Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 10:15:00
“Brend tələbə”: “Universitetə daxil olduğum gündən müəllimlik edirəm” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.  

 

Saytımızda bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik.  

 

Budəfəki müsahibimiz “Xəzər” Universitetinin tələbəsi Afət Əhmədovadır. 

 

- Məktəb dönəmində müəllimlərin gözündə necə bir şagird idiniz?

 Açıklama yok.


- Düşünürəm ki, bu sualı müəllimlərimin cavablandırmağı daha uyğun olardı. Onu deyə bilərəm ki, məktəb dönəmindən aktiv şagird olmağa çalışmışam. Məqsədim hər zaman məktəbimizin adını ucaltmaq idi. Məktəb vaxtları bir çox yarışlara və müsabiqələrə qatılmışam. ”Əlaçı” televiziya verilişində məktəbimizi təmsil edən ilk şagird olmuşam, ”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəbimiz tərəfindən seçilərək Naxçıvan şəhərində olmuşam. Həmçinin, "Kenquru" Beynəlxalq Riyaziyyat olimpiadasının ilk turunda 10-cu siniflər arasında 2-ci yerin sahibi, Qaradağ rayonu üzrə isə 1-ci yerin sahibi olmuşam. Ümid edirəm ki, müəllimlərin gözündə aktiv şagird kimi xatırlanıram. Qeyd edim ki, orta təhsilimi Qaradağ rayonu 294 saylı tam orta məktəbdə almışam.

 

- Universitetə hazırlaşdığınız vaxtlarda ixtisas və ali məktəb seçimi etmişdiniz?

 

- Deyərdim ki, həyatda verə biləcəyimiz ən mühüm və ən çətin seçim oldu. Çünki bir seçimlə bütün həyatının təməlini qoyursan. Bizim bu seçimimiz doğru da ola bilər, yalnış da...
Səhv seçim etməməyimiz  üçün doğru yönləndirilməli və doğru məlumatlar əldə etməliyik. İlk ixtisas seçimindən başlasaq, fikrimcə burada ilk addım maraqdır, daha sonra isə gələcək üçün əhəmiyyətin nə qədər vacib olmasıdır.

Biologiya fənnini ilk tədris olunan gündən çox sevmişdim. Həmçinin, bu fənni çox sevməyim birbaşa müəllimimlə əlaqəli idi. Biologiya müəllimim 294-saylı tam orta məktəbdə çalışan Vəfa Babayeva idi. O zaman düşünürdüm ki, genetika mühəndisi ola bilməsəm, mütləq onun kimi savadlı və sevimli müəllim olacam.

Təhsilimi Azərbaycanda davam etdirməli olduğuma görə genetika sahəsini seçə bilmədim. Universitet seçimim isə çox maraqlı olmuşdu. Bu seçimi ixtisas.az platformasının köməyi ilə etmişdim. Həmin platforma vasitəsi ilə seçimi birbaşa olaraq biologiya müəllimi işləyən, bu gün təhsil sahəsində yetərincə tanınan Qoşqar Məhərrəmovun köməyi ilə etdim. Özüm də universitetlər barədə axtarışlar etmişəm. Nəticə etibarı ilə ixtisasca kimya-biologiya müəllimliyini, təhsil alacağım yer kimi isə Xəzər Universitetini seçdim. Xəzər Universiteti barədə qısa deyəsi olsam, sadəcə bir cümləylə ifadə edərdim: üç il əvvələ qayıtsam, yenidən "Xəzər"i seçərdim.

 

- Dərslərə yaxşı hazırlaşmağın çətin gəldiyi dönəmlər olub?

- Bəzən universitet dərsləriylə əlavə fəaliyyətləri bir arada aparmaq çətinlik yaradır. Lakin həmişə özümə deyirəm əziyyətsiz heç nə olmur. Əgər qoyduğunuz məqsəd ciddidirsə, hər zaman çətinliyə dözməyə dəyər.

 Açıklama yok.

 

- Universitetə hazırlıq vaxtlarında yadda qalan hansısa xatirəniz varmı?

- Hazırlıq dönəmi barəsində onu deyə bilərəm ki, ən xoşbəxt olduğum günlər idi. Olduqca maraqlı,  həmçinin bir o qədər də məsuliyyətli dönəm idi. Lakin xüsusi danışacağım xatirə yoxdur.

 

- Universitetdə başqa hansı fəaliyyətləriniz var? 
 

- İlk  tədris aldığım il pandemiya vaxtı ilə üst-üstə düşdüyünə görə, aktiv fəaliyyət göstərə bilməmişdim. Sadəcə dərslərimə fokuslanaraq ortalamamı yüksək tutmaya çalışırdım. İkinci kursdan etibarən universitet fəaliyyətlərində aktiv olmuşam. Universitetimizin “Karyera və İnkişaf” ofisində təcrübəçi kimi fəaliyyətə başlamışam. Təcrübə müddətində bir çox yeni məlumatlar əldə etdim. Həmçinin, universitet kollektivi ilə daha yaxından tanışmaq fürsətim oldu. Bir çox tədbirlərin, seminarların və universitetimizdə keçirilən beynəlxaq konfransların təşkilatçılığında iştirak etmişəm. Xəzər Universitetinin təşkilatçılığı və “Erasmus+PİCASP” layihəsi çərçivəsində Şəki şəhərinə səfər edərək, ən yaxşı bələdçi nominasiyası üzrə 1-ci yerin sahibi olub pul mükafatı və sertifikatla mükafatlaşdırılmışam. Dərsdənkənar fəaliyyətlərə görə Xəzər Universitetinin rektoru İradə Xəlilova tərəfindən sertifikatla mükafatlandırılmışam. Bundan sonra da universitetin fəaliyyətlərində aktiv olmağa çalışacam.

 Açıklama yok.


- Hansısa səhədə fəaliyyətinizə görə gəlir əldə edirsiz, yaxud bu vaxta qədər etmisiz?
 

- Universitetə daxil olduğum ilk ildən bəri biologiya müəllimi olaraq fəaliyyət göstərirəm. İlk qazancım həmin vaxtlardan olub. Hazırda bu sahə üzrə davam edirəm. Həmçinin, qoşulduğum 2 aylıq təcrübə proqramından da gəlir əldə etmişəm. 

 

- Bəs necə oldu ki, təhsilinizi bitirməmiş işləməyə başladınız?

 

- Şagirdləri bir müəlim kimi evdə hazırlaşdırmağa başladım. Bundan əlavə, müəllimlər və tələbələrlə müxtəlif onlayn seminarlar edirdim. Facebook-da “Biology Science Ahmadova” adlı qrup yaratmışdım. Burada müxtəlif faydalı paylaşımlar etməyə çalışırdım. Həmçinin, 2 ay Bakı İstanbul Liseyində müəllim kimi təcrübədə olmuşam.

 

- Dillərə marağınız var, neçə dil bilirsiz?

 

- Ən çox sevdiyim dil alman dildir. Alman dilini sevməyimin səbəbi həmin ölkəni çox sevməyimdir. Lakin hazırda təhsilim üçün türk və ingilis dilinin üzərində çalışıram.

 

- Heç xaricdə oxumaq barədə düşünmüsünüz?

 

- Bəli, düşünürəm ki, xaricdə təhsil almaq ilk növbədə fərqli təcrübədir. Yeni həyat fərqli insanlar və fərqli adət-ənənələr mənim üçün çox maraqlıdır. Bütün bunları yaşamağa və öyrənməyə dəyər. Bakalavr təhsilimi bitirdikdən sonra magistatura təhsilimi xarici ölkələrdən birində davam etdirmək istərdim.

 

- Bəs təhsilinizi bitirdikdən sonra gələcəklə bağlı nə kimi planınız var?

 
- Gələcəkdə öz sevdiyim ixtisas olan biologiya müəllimi kimi ən yaxşı özəl məktəblərin birində işləmək istəyirəm.

 

- Şəxsi inkişaf üçün hansı üsullardan istifadə etdiyinizi deyə bilərsiniz?

 

- Düşünürəm ki, şəxsi inkişaf üçün ilk olaraq yeniliklərə açıq olmalısan və düzgün ətraf seçməlisən. Düzgün ətrafın olması çox vacibdir. Çalışıram ki, ətrafımdakı insanlar da hər zaman öz üzərlərində işləsin.