Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 11:25:00
“Kitab oxumaqla aram olmayıb” - “Brend tələbə” ilə MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

Saytımızda bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) IV kurs tələbəsi Şahin Allahverdiyevdir.
 

 

- Sizin fikrinizcə, bir insan məktəb, yoxsa universitet illərində daha yaxşı formalaşır?

 

- Düşünürəm ki, hər bir insanın formalaşmasında həm məktəb, həm də universitet özünəməxsus rola malikdir. Lakin ümumi mənzərəyə nəzər salsaq, universitetin bir addım daha öndə olduğunu görmək olar. Çünki məktəb bizə daha çox fundamental bilikləri verməklə yanaşı, bizi müxtəlif sahələrlə tanış edirsə, universitet birbaşa həyata hazırlayır. Universitet illərində qazanılan bilik və təcrübələr həyatımızın geri qalan hissəsində bizə böyük ölçüdə kömək edir. Bununla yanaşı,  universitetdə tədris alan bir şəxsin artıq yetkin yaşda olması da onun cəmiyyətdəki rolunu daha aydın görməsini və cəmiyyətə nə cür fayda verəcəyinə qərar verməsinə kömək edir. 

 

- İstədiyiniz ixtisasa qəbul olunmusunuz, yoxsa balınıza uyğun seçim etmisiniz?

 

- Həyatımı hansı sahəyə həsr edəcəyimi artıq məktəbdə təhsil alarkən planlaşdırmışdım. Xüsusilə ailəmin və liseydəki müəllimlərimin köməyi ilə bu planımı reallaşdıra bildim. Bal məsələsinə gəldikdə isə cəmiyyətimizdə hələ də qəbul imtahanında yığılan bala görə hansısa ixtisasın seçilməsi stereotipinin tez bir zamanda qırılmalı olduğunu düşünürəm. Hər hansısa sahənin dəyəri standartlaşdırılmış test imtahanının nəticəsinə uyğun ölçülməməlidir. Hər bir fərd yiyələnmək istədiyi sahəni seçməzdən öncə özünün bu sahəyə nə dərəcədə uyğun olub-olmaması ilə yanaşı, ora olan həvəsini də nəzərdən keçirməli və sözügedən sahəyə gələcəkdə nə qədər tələb olunacağını düşünməlidir. Bütün bu faktorlar nəzərə alındıqdan sonra düzgün qərar vermək və bu qərar üçün çalışmaq daha rahatdır. Əgər həmin fərd qərarında qətiyyətlidirsə, həmin ixtisası öyrənmək üçün lazım olan tələbləri, hansı ki, bu tələb çox təəssüf ki, 700 ballıq şkalada olan bir nəticədir, rahatlıqla ödəmək mümkündür. 

 

- Heç oxumaqdan ya da aktiv fəaliyyət göstərdiyiniz könüllü fəaliyyətlərdən bezdiyiniz olub?

 

Təhsil almaq bir insanın özünə edə biləcəyi ən dəyərli investisiyadır. Bu səbəbdən düşünmürəm ki, öz üzərimdə işləməkdən nə vaxtsa bezərəm. Buna baxmayaraq fasiləsiz şəkildə çalışmağın zərərli olduğunu da qeyd etmək lazımdır.

Açıklama yok.

 

- Uşaqlıqda necə biri idiniz? Sosial ya assosial?

 

- Uşaqlıqda çox da sosial olduğumu deyə bilmərəm. Hətta indi də bu assosiallığı tam şəkildə qıra bilmədiyimi düşünürəm və bunun üzərində çalışıram. Buna baxmayaraq, uşaqlığımdan bəri hələ də davam edən çox dostluqlarım var. 

 

- Arzusunda olduğunuz hər hansı bir peşə varmı? Hansı ki, uşaqlıqdan o peşəyə yiyələnmək istəyirsiniz?

 

- Hazırda elə arzuladığım sahədəyəm. İqtisadiyyat məndə həmişə dərindən maraq oyadıb. Bunun da məntiqi nəticəsi kimi hazırda bu sahə üzrə təhsil alıram. Hər hansısa dəyişiklik olacaqsa belə, bu, akademik karyera ilə korporativ karyera arasında olacaq. Gələcəkdə sahəmi dəyişib-dəyişməyəcəyimi zaman göstərəcək. 

 

- Yaxınlarının gözündə özünüzü təsvir edə bilərsiniz? 

 

- Açığı, bu mənim üçün bir qədər çətin sualdır. Bu barədə çox düşünməmişəm. Amma kimsə məni təsvir etsəydi, yəqin ki, zarafatcıl və istiqanlı biri olduğumu qeyd edərdi.

 

- Kitab oxumağı sevirsiniz? Hansısa yadınızda qalan, sizdə böyük təsir hissi yaradan bir kitab varmı?

 

- Sözün düzünü desəm, kitab oxumaqla aram demək olar ki, olmayıb. Bununla belə vaxtım olduqca maraqlı tarixi araşdırmalar etməyi xoşlayıram. Xüsusilə XIX əsrdən günümüzə qədər olan hadisələr haqda oxuduğum məqalə və mənbələr dünyagörüşümə böyük töhfə verib. 

 

Açıklama yok.

- Hobbilərinizə nələr daxildir?

 

- Boş vaxtlarımda kompüter oyunları oynamağa, makroiqtisadi məqalələr oxumağa və musiqiyə qulaq asmağa üstünlük sevirəm. Bununla yanaşı, dil biliklərimi inkişaf etdirmək məqsədilə alman dili öyrənirəm. 

 

- Təhsiliniz barədə nə kimi planlarınız var? Gələcək üçün əsas hədəfləri seçmisiz?

 

- Hazırda son 4 il ərzində öyrəndiyim nəzəri bilikləri praktikada tətbiq etmək üçün karyerama diqqət ayırmışam və “PAŞA Həyat Sığorta”da çalışıram. Bunun paralelində isə beynəlxalq səviyyədə tanınan bir neçə maliyyə sertifikasiyalarından uğurla keçmək üçün işləyirəm. Təhsilimin növbəti mərhələsinin harada və nə zaman başlayacağına tam dəqiqliklə qərar verməmişəm.


- Bəs çalışdığınız şirkətdən əməkhaqqı alırsız?

 

- Bəli, ödəniş müqabilində çalışıram. Aldığım məbləğ  isə məni qane edir.