Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 13:36:23
700 bal toplayanlar doktoranturaya “yox”deyir – “Buna gərək yoxdur, işləmək lazımdır”

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Bəs 700 bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan tələbələr bu pillədə təhsil almağı düşünürlərmi?

AzEdu.az bu sualla bir neçə 700 bal toplayan tələbəyə müraciət edib.

I ixtisas qrupu üzrə 700 bal toplaraq Bakı Ali Neft Məktəbinə daxil olan Şəkər Qədirli Fizika elminə böyük həvəs göstərdiyini vurğulayıb:

“Bu sahədə həmişə araşdırmalar aparmaq istəmişəm. Lakin universiteti bitirib, magistratura pilləsini başa vurduqdan sonra işləmək lazımdır. Azərbaycanda işləyəsi olsam, doktorantura pilləsində oxumağa vaxtımın qalacağına inanmıram. Məncə elmlə məşğul olmaq üçün həyatını sırf buna sərf etməlisən. Bir yandan məişət qayğıları çəkib digər yandan elmi problemləri həll etmək çətin məsələdir”.

Şəkər Qədirlinin sözlərinə görə, həyatını elmə sərf etmək üçün tələbələrə uyğun şərait yaradılmalıdır:

“Əgər Azərbaycanda texniki elmlərin inkişafına daha çox maraq göstərilsə, əsl istedadı olanlara dəyər verilsə və kifayət qədər faydalı alimlərimiz olsa məncə həyatımı tamamilə  “ifratkeçiriciləri” araşdırmağa sərf etməyə dəyər.Bizdə isə daha çox humanitar fənlərə diqqət ayrılır. Zəmanənin tələblərinə uyğun olaraq texniki fənləri inkişaf etdirmək lazımdır”.

 Bakı Ali Neft Məktəbinin daha bir 700 ballıq tələbəsi Vasif Əsədov doktorantura pilləsində təhsil almağı düşünmədiyini qeyd edib:

“Məqsədim magistratura pilləsini bitirib işləməkdir. Doktoranturanı oxumağa çox da ehtiyac olduğunu düşünmürəm. Ancaq ömrünü elmə sərf etmək istəyirsənsə, bu başqa məsələ”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları