Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 16:23:00
İmtahanlar iki mərhələli yox, iki cəhdli olmalıdır - DİM sədrinə REAKSİYA

Dövlət İmtahan Mərkəznin (DİM) sədri Məleykə Abbaszadə deyib ki, şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün gələcəkdə buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, buraxılış imtahanlarının iki mərhələdə keçirilməsi şagirdlərə əziyyətdən başqa bir şey deyil:

 

“Bir məsələni xüsusən qeyd edim ki, biz 2018-2019-2020-ci illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən IX siniflər üçün buraxılış imtahanının iki mərhələdə keçirilməsini müşahidə etmişik. Amma bu metod özünü doğrultmadı, çünki həm müəllimləri, həm də şagirdləri əziyyətə salırdılar.

 

Həmçinin, burada imtahanların hər mərhələsində bal faktoru da özünü göstərir. Belə ki, əvvəlki modeldə IX siniflər I mərhələdə açıq və situasiya tipli suallara cavab verirdilər, orada sadəcə 30 bal toplaya bilirdilər. II mərhələdə isə ancaq qapalı tipli suallara cavab verır, 70 balı toplayırdılar. Bu bir az imtahan məzmununu, strukturunu aşağı salırdı. Yəni hər mərhələdə eyni fəndən fərqli tapşırıqların tərtib edilməsi doğru yanaşma tərzi deyil. İmtahan bir dəfə olmalıdır və burada imtahan iştirakçılarının bilik və bacarıqları, eyni zamanda, dövlətin məzmun standartları yoxlanıb ölçülməlidir. Nəzərə alsaq ki, XI sinif şagirdləri hələ qəbul imtahanı da verəcək, onda deyə bilərik ki, bu qədər imtahan onlara mənfi təsir edir. Buna görə də imtahan iştirakçılarına əlavə yük yaratmaq lazım deyil”.

 

Açıklama yok.

 

Ekspert imtahanın iki mərhələdə keçirilməsindənsə, iştirakçılara 2 cəhd şansının verilməsini daha məqsədəuyğun sayır:

 

“Bəli, bizim imtahan iştirakçıları açıq və situasiya tipli suallara daha çox vaxt itirirlər, amma məncə, artıq vaxta da ehtiyacımız yoxdur. Tapşırıqları sadəcə qapalı və açıq etsək, situasiya tipli olanları çıxarsaq, şagirdlər 3 saat ərzində sualları rahat cavablandıra bilərlər. Mən hesab edirəm ki, imtahanın iki mərhələdə keçirilməsinə ehtiyac yoxdur, amma 2 dəfə keçirmək daha yaxşı və effektiv olar.  

 

Qeyd edim ki, artıq 4 ildən çoxdur orta ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları aprel ayında keçirilir. Etiraf edək ki, tədris ilinin ortasında buraxılışı imtahanının keçirilməsi müəyyən qədər həm nəticələrə, həm də şagirdlərin hazırlığına, eyni zamanda, dərsə dəvamiyyətə mənfi təsirini göstərir.


Dünya təcrübəsinə baxsaq, beynəlxalq imtahanlar il ərzində bir neçə dəfə keçirilir və hər kəs öz nəticəsini yaxşılaşdırma üçün növbəti şanslarda da iştirak edir. Nəzərə alsaq ki, imtahanlar mart ayında keçirilir və bu vaxta qədər heç də bütün şagirdlər proqramı bitirə bilmirlər, onda qeyd edə bilərik ki, onlar psixoloji olaraq da imtahana hazır olmurlar. Düşünürəm ki, orta məktəbi bitirən abituriyentlərə imtahanda bir neçə əlavə şans verilməlidir. Bu həm nəticələrin yaxşılaşmasına gətirib çıxaracaq, həm də üzrlü-üzrsüz səbəbdən imtahanda iştirak edə bilməyənlər üçün bir neçə cəhd demək olacaq. 

Hesab edirəm ki, biz imtahanların məzmununda da müəyyən qədər dəyişiklik etməliyik. Buraxılış imtahanını bu qədər çətin və ağır tərtib etməyə ehtiyac yoxdur. Daha sadə olmalıdır, çünki buraxılış imtahanı verən şagirdlərin heç də hamısı ali məktəblərə getmirlər, bəziləri təhsillərini kolleclərdə, ya da xaricdə davam etdirmək istəyirlər. Həm məzmunda sadələşdirilmə aparılmalı, həm də bir neçə dəfə cəhd şansı yaradılmalıdır. Bunlar isə ümumi məsələnin müsbət istiqamətdə nəticələnməsinə gətirib çıxara bilər”.