Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 11:32:57
“Məktəb liderliyi” proqramı çərçivəsində dərs keçirilib

"Məktəb liderliyi” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə “Məktəb inkişafı və liderlik” mövzusunda ustad dərsi keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Türkiyənin Başkənd Universitetinin Təhsil İnstitutunun direktoru, professor  Sərvət Özdəmir, ADPU-nun prorektoru Könül Pirverdiyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva ADPU-nun Strateji inkişaf mərkəzinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Məktəb liderliyi” proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, proqramın məqsəd məktəblərin fəaliyyətində səmərəliliyi yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasıdır. Məktəblərdə müasir təfəkkürlü, səriştəli idarəçilərin və müəllimlərin yetişdirilməsinin qarşıya qoyulan əsas hədəflərindən biri olduğunu söyləyən İdarə müdiri belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. M.Vəliyeva tanınmış təhsil tədqiqatçısı Sərvət Özdəmirin təhsil idarəetməsi, planlaşdırılması, təhsilə fəlsəfi baxış nöqteyi-nəzərindən fikirlərinin gənc liderlər üçün gözəl nümunə olacağına əminliyini ifadə edib.

 

Türkiyənin Başkənd Universitetinin Təhsil İnstitutunun direktoru, professor Sərvət Özdəmir liderliyi məktəbin inkişafının davamlı olmasında ən vacib amil adlandırıb. S.Özdəmir ustad dərsi barədə məlumat verərək bildirib ki, əsas məqsəd təhsil idarəedicilərinin liderlik xüsusiyyətləri barədə bilik və bacarıqlarını artırmaq, onlara bu keyfiyyətləri məktəbin inkişafı kontekstində səmərəli formada istifadə etmələrinə yardım göstərməkdir.

 

“Məktəb inkişafı və liderlik” mövzusunda nümunələr əsasında ustad dərsi təqdim edən S.Özdəmir müasir məktəb modeli, idarəetmə məsuliyyəti, qərarvermə bacarığı, korporativ ünsiyyət, məktəbin qarşısında duran hədəflər, təhsil idarəçilərinin bilməli və tətbiq etməli olduqları üsullar, uğurlu təhsil liderlərinin izlədikləri yol, onların əsas təsiretmə vasitələri  və digər mövzular barədə danışıb.

 

Sonda qonaq iştirakçıları maraqlandıran suallara cavab verib, qarşlıqlı fikir mubadiləsi aparılıb.