Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 12:49:00
“Fədakar müəllim” - “Arzum ən ucqar kəndlərdən birində dərs deməkdir” - MÜSAHİBƏ

AzEdu.az saytı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə gedən müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz Ülkər İsaqova kənd məktəbində müəllim işləyir.

AzEdu.az saytının "Fədakar müəllim" rubrikasının növbəti müsahibəsini təqdim edirik.
Ülkər müəllimə ucqar kəndlərdə təhsil almağa ehtiyacı olan yüzlərlə uşaq olduğunu bildirərək, arzusunun həmin bölgələrdə işləmək olduğunu deyir. 

 

 - Sizi oxuculara necə təqdim edək?  

 
- İsaqova Ülkər Əmircan qızı. 1986-cı il sentyabrın 20-si Şabran rayonunun Dəvəçi kəndində anadan olmuşam. Ailəliyəm, 2 övladım var.

 

- Hazırda, harada fəaliyyət göstərirsiniz?

 

- Hazırda doğulduğum kənddə yerləşən tam orta məktəbdə ibtidai sinif müəlimi olaraq dərs deyirəm. Uşaqlarla işləməyi çox sevirəm, 16 il iş stajım var. Mən bu illər ərzində çox şeyə şahid olmuşam. Elə valideyn tanıyıram ki, mənə yaxınlaşıb deyir ki, “yazıb oxuya bilmirəm, övladımı sizə tapşırıram”. Mən özüm kənd məktəbində fəaliyyət göstərirəm, amma yenə də ürəyim qalır təhsil ala bilməyən uşaqlarımızın yanında.

 

- Təhsil ala bilməyən uşaqlar deyəndə kimləri nəzərdə tutursunuz?

 

- Elə ucqar kəndlər var ki, orada nə internet var, nə də kitabxana... Həmin kəndlərdə yaşayan övladlarımız göz görə-görə ziyan çəkirlər. Mənim də həmişə arzum olub ki, ucqar kəndlərdəki uşaqlarımız, xüsusən də, qızlarımız təhsilli olsunlar. 16-17 yaşlı qızlarımız var ki, təhsil almamış erkən yaşda ailə qururlar, mən buna qarşıyam. Düşünürəm ki, kəndlərdə yaşayan qızlarımız heç olmasa öz ad-soyadlarını yaza bilməlidirlər. Biz müəllim ordusu olaraq bu mövzuda əlimizdən gələni edirik. 

 

- Qeyd etdiniz ki, ən böyük arzunuz ucqar kəndlərin birində müəllim işləməkdir. Bu arzunuz haradan qaynaqlanır?

 

- Mən ucqar kəndlərin birinə 2 günlük qonaq getmişdim. Qonaq getdiyim evin qonşuluğunda bir ailə yaşayırdı. Orada bir balaca qız mənə yaxınlaşıb dedi ki, “mənə yazı yazmağı öyrədə bilərsən?”. Elə o vaxtdan düşündüm ki, o qədər həvəsli uşaqlarımız var ki, oxuya bilmirlər. 

 

- Qeyd etdiniz ki, yazı belə yaza bilməyənlər var. Şahidi olduğunuz başqa hadisələri bölüşə bilərsiniz? 

 

- Mənim yazıb-oxuya bilməyən bir tanışım var ki, neçə il ucqar kənddə yaşayıb, daha sonra ailə qurub rayon mərkəzinə gəlib. Bir gün rastlaşanda dedi ki, “müəllimə, telefon nömrəmi götürün”. Sevindim, elə bildim hər şeyi öyrənib, soruşdum ki, “artıq oxuya bilirsən?”. Dedi ki, “yox, sadəcə votsapda səs ata bilirəm”.

 

- Belə halların qarşısının alınması üçün nə edilməlidir? 

 

- Dövlətimiz təhsilmizdə yetərincə yeniliklər edib və edir. Yenə də telefon, internet, kitabxana olmayan o qədər ucqar kəndlərimiz var ki, orada yaşayan uşaqlarımızın təhsil almasına kömək etmənin yollarını tapmalıyıq. Hər dəfə məktəbimizdə valideyn iclası keçirirk və şahidi oluruq ki, valideynlərin (anaların) arasında təhsili olmayan, hətta erkən nikahla evlənənlər var. Adicə şagirdin gündəliyinə fikir yazırıq ki, evdə valideyn oxusun, amma görürürük, onu da bacarmayan var. Gələcək nəsillərimiz bu vəziyyətlə qarşılaşmasın deyə, hərəkətə keçməliyik.

Birinci növbədə, valideynlərə erkən nikaha son qoymalarını müəyyən yollarla başa salmaq lazımdır,  sonra isə qızlarımıza təhsil verilməlidir. Onlar ailə qururlar, amma hər ailə bəyəm sona qədər gedirmi? Xeyr, ya boşanma olur, ya hansısa səbəbdən (xəstəlik, qəza) ailə başcısını itirirlər. Belə olan halda qadın çox əziyyət çəkir. Övladlarını dolandırmalıdır axı. Kişilər hər işdə işləyə bilər, bəs qadınlarımız...