Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 13:25:00
Qızıl və gümüş medallar bu hallarda əlaçılara verilə bilməz – Əyarlı məktəb mübahisəsi

Orta təhsil müəssisəsini yüksək qiymətlərlə bitirənlər qızıl və ya gümüş  medalla təltif olunurlar. Amma nəzərə alsaq ki, hər il eyni məktəbi əla qiymətlərlə bitirən xeyli məzun olur, bu medalla kimlərin və nəyə əsasən təltif edilməsi hər kəsdə sual yaradır. Medal üçün namizədliyi təqdim olunanlar arasında seçim hansı  kriteriyalarla aparılır?

AzEdu.az bildirir ki, Təhsil Nazirliyinin təqdim etdiyi qaydalara əsasən, qızıl və gümüş medalçılar müəyyən şərtləri ödəməlidirlər.

Bu şərtlər nədən ibarətdir?

Öncə  qızıl və gümüş medalla təltif olunmaq üçün şagirdlərin namizədliyi təqdim edilir. Onlar isə təbii ki, oxuduğu müddətdə xüsusi təhsil nəticələri və nümunəvi davranışı ilə fərqlənən məzunlar olmalıdırlar.

Respublika fənn olimpiadalarının yekun mərhələsində, eləcə də, rayon, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, layihələrdə mükafata layiq görülməsi də məzunun təltifi zamanı nəzərə alınır.

Namizədlik üçün təqdim olunan şagirdləri kim müəyyənləşdirir?

Qızıl və ya gümüş medalla təltif üçün hansı şagirdin namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və qərar verilir.

Qızıl və ya gümüş medalla təltif üçün kimlərin namizədliyi təqdim oluna bilər?

Təltif üçün namizədliyi verilənlər bu şərtləri ödəməlidirlər:

-Ümumi orta təhsil səviyyəsini 75 % “əla” qiymətlərlə bitirməli,

-Orta məktəbdə oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 %-i “əla” olmalı,

-Bütün fənlərdən illik qiymətləri “əla” olmalıdır.

Namizədliyi verilən şəxslərdən attestatdakı yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.

Qeyd edək ki, təltif üçün namizədlik verilən məzunların siyahısı və bu barədə pedaqoji şuranın qərarı hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. Medal təntənəli şəraitdə təqdim edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları