Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 15:27:00
ADPU-nun bu tələbələrinə ikili diplom veriləcək 

Ölkə xaricində təhsil almaq istəyən tələbələrin əksəriyyətini maraqlandıran mövzulardan biri də ikili diplomlardır.



Azərbaycan universitetlərində hansı ikili diplom proqramları mövcuddur?

 

Bu mövzuda haqqında danışacağımız növbəti ali təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universitetidir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən AzEdu.az-a bildirilib ki, ikili diplom proqramları intensiv təhsil proqramı əsasında həyata keçirilir:

 

"2019-2023-cü illər üçün həyata keçirilən ikili diplom proqramlarından biri ABŞ-ın Corc Vaşinqton Universitetinin (CVU) “Təhsil və İnsan İnkişafı” məktəbi ilə birgə gerçəkləşdirilir. İki illik birgə beynəlxalq magistratura proqramı ”Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə həyata keçirilir. Proqrama ilk qəbul 25 nəfər olmaqla 2020-ci ildə olub. 2022-ci ilin iyununda proqramı 22 nəfər məzun uğurla başa vurub. Hazırda proqramda 60 nəfər tələbə təhsil alır. Proqramın həyata keçirilməsi və kurikulumun hazırlanması ADPU-ilə CVU arasında 30 yanvar 2020-ci ildə imzalanmış müqavilə əsasında icra olunur. ADPU-nun tədris etdiyi fənlərin və onların məzmununun müəyyən olunması Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında hazırlanıb. Tədris planı 2021-ci ilin 7 oktyabr tarixində Elmi Şura tərəfindən təsdiq edilib. 20 fəndən (120 kredit) və capstone project-dən ibarət olan tədris planında 10 fənn CVU, 10 fənn də ADPU professor-müəllim heyəti tərəfindən tədris olunur. Hər fənn üçün 6 AKTTS müəyyən olunub. Tələbələrin amerikan kredit sistemi üzrə aldıqları qiymətlər AKTS sisteminə transfer edilir. Dərslərin tədrisində müasir təlim metodlarından, innovativ üsullardan istifadə olunur. Qrup layihələrinin icrası, komanda işi, simulyasiyalardan, tədqiqat formalarından geniş şəkildə istifadə olunaraq tələbələrin təkcə bilik almasına deyil, onların tətbiqinə imkan verən kompetensiyalarının artırılmasına xüsusi diqqət yetirilir. Tədrisə və təlimə bu kimi yanaşmalar əslində AKTTS tələblərinə təkcə formaca deyil, mahiyyət baxımından da daha çox cavab verməsinə imkan yaradır. Bu baxımdan CVU ilə birgə həyata keçirilən ikili diplom proqramı həm yerli, həm də beynəlxalq təcrübənin üstün cəhətlərini tətbiq edir. Beləliklə, tələbələr bu kimi beynəlxalq proqramda təhsil almaqla yanaşı, həm də yerli qanunvericilik mühitində beynəlxalq praktikanın tətbiqi imkanları ilə əyanı şəkildə öyrənmək imkanı əldə edirlər.

 

2023-2024-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistratura proqramına növbəti qəbul prosesi açıq elan edilib. Ötən il olduğu kimi, bu il də proqrama 40 nəfər tələbənin qəbul edilməsi gözlənilir. Tələbələr Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistraturaya qəbul imtahnı ilə yanaşı Corc Vaşinqton Universitetinin tələb etdiyi tələbə qəbulu üçün nəzərdə tutulan sənədləri də təqdim etməlidirlər. Bu sənədlər arasında dil sertifikatı, motivasiya məktubu, tövsiyə məktubu, bakalavr diplomu və qiymət cədvəli də var. Namizədlərin bütün nəticələrini və şəxsi nailiyyətləri tam şəkildə (holistic) qiymətləndirmə əsasında dəyərləndirildikdən sonra Corc Vaşinqton Universitetinin seçim komissiyası uğurlu namizədləri müsahibəyə dəvət edəcək. Müsahibələr zamanı iddiaçılar arasında potensialı daha güclü olanlara, indiyə qədər əldə etdikləri nailliyyətlərə əsasən ölkə təhsilinə mühüm tövhə vermək potensialına malik olan namizədlərə üstünlük verilir.

 

İkili diplom proqramı yaradılması Azərbaycan Dövlət Pedaqoji Universitet və Corc Vaşinqton Universitetinin “Ali Təhsil və İnsan İnkişafı Məktəbi” arasında 25 iyun 2019-cu il tarixində imzalanmış müqaviləyə əsaslanır. 31 yanvar 2020-ci il Azərbaycan Respublikasının sabiq təhsil naziri Ceyhun Bayramov və Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Amerika tərəfindən isə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı Maykl Fauerın iştirakı ilə imzalanma mərasimi keçirilib. İkili diplom proqramı 2018-ci il noyabrın 16-sında Azərbaycan Prezidentinin 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında fəaliyyət göstərir.

 

Proqramın ilk qəbulu 25 tələbə təşkil edib və sentyabr ayında ilk qəbulun dərsləri başlayıb. 2021 və 2022-ci illər Proqramın ikinci və üçüncü qəbullar həyata keçirilib. Hal-hazırda Proqrama son (2023-2024-cu illər) qəbul həyata keçirilir. 13 iyun 2022-ci il ADPU-CVU ikili diplom proqramının ilk məzun günü baş tutub. Məzun günü dövlət səviyyəsində keçirilib, elm və təhsil naziri Emin Əmrullayev, digər universitetlərin rektorları və Corc Vaşınqton Universitetinin professorları da iştirak edib. İkili diplom proqramı intensiv təhsil proqramı əsasında həyata keçirilir. Burada 10 fənn Azərbaycan Dövlət Pedaqoji Universiteti, 10 fənn isə Corc Vaşinqton Universiteti tərəfindən tədris olunur. Təhsil proqramı Bakıda, ingilis dilində keçirilir".