Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 15:16:00
25 dil bilən Emin Qulu: “Çox dil öyrənəndən sonra beynim başqa cür işləyir” - MÜSAHİBƏ

25-ə yaxın xarici dil bilir, 700-dən çox roman yazıb, “20 günə 1 dil” layihəsinin sahibidir, dünyadakı bütün dillərin universal qrammatikasını yaradıb, təqribən 300 rəsm əsərinin müəllifidir, rejissor, ssenarist, dilçi, vokalist, musiqiçi, rəssamdır...

 

Haqqında bəhs etdiyimiz şəxs Emin Qulu AzEdu.az saytının "Maraqlı adam" layihəsinin müsahibi olub.

 

Emin bəy bildirib ki, bəzən beyninin çox işləməsindən yorulur və bu, insanları ondan uzaqlaşdırır.

 

- Öncə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

 - Emin Mirzə oğlu Quliyev 1977-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Xətai rayonundakı 56 nömrəli məktəbdə almışam. Sonra isə Azərbaycan Dövlət İqtsad Universitetinə daxil olmuşam. 2000-ci ildə ali təhsilimi başa vuraraq hərbi xidmətə yollanmışam. Əsgərlikdən qayıdandan bu günədək dil öyrənməyin sirlərini araşdıraraq 25 dil öyrənmişəm. Hazırda onların təlimi ilə məşğulam. 12 peşə sahibiyəm, bunlardan bəzilərini misal çəkə bilərəm. Məsələn, film rejissoru, ssenarist, dilçi, musiqiçi, vokalist və rəssam. Rəssam kimi 300-ə yaxın çəkdiyim əsər var.

Hazırda “20 gündə istədiyin dil” layihəsinin sahibiyəm. 2 kitabım işıq üzü görüb: “20 gündə ingiliscə” və “20 gündə rusca”. İlin sonuna kimi bu layihə çərçivəsində daha 8 dil üzrə kitabın nəşr olunmasını planlaşdırırıq.

 

Açıklama yok. 

 

- Təhsil həyatınız haqqında danışa bilərsiniz?

 

- Orta məktəbi fərqlənmə ilə bitirmişəm, təltifnamələrim olub. İqtisad Universitetinin geyim üzrə rəssam ixtisasında təhsil almışam. O vaxtdan elə rəssamlığa da, dil öyrənməyə də marağım olub. O dövrlərdə çoxlu romanlar yazmağa başladım və hazırda 700-ə yaxın ingilis dilində, 10 dənə də Azərbaycan dilində romanım var, əsasən dedektiv və qorxu janrlarında və belletristika tərzində yazıram.

 

 - 25 dil bildiyiniz doğrudur?

 

 - Bəli, ancaq sadəcə 25 deyil. 5 cild və hər biri 800 səhifədən ibarət, hər cildin 25 dili əhatə etdiyi “Poliqlotun əl kitabı”nı yazıram. Orta hesabla, 125 dili araşdırır və onların qrammatikalarını öyrənirəm, amma normal danışdığın 25 dil var. Əsas marağım Türk dillərinədir, məqsədim ortaq dil yaratmaqdır, çünki bu sahədə aparılan araşdırmaları bəyənmirəm, onların məsələyə yanaşması bir dilçi olaraq mənə düzgün gəlmir.

 

 - Hansı dilləri bilirsiniz?

 

 - Belə deyək: əsas 4 dil ailəsi var: Roman, German, Slavyan və Fin-uqor - hər birindən 8 dil öyrənirəm. Bunlardan əlavə, Çin və yapon dillərini də zəif səviyyədə bilirəm. Əlbəttə ki, bildiyim dillərin hamısı eyni səviyyədə deyil. Əslində bir dildən A2 səviyyəsindən çox məlumatınız varsa, deməli həmin dili bilmiş sayılırsınız.

 

 - Dilləri necə öyənmisiniz?

 

 - Dilləri öyrənməyim çox uzun bir prosesdir. Opera vokalı ilə məşğul olduğum üçün musiqiyə də marağım var və bu məndə italyan, alman, fransız dillərini öyrənməyə istək yaradıb. Daha sonra dilləri rahat öyrəndiyimi gördükcə, özümə xüsusi bir proqram yaratdım. O proqramın əsasında universal qrammatika axtarmağa başladım və nəhayət özümün praktik universal qrammatikamı yaratdım ki, bunun dünyada misli yoxdur. Dünyanın bütün dillərini vahid qrammatikaya gətirmişəm.

 

Açıklama yok.

 

 - Xarici dilə sizdə maraq necə və nə zaman yaranıb?

 

 - Xarici dilləri öyrənməyə marağım 16-17 yaşımda başlayıb. Amerika kinolarına, yaradıcılığa olan həvəsim, o dövrlərdə rok musiqisinə olan sevgim və həmin musiqiləri anlamaq, oxumaq istəyi dili öyrənməyə sövq etdi. 

 

 - İlk öyrəndiyiniz dil hansıdır? 

 

- İlk öyrəndiyim ingilis dili sayılır. Ondan öncə fars dilinə də marağım olub, amma sonradan o marağım təmamilə itdi.

 

 - Bu qədər dil bilməyin həyatınıza nə kimi müsbət və mənfi təsirləri var?

 

- Buna heç mənfi və müsbət tərəfdən baxmaq da olmur, ümumiyyətlə götürəndə, beynimin inkişafına kömək edib. Mənfi tərəfi insanları qıcıq etməyimdir. Çox dil öyrənəndən sonra beynim başqa cür işləməyə başladı, həddindən artıq çox sürətli düşünürəm. Hətta bu, ətrafımdakı insanları incidir, onların fikirlərini dinləmədən cavab verə bilirəm. Sürətli düşünmək cəmiyyətdə insanları məndən uzaqlaşdırır.
Müsbət tərəfi isə nəzərə alsaq ki, indiki dövr sürətli inkişaf edən internet dövrüdür, onda deyə bilərəm ki, bu qədər dil bilmək beynini inkişaf etdirir, sürətli düşünə bilmə imkanı yaradır, istədiyin dildə istədiyin materialı oxuya bilməyin üçün bütün qapıları açır.

 

- Bir müsahibənizdə “Mən təhsil anlayışına inanmıram. Gələcəkdə də o mövqedə çıxış edəcəyəm ki, təhsil boş şeydir” demisiniz. Hələ də eyni fikirdəsiniz? Elədirsə, bu fikrinizin səbəbini açıqlaya bilərsiniz?

 

- Təhsil anlayışına ona görə inanmıram ki, dünyada bir çox yüksək nailiyyətlər əldə edən insanların hamısı orta təhsillidir. Səbəb isə odur ki, təhsil insanın təbiətən və fitrətən olan qabiliyyətlərini çərçivəyə salır. “Təhsil anlayışına inanmıram” ifadəm dırnaqarası qəbul olunmalıdır çünki həyatda onsuz özün də öyrənirsənsə, bu da təhsildir. Sadəcə olaraq, mən akademik təhsili, yəni məktəb, universitet oxumağı nəzərdə tuturdum. Amma əslində, təhsilin insanın həyatında böyük rolu var, biz cəmiyyətə, sosiallığa öyrəşirik, bir-birimizi anlamağı öyrənirik. Sadəcə olaraq akademik təhsil insanın fərdi düşüncəsini çərçivəyə salır.

 

20 günə bir dili öyrətdiyinizi iddia etmişdiniz. Bu barədə yeni bir metodunuz var?

 

- 20 günə 1 dil öyrətməyim psixo-linqvistik təlimdir. Burada bir neçə metodlar yer alır, mnomenik texinka insanın qavrayış fənləri üzərinə qurulmuş bir metoddur. Əslində dünyada hər şeyi qısa müddətdə öyrənmək olar. Sadəcə olaraq, insanlar onun qaydasını bilmir. Burada beyindəki düşüncələrin alqoritmindən söhbət gedir, bu çox mürəkkəb bir sistemdir. Bunu şifahi göstərmək mümkün deyil, amma nəticəsini insanlarda əldə edə bilirəm. Hətta, belə müəllimlər hazırlamaq istədim, amma alınmadı, onlar eyni nəticəni ala bilmirdilər.

Bu metod sırf özümə aiddir və dünyada mövcud olan sürətli dil öyrətmə texnikalarından təmamilə fərqli bir şeydir.

 

Açıklama yok.

 

 - “Poliqlotun əl kitabı” işıq üzü görəcəkdi. Kitabınızın aqibəti necə oldu?

 

 - "Poliqlotun əl kitabı" çox böyük bir işdir, 800 səhifədir, elə bunun redaktəsi nə qədər vaxt alır. Kitab yəqin ki, gələn ilin əvvəlinə çıxacaq, çünki gördüyüm işləri bir cana sığdıra bilmirəm, yoruluram. Maddiyyat üçün işləməlisən, ailə saxlamalısan, buna görə gördüyüm işləri vaxtında çatdıra bilmirəm, vaxtım gedir. İşləməsəydim, ancaq kitab yazsaydım, çoxdan çıxmışdı. Bu, dünyada yeqanə kitab olacaq. Dil öyrənmək istəyən hər bir şəxsin stolüstü kitabı olacaq, bu kitabda istədikləri bütün sualların cavabını tapa biləcəklər.

 

Bu qədər dil bilirsiniz, heç xarici şirkətlərdə işləmək barəsində düşünmüsünüz?

 

 - Xeyr, çünki mən insan özünə işləməlidir prinsipi ilə yaşayan biriyəm, başqalarına işləyənlərə uğursuz biri kimi baxıram. İnsanın çəkməsi də olsa, öz işi olmalıdır.

 

 - Repetitorluqla məşğul olursunuz? Ən çox hansı dilləri öyrədirsiniz?

 

- Bəli, repetitorluq edirəm. Ən çox öyrətdiyim dil ingilis, rus və alman dilləridir, bəzən Çin, ispan və s. dillərdə də təlimlərim olur. 

 

Açıklama yok.

 

- Son olaraq, dil öyrənmək istəyənlərə tövsiyələriniz nələrdir?

 

 - Heç bir tövsiyəm yoxdur. İnsanlara tövsiyə verməklə onların həyatında yenilik edə bilməzsən. Hər bir insan öz nadanlığının açarını özü tapmalıdır, heç kim gəlib ona köməklik edə bilməz, özləri üçün yol seçməlidirlər. İnsanın komfort zonası onun üçün çox pis bir şeydir və bu komfort zonasından çıxıb nə iləsə məşğul olmaq insandan iradə və səy tələb edir. Dil öyrənmək üçün Emin Qulunun kitablarını alsalar elə böyük şeydir, çox şey öyrənəcəklər.