Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 13:06:00
Bu il ali məktəblərə qəbul balları aşağı düşəcək - İDDİA

Dövlət İmtahan Mərkəzi (DİM) xeyli vaxtdır 5 və 12 mart tarixində keçirilmiş XI illik baza üzrə buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələrə görə, abituriyentlər arasında 300 bal toplayan olmayıb. Bu isə həm də o deməkdir ki, qarşıdakı qəbul imtahanlarında heç bir abituriyent 700 bal yığa bilməyəcək.

Abituriyentlərin əksəriyyəti buraxılış imtahanlarında sualların çətin olduğunu iddia edir. Bəs blok imtahanında sualların çətinlik səviyyəsinin necə olacağı gözlənilir? Ali təhsil müəssisələrinə qəbul ballarında azalma müşahidə olunacaqmı?

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, bu il keçirilən XI sinif buraxılış imtahanları doğrudan da çətin idi. O, abturiyentlərin zəif nəticə göstərməsini təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirib: 

 

“İlk növbədə deyim ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif bazasından keçirilən buraxılış imtahanları müəyyən qədər çətin olub. Bunu nəticələr də sübut edir. Mart ayının 5 və 12-də keçirilən imtahanlarda ümumilikdə 103 minə yaxın abituriyent iştirak etdi. 100 mindən çox abituriyentin iştirak etdiyi imtahanda 1 nəfər belə bütün test tapşırıqlarının hamısına doğru cavab verə bilmədi. Bu onu göstərir ki, test tapşırıqları çətin olub. Əvvəl bir neçə nəfər maksumim bal toplayırdı, nəticələr də qənaətbəxş idi. Lakin çox təəssüf ki, pandemiyadan sonra tədrisə qayıdışda ciddi problemlər yaşanır. Həmçinin, bu onu deməyə əsas verir ki, orta ümumi təhsil müəssisələrində son 3 il ərzində təhsilin keyfiyyəti ciddi şəkildə aşağı düşüb. Tədrisin idarə olunması ilə bağlı çox ciddi problemlər var və bu problemlər 3 il ərzində daha da qabarıq vəziyyət alıb”. 

 

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Ekspert bildirib ki, buraxılış imtahanından abituriyentlərin aşağı bal toplaması qəbul planının yerlərinə təsir göstərməsə də, blok imtahanının nəticələrinin də yüksək olmayacağı gözlənilir:
 

 

“Buraxılış imtahanı ali məktəblərinplan yerlərinin azalmasına təsir etməyəcək. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-cı illər üzrə Dövlət Proqramı”na əsasən, bakalavr üzrə qəbul planı yerləri ciddi şəkildə artacaq. Belə ki, bu il ali təhsil müəssisələrinin qəbul planında yerlər 60.000-ə çatdırılacaq, halbuki, 2022-ci ildə bu rəqəm 50.000 idi. Həmçinin, bu il bakalavr pilləsi üçün yeni ixtisaslar da açılacaq.

 

Çox təəssüf ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə aşağı balla qəbul keçiriləcək. Bu il qəbul planı yerlərinin 250 bala qədər nəticə göstərmiş şagirdlər tərəfindən rahat tutulacağını müşahidə edəcəyik. Bu da gələcəkdə mütəxəssis olma yolunda problemləri ciddi şəkildə artırır. Yəni bilik və bacarqıları zəif olan şagirdlərin daha aşağı balla ali təhsil müəssisələrində təhsil alması gələcəkdə onların kadr olaraq əmək bazarına daxil olmasında müəyyən problemlər ortaya çıxacaraq.

Hesab edirəm ki, bu il imtahanların çətin olması və yekunda balların aşağı düşmə ehtimalı yaxşı heç nə vəd etmir. Çünki növbəti illərdə bu balla yola çıxan abituriyentlər ciddi şəkildə yanıla bilərlər.

May və iyul aylarında I, II, III və IV ixtisas qrupları üzrə blok imtahanları keçiriləcək. Abituriyentlər mart ayında keçirilən buraxılış imtahanlarında aşağı bal topladıqlarına görə, həvəsdən düşüblər və bu da birmənalı şəkildə onların hazırlığına öz təsirini göstərir.

Apardığımız monitorinqlər də onu göstərir ki, abituriyentlərin böyük bir qismi çox aşağı motivasiya ilə hazırlaşırlar. Buna görə də qəbul imtahanları üzrə nəticələrin daha aşağı olacağını gözləyirik”.