Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 11:00:00
“Azərbaycan dilini öyrənmək çətin olmadı” - ADU-nun pakistanlı müəllimi ilə MÜSAHİBƏ

Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...


AzEdu.az
saytı Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələrə başlayır. İlk müsahibimizi Azərbaycan Dillər Universitetindən (ADU) seçdik. 


Hazırda ADU-da 9 əcnəbi müəllim çalışır. Onlardan biri də Pakistan vətəndaşı Mahmud Athardır.

 

AzEdu.az-ın müsahibi olan Mahmud Athar ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı  təssüratlarını əməkdaşımızla bölüşüb. Yeri gəlmişkən, onu da qeyd edək ki, pakistanlı müsahibimiz Azərbaycan dilində çox yaxşı danışır. Onunla söhbəti də elə Azərbaycan dilində etdik.

 

- Mahmud müəllim, Azərbaycana gəlişiniz necə baş verdi və neçə ildir burada müəllim işləyirsiniz?

- Mən Azərbaycana əvvəlcə tələbə olaraq gəlmişəm. Ali təhsilin bakalavr və magistratura pilləsini Bakı Dövlət Universitetində başa vurmuşam. Hazırda isə Azərbaycan Dillər Universittetində doktorantura pilləsində təhsil alıram.

Müxtəlif ölkələrdə iş fürsətləri əldə etdmişdim. Eyni zamanda, ADU-dan da belə bir təklif gəldi. Buradakı Pakistan Mədəniyyət Mərkəzində müdir vəzifəsində çalışmağım üçün imkan yarandı və işə  başladım. ADU-da çalışmağım iki ölkə arasında olan dostluq-qardaşlıq bağlarına xidmət etməyim üçün də fürsət idi.

 

No description available.

- Hansı fənni tədris edirsiniz?

- Mən Dillər Universitetində jurnalistikanı tədris etmişəm. Hazırda isə Pakistan və urdu dilini tədris edirəm. Yeni bir ixtisas açılıb - pakistanşünaslıq. Bu ixtisasın tələbələri Pakistan dilini öyrənirlər. Həmin dilin tədrisini həyata keçirirəm. Tələbələrə pakistanşünaslıq üçün zəruri məlumatları ötürürəm.

 

- Maraqlıdır, Azərbaycan dilini hansı müddətə öyrənmisiniz?

 

- Mən Bakıya yeni gəldiyim 1 il müddətində hazırlıq kursu keçmişdim. Bir sıra başqa dillərdə də danışa bildiyimə görə, daha bir yeni dil öyrənmək o qədər də çətin olmadı. Vaxt keçdikcə, daha yaxşı danışmağa başladım. İxtisasımın Azərbaycan dilində olması da mənə kömək oldu.

 

No description available.

- Tələbələrinizlə münasibətləriniz necədir? Heç aranızda anlaşılmazlıq, münaqişə baş verib?

 

- Tələbələrimlə münasibətlərim çox yaxşıdır. Bilirsiniz, indiki tələbələrin yaxşı anlama qabiliyyəti var. Onları başa salmaq rahatdır. Biz dərs vermək əvəzinə çalışırıq ki, onlar təcrübə keçsinlər. Dili daha yaxşı öyrənsinlər deyə çalışıram ki, bu dildə danışım. Özüm də bəzi dilləri öyrənə bildiyim üçün onlara məsləhətlər verirəm. Düşünürəm ki, münasibətlərimizdən məmnundurlar.

 

- Özünüz neçə dil bilirsiniz?

 

- Ərəb, ingilis, fars, türk, Azərbaycan dili və Pakistanın bir sıra yerli dillərini bilirəm. Bir az da alman dilini öyrənmişəm.

 

- Universitetdə keçirilən tədbirlərə, bayramlara qoşulursunuz?

 

No description available.

- Bəli, qoşuluram. Sağ olsun rektorumuz Kamal müəllim, mənə həmişə tədbirlərə qatılmaq üçün imkanlar yaradır. Hansısa tədbir olanda xəbər edir, şəxsən dəvət edir, çıxışlar etmək üçün şərait yaradır. Məsələn, bu il Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirildi. Həmin tədbirlərdə iştirak etdik. Keçən il mənim üçün də imkan yaradıldı ki, tədbirlərdə çıxış edim. Heydər Əliyevin Pakistanla əlaqələri haqqında, onun ümumi həyatına, fəaliyyətinə xarici vətəndaş olaraq bizim baxışımız hansı formadadır və s. kimi məsələrlə bağlı öz fikirlərimi bölüşmüşdüm. 


- Burada müəllim olaraq çalışdığınız müddətdə hansı çətinliklərlə qarşılaşdınız?

 

- Ümumiyyətlə heç bir çətinlik yoxdu. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, daha çox dostluq, qardaşlıq, yaxınlıq hiss edirəm. Kollektiv olsun, tələbə olsun, universitetin digər işçiləri olsun - hər kəslə çox yaxşı münasibətimiz var.
Hörmət, bir-birini anlamaq, bir-biri ilə yaxşı davranmaq universitet heyətinə xas bir şeylərdir.

 

No description available.
- Azərbaycanda işləməyin, yaşamağın müsbət və mənfi tərəfləri nələrdir?

 

- Təbii ki, hər bir ölkənin müsbət və mənfi tərəfləri var. Ancaq baxmalıyıq ki, bizi ən çox qane edən hansı cəhətlərdir. Burada daha çox müsbət cəhətlər var. Biz o qədər də fərqli ölkələr deyilik. Dinc, dostluq, qardaşlıq müasibətlərimiz var. Burada öz ölkəmizdə olduğu kimi yaşayırıq. Xarici ölkədən gəlmiş biri olduğumu hiss etmirəm. Ola bilər ki, kiminləsə şəxsi zəmində problemlərim yaransın, amma bunu bütün ölkəyə, cəmiyyətə aid etmək olmaz. Hər kəsin şəxsi düşüncəsi, şəxsi yanaşması var. İnsanlar bir-birinə hörmət edir, qayda-qanunla yaşayır, nizam-intizama tabedirlər. Bu bir cəmiyyət üçün ən yüksək zirvə sayılır.

 

- Gələcək planınız nədir, Azərbaycanda daimi məskunlaşmaq istərdiniz, yoxsa vətən sizi də özünə çəkir?

 

- Bu, işlə bağlı olan məsələdir. Hər insan çalışır ki, daha da inkişaf etsin. Bununla bağlı hər şey insanın öz əlində olmur. Planlar qururuq, amma bir çox şey taledən asılıdır. Əgər qismətdə varsa, uzun müddət burada fəaliyyət göstərəcəyik. Hər hansı bir tapşırıq olarsa, ona uyğun başqa bir yerdə çalışa bilərik. Hər şey yaxşı anlar, yaxşı xatirələrlə olsun təki...

 

- Müəllimlikdən əlavə hansısa məşğuliyyətiniz var?

 

- Bəli, müəllimlikdən əlavə bir neçə xarici şirkədə mütəxəssis kimi işləyirəm. Kiçik şəxsi bizneslərimiz də var, onlara da nəzarət edirəm. Bundan başqa, dövlət tərəfindən verilən tapşırıqlar, layihələr olur. Həmin layihələrdə iştirak edirəm. Eyni zamanda, bir neçə qurumda tərcüməçi olaraq da fəaliyyət göstərirəm.

 

No description available.

- Buradakı atmosferə necə adaptasiya oldunuz?

 

- Biz Bakı Dövlət Universitetində təhsil almağa başlayanda qrupda 12 nəfər idik. Məndən başqa 1 nəfər pakistanlı tələbə, 10 nəfər isə Türkiyə vətəndaşı vardı. Hamımız bir yerdə Azərbaycan dilini öyrənmişdik. Belə düşünürəm ki, adaptasiya müddəti çox çəkmədi. Tez öyrəşdik. Bundan başqa, o dönəmdə müəllimlərimiz də çox sağ olsunlar, bizə çox yardım göstərmişdilər. Xüsusilə də Şəhla müəlliməni xatırlayıram ki, bizə çox köməyi dəymişdi. Daha sonra İradə müəllimə də bizimlə səmimi davranırdı. Çalışırdılar ki, dili, mədəniyyəti çox yüksək səviyyədə öyrənək. Müəllimlərin rolu çox böyük olub. Mən həmişə bunu xatırlayacam.

- Bakıdan başqa hansı bölgələrimizdə olmusunuz və təəssüratlarınız nələrdir?

- Demək olar ki, Azərbaycanın bütün bölgələrində olmuşam. Ən çox istirahət zonalarına gedirəm. Qəbələ, Quba, Şamaxı, Şəki, Lənkəran zonalarında çox olmuşam. Təbiəti sevən bir adamam, ona görə də belə yerlərə daha çox baş çəkirəm.

- Pakistan Azərbaycanla siyasət aləmində də dost ölkədir. 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı da bunu gördük. Bu haqda nələr söyləyərdiniz?

 

- Bəli, özümüz də bunu canlı müşahidə etdik, o hissi yaşadıq. Həmin vaxt elə düşünürdük ki, qardaşlara kömək etmək borcumuzdur. Qardaş qardaşa vaxtı gələndə kömək edir. Biz də həmin şeyi etdik.

 
***

Mahmud Atharın tələbələrilə də həmsöhbət olduq. Onlar pakistanlı müəllimdən xeyli razıdırlar. 
 

No description available.

- Mahmud müəllim ilk gəldiyi gündən bizə urdu dilini öyrətməyə çalışır. Biz də layiqincə öyrənmək üçün səy göstəririk. Onunla münasibətlərimiz çox yaxşıdır. Sevimli müəllimlərimizdən biridir.

 
No description available.

-Dərslərimiz sentyabrdan başlayıb və çox yaxşı keçir. Müəllimimiz də bacardığı qədər yaxşı öyrətməyə çalışır. Çünki biz gələcəyin politoloqlarıyıq. Münasibətlərimiz isə həm müəllim-tələbə kimidir, həm də dostluq müstəvisindədir.