Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 13:29:00
Sertifikasiya həyəcanı yaşayan müəllimlərdən sui-istifadə edirlər

Məlum olduğu kimi, bu ilin yayında ölkə üzrə bütün Azərbaycan dili və ədəbəiyyatı, ibtidai sinif müəllimləri sertifikatlaşdırmaya cəlb olunacaq.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-ci ildə ibtidai sinif üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesində 2803 müəllim təkrar iştirak edəcək. 

Nazirlikdən qeyd edilib ki, ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 15458 nəfərdir. 

Hazırda sertifikasiya imtahanları müəllimlər üçün ən aktual və onları narahat edən məsələlərdən biridir. Yaxşı nəticə göstərmək istəyən müəllimlər imtahanlara yüksək səviyyədə hazırlaşır, yaxud müxtəlif hazırlıq kurslarına müraciət edirlər.

Müşahidələr göstərir ki, müəllimlərin narahatlığından sui-istifadə etməyə çalışanlar da az deyil. Bəzi repetitorlar, hazırlıq kursları sertifikasiya həyəcanı yaşayan müəllimlərə qiymət oxuyur, müxtəlif dillə onları tora slırlar.  Və belələrinə aldanan təhsil işçiləri də az deyil.

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti  Elşən Qafarov bəzi müəllimlərin özlərinə yetərincə güvənmədiyi üçün həmin kurslara müraicət etdiklərini vurğulayıb: 

 

“Günümüzdə müəllimlərimiz başa düşməlidir ki, sertifikasiya imtahanı onun hazırkı peşəkarlıq səviyyəsini və tutduğu vəzifəyə uyğun olub-olmadığını yoxlayan bir prosesdir. Yəni sertifikasiya hansısa bir uğur əldə etmək, yaxud dərəcə almaq üçün keçirilən imtahan deyil”.

 

Ekspert sertifikasiya həyəcanı yaşayan müəllimlərin niyə xüsusi hazırlığa ehtiyac duyduqlarını təhlil edib:

 

“Müəllimlərin sertifikasiya imtahanına hazırlaşmaq üçün kurslara müraciət etməsinin müxtəlif səbəbləri var. Birincisi odur ki, həmin müəllim yüksək nəticə göstərərək maaşını 35 fazilik artım ilə almaq istəyir. İkincisi səbəb kimi müəllimin əlavə bilik və bacarıqlar qazanmaq üçün həvəskar olmasını qeyd etmək olar. Son və ən pis ehtimal da odur ki, müəllim öz bilik, savad və bacarığının imtahandan keçməyə qadir olmadığını bildiyi üçün həmin kurslara müraciət edir. Düşünürəm ki, istənilən halda özünə əmin olan müəllim belə, imtahana hazırlaşmaq üçün açıb nəsə oxuyur”. 

 

E.Qafarov bildirib ki, sertifikasiya imtahanının keçirilməsində əsas məqsəd savadlı müəllimlərin artmasına nail olmaqdır:

 

“Sertifikasiyada yaxşı nəticə göstərmək istəyən müəllimlər öz üzərilərində işləməyə başlayır. İmtahanların əsas məqsədi də elə budur. Müəllimlərin fərdi, yaxud əlavə kurslara gedərək imtahanlara hazırlaşması pis vəziyyət deyil. Hər bir halda təhsil sistemi qazanır. Müəllimlər kurslara müraciət edərək əlavə biliklərə yiyələnirlər. Düzdür, burada müəllimlərin əsas hədəfi sertifikasiya imtahanında yaxşı nəticə göstərməkdir. Amma bu öz sahəsi üzrə peşəkar olan müəllimlərin artmağına da böyük təsir göstərir. Ona görə də, sertifikasiyaya hazırlaşmaq üçün əlavə kurslara getmək anormal bir hal deyil. Təhsilimizin istənilən pilləsinə hazırlaşmaq üçün kurslar və repetitorlar var. Bu əmək bazarının qarşısını almaq mümkün deyil”. 

 

Müsahibimiz qeyd edib ki, müəllimlər cəmiyyətin mənavi tərəfini çiynində daşıyan böyük bir dayaqdır. Buna görə də, onlar hər gün oxumalı və öz üzərilərində işləməlidirlər:

 

“Gələcəkdə müəllimlərin peşəkarlığını ölçən müxtəlif yeni mexanzimlər tətbiq olunacaq. Hansı ki, müəllimlərimiz öz sahələri üzrə bilik və bacarıqlara daha çox yiyələnəcək. Düşünürəm ki, bu proses nəticəsində təhsil sitemimiz xeyli inkişaf edəcək”.