Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 15:27:39
Azyaşlı uşaqlar imtahan verməlidirmi? - Ekspert rəyləri

Valideynlərin və müəllimlərin hər fürsətdə şikayətləndiyi imtahan uşaqlara nə verir? Nəzərə alaq ki, dünyanın aparıcı ölkələrində uşaqlar demək olar ki, imtahan nədir bilmir. Bu proses onlarda çox rahat və əyləncəli şəkildə aparılır.

"Uşaqlar kiçik yaşda niyə imtahan verir" sualına cavab verən təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, dünyanın inkişaf etmiş təhsilinə malik olan Finlandiya, Cənubi Koreyada təhsil alan şagirdlər ibtidai sinifi başa vurana qədər heç bir imtahan vermirlər: "Bizdə isə təzə məktəbə qədəm qoyan şagirdlər 4-5 həftədən sonra KSQ, BSQ imtahanları verir ki, bu da onların il ərzində ciddi stresə girməsinə gətirib çıxarır. Təəssüf ki, orta məktəblərdə şagirdlərə verilən imtahan sualları  heç bir standarta əsaslanmayan, şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmayan test tapşırıqları olur ki, bu testlər şagirdi daima stresdə sxlayır. Onun fiziki inkişafına mane olur. Hesab edirəm ki, qısa müddətdən bir şagirdi imtahan etmək olmaz. Yalnız bir neçə aydan bir ibtidai sinif şagirdlərinin əldə etdiyi bilik və bacarıqların, oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə sadə imtahanlar, yoxlamalar keçirmək lazımdır. Və bu yoxlamalar da birtərəfli həyata keçirilməməlidir".

Ekspert təklif edir ki, bu zaman proses məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilməlidir ki, srtes və məsuliyyət bölünsün: "Düşünürəm ki, 2-3 aydan bir keçiriləcək yoxlamalarda məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsi olmalıdır. Bundan başqa yekunda imtahan nəticələri onların bir sinifdən digərinə keçməyə təsir göstərərsə, şagirdlərə daha çox maraq oyadar. Ümumi qiymət naminə bunu etmək yaxşı nəticə vermir. Bundan başqa bir çox məktəblər qəbul zamanı standartlara uyğun olmayan, özlərinin məhsulu olan testlərlə iştirakçıları yoxlayırlar. Bəzi hallarda bu imtahanı keçirən məktəblər öncədən özlərinə lazım olan şagirdlərdə testləri verir və onların nəticəsi daha yüksək olur. Hesab edirəm ki, liseylərə və digər orta məkrəblərə qəbul imtahanlarını neytral bir qurum həyata keçirməlidir. İmtahan sual modelləri və proqramı öncədən iştirakçılara verilməlidir. Bundan əlavə, ciddi imtahanlarla azyaşlı uşaqların yoxlanması dünya təhsil təcrübəsində müsbət qəbul edilmir".

Psixoloq Fərqanə Mehmanqızı imtahanın gərəksiz bir stres ve ruh düşkünlüyü yaratdığını söyləyir: "İmtahandan keçməyən azyaşlı daxili stres yaşamamalıdır. Uşaqlar var ki, bir- iki balla kəsilir. Bu onlara qarşı haqsızlıqdır. Hələ yeniyetmələrin intihar statistikasinin qarşısında aciz qaldığımız bir zamanda kiçikləri gərəksiz stresə salmaq yeni bir statistika demək deyilmi? Deyək ki, bu uşaq savadlıdır, amma emosionaldi və bu səbəbdən imtahandan kəsilir. Bu da uşaq üçün xroniki depresiya, özgüvənsizlik, valideyn və ətrafın təzyiqi deməkdir. Azyaşlılarla işləyəndə çalışmaq lazımdır ki, onları cəmiyyətə sağlam, faydalı şəxsiyyət olaraq yetişdirək. Psixoloji problemi olan fərdin vətənə, millətə, cəmiyyətə nə faydası olacaq. Bütün bunları nəzrə alıb, azyaşlıları daha az stresə salmaq lazımdır".

Sosioloq Cavid İmamoğlu hesab edir ki, həyat başdan ayağa imtahandan ibarətdir: "Hətta yaşlı insanlar belə müəyyən imtahan prosesindən keçirlər. O baxımdan baxanda imtahanın olması ciddi problem deyil. Problem imtahanı təşkil edəndədir. İmtahan prosesini həyacanlı, ağrılı, yük kimi göstərən məktəb və ya lisey imtahan təşkilatçılarındadır. Onlar anlamalıdırlar ki, imtahan səlahiyəti verilibsə, bundan istifadə edib uşaqları əzə bilməzlər. İmtahan, sınaq və ya biliklərin hansısa formada qiymətləndirilməsi o qədər incə, insan psixologiyasına uyğunlaşmış şəkildə aparılmalıdır ki, insan burada həyəcan yaşamalıdır. Amma bu həyəcan stresə çevrilib insanı məhv etməməlidir".

Sosioloq yaşından asılı olmayaraq həyatın hansı mərhələsində olursa olsun imtahana gedən insanın hər zaman həyəcanlandığını qeyd edir: "Bu insan psixologiyasının təbii halıdır. Amma uşaqdan əlavə, onun valideynlərini həyəcana, stresə salmaq, valideynlərin uşağın üzərinə basqı şəraitini yaratmaq lazım deyil. Dəfələrlə şahid olmuşuq ki, imtahana gedən uşaqdan çox onun valideyni narahatdır. Uşaqları imtahana hazırlıq prosesində, imtahan ərəfəsində çox incidirlər, sıxırlar. Uşaqlarla bu cür davranmaq olmaz. Bunun sonu təbii ki, fəlakət, bəzən də intihar olur. Valideynlər, müəllimlər anlamalıdırlar ki, imtahan uşaqları incitmək üçün deyil. İmtahan gərginlik artırmaq üçün deyil. Əksinə, imtahan mütəmadi biliklərin qiymətləndirilməsi prosesidir". (olaylar.az)