Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 17:00:00
Bakıdan İsmayıllıya işə gedib-gələn müəllim: “Arzum paytaxtda çalışmaqdır” - MÜSAHİBƏ

AzEdu.az saytı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə gedən müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz müəllim çalışdığı məktəbə çatmaq üçün 200 kilometr yol gedir - Bakıdan İsmayıllıya...


Bakıda yaşayan Ülviyyə Qəhrəmanova AzEdu.az saytının "Fədakar müəllim" rubrikasında qonaq olub. Ülviyyə müəllimə işini çox sevsə də, yolun onu yorduğunu və arzusunun Bakıda işləmək olduğunu deyir.


- Öncə özünüzü oxucularımıza təqdim edərdiniz...


- Qəhrəmanova Ülviyyə Fərman qızı 1985-ci il iyulun 23-də Bakıda anadan olmuşam. Orta təhsilimi 102 nömrəli məktəbdə almışam. 2008-ci ilə isə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsini bitirmişəm. Hazırda ailəliyəm, 2 övladım var.


No description available.

- Hansı məktəbdə fəaliyyət göstərirsiniz?


- 2019-cu ildə imtahan verib İsmayıllı rayonunun Ağbulaq kəndindəki Ziyad Mehdiyev adına məktəbə işə qəbul olunmuşam. O vaxtdan 4 ildir ki, həmin məktəbdə işləyirəm. V sinifdən IX sinfə qədər şagirdlərə biologiya və təbiət fənni üzrə dərs tədris edirəm. Ümumilikdə, 10 saat dərs yüküm var.


- Dərs demək üçün rayona həftədə neçə dəfə gedib-gəlirsiniz?


- Həftənin 2-ci günü gedirəm, 4-cü gün isə Bakıya qayıdıram. Kənddə ev tutmuşam, orada qalıram. Maaşım elə yol və ev puluma güclə çatır.


- Bu cür şəraitdə işləmək sizə çətin gəlmirmi?


- Təbii ki, çətindir, yol insanı çox yorur, amma ixtisasıma, müəllimlik peşəsinə olan sevgim sayəsində işimin öhdəsindən çox gözəl gəlirəm. Şagirdlərimin sevgisi, onların fənnimə olan marağı mənə stimul verir. İşimi çox sevirəm, amma hər kəs öz yaşadığı yerdə işlə təmin olunsa, çox gözəl olar. Mənim kimi müəllimlər çox əziyyət çəkir.


No description available.
- İşləmək üçün belə uzaq yerə gedib-gəlməyinizə ailənizin münasibəti necədir?


- Ailəm mənə daim dəstək olub, Anam ev işlərini görməkdə, uşaqlarımla məşğul olmaqda hər zaman kömək edib, Allah can sağlığı versin.


- Məktəbi dəyişmək fikriniz varmı?


- Bakıda işləməyi çox istəyirəm, çünki yol həqiqətən insanı çox yorur, eyni zamanda, səhhətimdə də problemlər var. Sadəcə, vaxtımın çoxu yollarda keçdiyi üçün Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına hazırlaşa bilmirəm. Yerdəyişmədə isə Bakıda vakansiya olmadığına görə, iştirak edə bilmirəm.


No description available.
- Başqa bir peşə üzrə fəaliyyət göstərmək istəmisiniz?


- Heç bir zaman peşəmi dəyişmərəm, mən işimi çox sevirəm. Rəhmətlik babam - Hüseynov Əziz də müəllim olub. Babam İsmayıllının Basqal kəndinin sayılıb-seçilən, ən savadlı riyaziyyat müəllimlərindən biri olub. Yəni mən müəllim ailəsində böyümüşəm. Hər zaman fəxrlə babamın yolun davam etdirəcəm.


- Gələcək fəaliyyətiniz üçün planlarınız nələrdir?


- Davamlı olaraq, özümü inkişaf etdirməyi sevirəm. Bacardığım qədər təlimlərə qoşulmağa çalışıram. İştirak etdiyim təlimlərdən bir sıra sertifakatlarım da var.
Özümdən savayı, şagirdlərimin uğurları üçün də çalışıram. Bir şagirdim bioloji proseslər haqqında layihəyə görə rayon üzrə 3-cü olub. Hazırda şagirdlərimin əl işi müsabiqə üçün Mikrobiologiya İnstitutuna təqdim olunub, cavab mayda çıxmalıdır.
Son olaraq bir daha deyim ki, işimi çox sevirəm, ailəmin mənə miras qoyduğu bu şərəfli peşəni fəxrlə davam etdirəcəyəm.