Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 12:18:00
Məşqçi 7 yaşlı uşağı döyməklə digərlərinə psixoloji travma yaşadıb - Psixoloq

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki 19 nömrəli məktəbin idman zalında məşqçi Mehman Xəlilovun 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirməsi və nəticədə azyaşlının ölməsi ölkədə ciddi rezonans doğurub. 

 

Aprelin 29-da baş verən hadisə geniş müzakirələrə səbəb olub. Valideynlər deyirlər ki, övladlarını sağlam olsunlar deyə, idman bölmələrinə verirlər, ancaq məşqçinin bu cür kobud davranışı inidi onları qorxudur.

Bir çoxları deyirlər ki, 7 yaşlı uşaqları bu cür ağır idman növünə qoymaq düzgün deyil.

Valideynlər övladlarını neçə yaşdan idmana göndərməlidir? Bu cür hadisələr digər uşaqların psixologiyasına necə təsir edir? 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin uşaqlarda bədən enerjisinin normaya salınması üçün idmanın önəmli olduğunu bildirib: 

 

"Ağır məşqlərə uşaqları 50 dəqiqə yönləndirmək ümumilikdə düzgün hesab edilmir. Buna baxmayaraq, bəzi hiperaktiv uşaqlar var ki, onları üzgüçülüyə və digər idman növlərinə yönləndirə bilirik. Çünki onlar öz enerjisini atmalı, enerji balansını qorumalıdırlar. Uşaqların bədən enerjilərinin ötürülməsi, normaya salınması üçün idman növləri önəmlidir. Lakin belə bir nüans var: idman müəllimi olmayanların "idmançıyam" deyib, dərs keçməsi düzgün hesab edilə bilməz. Onların psixoloji sağlamlığı ölçülməlidir. Bunu daha öncə də qeyd etmişəm ki, idman müəllimləri çox vaxt aqressiv ola bilirlər. Onlar bu aqressivliyi qarşısındakı uşağa ötürməmək üçün mütləq testdən keçməlidirlər. Çünki mən psixoloq olaraq həmin videonu izlədikdə, gördüm ki, ailələrin güvənib, övladlarını əmanət etdikləri müəllimlər sonda onların etibarını puça çıxara bilirmiş. Hətta öz ailəmdə də idman növlərinə yönləndirdiyim uşaqların tək-tək müəllimləri ilə görüşdüm. Psixoloq olmağıma baxmayaraq, bu videolar məndə belə qorxu, narahatlıq yaratdı. Düşünürəm ki, bir çox valideyn bu situasiyadan sonra övladı üçün narahat olacaq".

 

Açıklama yok.

 

Psixoloq bildirib ki, həmin videonu sonadək izləmək çox çətindir:

 

"Diplomu olmayanların, sadəcə özü idmanla məşğul olub deyə, idman müəllimi işləməyi düzgün hesab edilə bilməz. Çünki müəllim olmaq, çox məsuliyyətli işdir. Uşaqla normal davranmaq lazımdır. Heç bir müəllimin haqqı yoxdur ki, uşağı digər dostlarının önündə döyüb, təhqir etsin. Bu kimi hallar uşağın özgüvəninə təsir edir. Bu onlarda travmaya səbəb olur. Ölən uşaq haqqında onu deyə bilərəm ki, həmin videonu sonadək izləmək çox çətindir. Buna baxmayaraq, orada, ətrafda olan uşaqlar hadisəni canlı şəkildə izləyir. Həmin uşaqlar ömür boyu unuda bilməyəcəkləri travmalara məruz qalırlar".