Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 11:22:00
Dünənki imtahan sualları daha sadə olub - Ekspert RƏYİ

Dünən - 30 aprel tarixində Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il üçün sonuncu buraxılış imtahanı keçirilib.

 

İmtahan suallarının sadə olduğunu bildirənlərlə yanaşı, bunun əksini iddia edənlər də var.

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib:

 

"9-cu siniflər üçün bu il üçün nəzərdə tutulan sonuncu buraxılış imtahanı keçirildi. Ümumilikdə aprel ayı ərzində 9-cu sinifin zonalar üzrə keçirilən imtahanlarına nəzər yetirdikdə, hər zonada sualların ağırlıq səviyəsi müxtəlifdir. Balans tam qorunmur, təqdim olunan test tapşırıqları eyni ağırlıq səviyəsində deyil. Dünənki suallar öz ağırlıq dərəcəsinə görə digərlərindən daha sadə tərtib olunması ilə fərqlənirdi. Bunu riyaziyyat fənninə nəzər yetirdikdə görə bilirik, dünənki riyaziyyat sualları digər imtahanlardakılardan sadə olub. İmtahan iştirakçıları qısa müddət ərzində onlara təqdim olunan test tapşırıqlarını yaza biliblər.

 

Eyni zamanda, Azərbaycan dili fənnində mətn tipli test tapşırıqlarında şagirdlərin o qədər də çətinlik çəkmədiyini görə bildik. Qramatika ilə bağlı 2 test tapşırığında şagirdlər çətinlik çəksə də, ümumilikdə Azərbaycan dili və riyaziyyat fənnindən tərtib edilən test tapşırıqları əvvəlki iki imtahana nisbətən daha yaxşı olub. Riyaziyyat fənnində qapalı tipli sualların variantları arasında müəyyən qədər yaxınlıq olub. İlkin təhlil zamanı görünür ki, bu, müəyyən qədər şagirdlərə çətinlik yaradıb.

 

Digər iki fənndən fərqli olraq, şagirdlər ingilis dili fənni ilə bağlı müəyyən qədər çətinliklə üzləşiblər. Ötən imtahanda şagirdlər ingilis dili fənninin daha sadə olduğunu bildirirdilər, amma dünən - 30 aprel tarixində keçirilən 9-cu siniflərin buraxılış imtahanında ingilis dili fənni ilə bağlı çətinlik çəkiblər. Bunun da səbəbi ondadır ki, bizim şagirdlərin söz bazası yetərli olmadığı üçün, müəyyən cümlə üzvlərinin təyini zamanı və doğru sözün seçilməsi zamanı daha çox çətinlik çəkirlər. Yəni biz dünən üç fənn arasında müşahidə apardıqda, ingilis dili fəninin digər iki fənnə nisbətin daha çətin olduğunu ilkin təhlil zamanı müşahidə etdik.

 

Ümumilikdə, dünən keçirilən imtahan sualları əvvəlki imtahanlarnan müqayisədə daha sadə olub".