Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 09:26:53
Nazirlik maaşların artımından narazılıq edən müəllimlərə CAVAB VERDİ

Aprel ayının maaşı paytaxt məktəblərində çalışan müəllimlərin hesabına köçürülərkən məlum olub ki, əməkhaqlarındakı artım 10 faiz deyil, 7,5 faiz təşkil edir. Bu isə çoxminli müəllim heyətində narazılıqla qarşılanıb.

AzEdu.az saytı xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə öz narazılıqlarını ifadə edən müəllimlər maaş artımlarının niyə az hesablandığının səbəbinin onlara izah olunmadığını bildiriblər.

Sözügedən məsələ ilə bağlı AzEdu.az-ın poçtuna da adlarının çəkilməsindən ehtiyatlanan xeyli müəllim müraciət edib.

AzEdu.az məsələyə aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza aşağıdakı cavab verilib:

“Bildiririk ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 fevral tarixli 3764 və 3765 nömrəli sərəncamları olub. Sərəncamdan irəli gələn tapşırıqların icrası və artımların 2023-cü il fevralın 1-dən tətbiqi məqsədilə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları dərc edilib.

Bildiririk ki, Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin əməkhaqları mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilir.

Qeyd etdiyiniz hallarla bağlı konkret fakt təqdim etdiyiniz halda müvafiq qaydada tərəfimizdən baxıla bilər.

Əlavə olaraq bildiririk ki, təhsilverənlər Nazirliyin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” bölməsinə daxil olmaqla müvafiq məlumatları qeyd edərək hesablanmış əməkhaqqı ilə də tanış ola bilərlər”.