəbə hazırlaşmaq istəyirdilər, amma müəllim yox idi. Mənə dedilər ki, “biz sizi aylardır gözləyirik”.
İndi siz deyin, mən bu uşaqları necə atıb gedim?

 

- Bəs bu qədər çətinliklər arasında işləməyin gözəl tərəfləri hansılardır?

 

- Mən bura gələndə uşaqların çoxu uzun müddətdir Şaxta baba, Qar qız, tədbirlər görmürdülər. İlk maaşıma 200 şar almışdım. O vaxt Şaxta baba, Qar qız kostyumları alıb tədbirlər keçirirdim. Bu yaxınlarda da yenə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktbədə tədbirimiz var idi, 500 şar, bayraqlar və s. aldım. Bacardığım qədər uşaqlar üçün nələrsə etməyə çalışıram. Bəzən şagirdlərim gəlirlər qaldığım evə - çay içirik, söhbət edirik, film izləyirik. Uşaqların mənə olan sevgisi, onlara nələrsə öyrədə bilməyim, onların gələcəkdə savadlı bir şəxsiyyət kimi formalaşdırmaqda əməyimin olması mənə görə bu qədər çətinlik arasında işimin ən gözəl tərəfidir.

 

Açıklama yok.

 

- Evinizə - Biləsuvara ayda neçə dəfə gedib-gəlirsiniz?

 

- Həftənin 5 günü dərsim var, buna görə də Biləsuvara ayda bir-iki dəfə ancaq həftəsonları gedə bilirəm, şənbə gedib, bazar günü də qayıdıram. Gedib-gəlmək, qarlı havalarda yollar buz bağlayanda daha çətin olur. Bəzən düşünürlər ki, Biləsuvardan Cəlilabada yol yaxındır, gedib-gəlmək rahat olar, amma heç də elə deyil. Yol xərcinə də çox pulum çıxır. Buradan minirəm taksiyə Cəlilabad rayonunun mərkəzinə gedirəm, oradan yenə taksi ilə Biləsuvar rayonuna, rayondan da avtobus ilə gedib taksi dayanacağında düşürəm, oradan da ya bir maşın, ya da avtobus tapıb öz kəndimə gedib çatıram. Demək olar ki, səhər tezdən buradan çıxanda günortaya ancaq gedib evə çatıram.

 

 - Cəlilabada köçməyi düşünmüsünüz?

 

 - Cəlilabada köçmək fikrim bəzən gedib-gəlir. Hazırda sevgi hissini ən pik nöqtədə yaşayıram. Öz yaşadığım yerdə də hər kəs məni çox sevir, burada da deyirlər ki, getmə qal! Anam çox da qarışmır, amma deyəndə ki, Cəlilabada köçmək, orada yaşamaq istəyirəm, atam əsəbiləşir. Belə seçim arasında qalmışan, ona görə də hələ ki bir qərara gələ bilməmişəm.

 

Açıklama yok. 

 

 - Bəs işinizə ailənizin münasibəti necədir?

 

 - Mən ailəmin yanında olanda bəzən fikirli oluram, mənə deyirlər ki, yenə ağlı məktəbin yanındadır. "Balaca şahzadə" kitabında belə bir fikir səslənir ki, “ömür boyu sorumlusun gönül bağı kurduğun insanlardan”. Uşaqlarla qurduğum könül bağı məni onlar üçün narahat olmağa vadar edir. Onların təhsil həyatı – zəif olduqları dərslər, şəxsi həyatları, gələcəkləri, onlarla qurduğum planlar, problemləri... Demək olar ki, günümün 80%-ni məktəbə, uşaqlara həsr edirəm. Bu şeylər ailəmi narahat edir, amma onlar da bilir ki, mən işimi necə sevirəm və bu peşəni necə xoşbəxtliklə yerinə yetirirəm.

 

- Orada dərs dediyiniz müddət ərzində heç ekstremal vəziyyətə düşmüsünüz?

 

- Bir gün mənim barmağım qaldı qapının arasında, əti qopdu düşdü yerə. İnsan düşünəndə belə tükləri biz-biz olur. Orada da nə xəstəxana var, nə təcili yardım maşını, nə marşrut xətti, nə də dərman ala biləcəyin bir yer. Xəstəxana ancaq rayonun özündədir, ora gedib çatana qədər adam elə qanitirmədən ölər. Ev sahibləri sağ olsunlar, məni bir tibb məntəqəsinə apardılar, iki otaqdan ibarət baxımsız yer idi. Dərman olmadığından barmağımın qopan ətini elə keyləşdirmədən yerinə tikdilər. O ağrını düşündükcə, hələ də iliklərimdə hiss edirəm, yəqin ki, həyatım boyunca da unutmayacam.

Anam yanımda qalanda bəzən ona dərman lazım olurdu, qışda qarlı havalarda elə 30-40 manat taksiyə verirdim, sürüşə-sürüşə gedib rayonun mərkəzinə çatırdıq, birtəhər dərman tapıb qayıdırdım.

 

- Heç yola görə dərsə gedə bilmədiyiniz olur?

 

 - Bizim tərəfdə bir quru yol var, amma məktəb tərəfə çatanda orada çoxlu su quyuları olduğundan hər yer palçıq olur. O yerdən palçığa batmamış, təmiz şəkildə keçib getmək mümkünsüzdür. Bura çox küləkli yerdir, indi may ayıdır, yenə də külək dayanmır. Bütün bunlara baxmayaraq, sağlıq problemləri istisna olmaqla, dərsə getmədiyim vaxt olmayıb. Dizdən qar da olsa, göydən buz da tökülsə, heç kim dərsə gəlməsə belə, mən gedib məktəbdə şagirdlərimi gözləmişəm.

 

Açıklama yok.

 

- Kəndə qaldığını evi necə tapmısınız, həmin yeri sizə kim təmin edib?

 

- Mənə bu evi kəndin əhalisi təşkil edib. Biləndə ki, kəndə bir müəllim gəlir, çox seviniblər. Məni də canla-başla qəbul etdilər, hər zaman kömək olurlar.

 

- Aldığınız məvacib sizi qane edir?

 

- Mən bura 5 dərs saatı yükü ilə gəlmişəm, 1 ilə yaxın 114 manat maaşla işləmişəm, əlavə də heç bir gəlirim yox idi. Hazırda isə burada işlədiyim üçün maaşıma həvəsləndirici məbləğ – 190 manat da əlavə olunur. Belə məktəbdən qazandığım əməkhaqqı ilə birlikdə 500 manat civarına gəlib çıxır. 

 

Açıklama yok.

 

- Artıq 26 yaşınız var, bəs evlənməyi düşünürsünüz? Ailə həyatı qursanız, yenə də orada qalmağı planlaşdırırsınız?

 

- Əslində bu mövzuya bir az həssas yanaşıram. Çünki buradakı uşaqları qoyub harasa gedə bilmərəm. Bu səbəbdən ailə quracağım xanım gərək mənimlə eyni düşüncədə olsun, o da gəlib burada yaşaya bilsin. Təbii ki, qərarlar ortaq alınmalıdır, amma, hazırda mən buranı tərk edə bilmirəm. Yenə də gələcəkdə nə olacağını bilmirik, bunun qarantiyası yoxdur. Bəlkə də elə bir hadisə baş verə bilər ki, mən getmək məcburiyyətində qalaram. Amma mən özümdən sonra burada qalacaq müəllimlər yetişdirmədiyim müddətcə getmək fikrim yoxdur.
Tural adlı bir şagirdim ali məktəbin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunub. Yenə hazırlaşdırdığım iki şagird var, balları da yaxşıdır, müəllim olacaqlarına inanıram. Nə vaxt ki, bu kənddə müəllimlər yetişər, savadlı insanların sayı artar, o zaman bu məktəbi rahatlıqla təhvil verə bilərəm.