Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 11:00:00
Uğur qazanmış məktəbin direktoru: “Valideynlər yalnız repetitorlara bel bağlamasınlar!”

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilmiş buraxılış imtahanlarında ən yüksək nəticəyə Bakı şəhəri Xətai rayonundakı 17 nömrəli məktəbin şagirdi Fərzullayeva Aysu Adil qızı imza atıb. O, 296,1 bal toplamaqla respublika üzrə birinci olub. 

 

Aysu Fərzullayevanın qazandığı uğur onun təhsil aldığı 17 nömrəli məktəbdə hər kəsi sevindirib. Məktəbin direktoru Nazilə Əliyeva da bu nailiyyətlə bağlı fikirlərini AzEdu.az saytı ilə bölüşüb.

 

Direktor deyib ki, Aysu Fərzullayeva məktəbin ən yaxşı oxuyan şagirdlərindəndir:

 

“Bu cür xəbərləri görəndə bir çox valideyn fikirləşir ki, yəqin həmin şagird məktəbə getməyib, imtahana evdə repetitorla hazırlaşıb. Amma belə deyil. Aysu bizim yaxşı oxuyan şagirdlərimizdən biridir. O heç vaxt dərslərindən qalmır, imtahanlara da məktəbimizdə sinif müəllimlərindən aldığı dərslər hesabına hazırlaşıb. Aysunun sinif rəhbəri Leyla xanım da çox savadlı müəllimdir”.

 

N.Əliyeva valideynlərə uşaqlarını məktəbə göndərməsi üçün çağırış edib. O vurğulayıb ki, valideynlər uşaqlarını məktəbə göndərməyib sadəcə repetitorla hazırlaşaraq yüksək nəticə əldə edəcəklərini düşünməsinlər: 

 

“Mən özüm də illər boyu repetitorluqla məşğul olmuşam, öz təcrübələrimə əsasən deyirəm ki, məktəbə gələn uşaqlar imtahanda daha yaxşı nəticə göstərir. Çünki həmin uşaqlar anlayır ki, məktəb nə üçündür, buna görə də daha məsuliyyətli olurlar. Biz bacardığımız qədər sinfin şəraitini, ab-havasını elə yaradırıq ki, uşaqlar məktəbi sevsinlər. Eyni zamanda, valideynlər də uşaqlarını məktəbə göndərmə fikrinə daha çox üstünlük verib bizə kömək etsələr, şagirdlərin nəticələrinin daha yaxşı olacağına əminəm”.