Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 10:43:00
ICESCO Açıq Təhsilin İnkişafı Proqramının 3-cü mərhələsinə start verib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İslam Dünyası Universitetləri Federasiyasına üzv olan 22 ölkənin, o cümlədən Azərbaycanın iştirakı ilə Açıq Təhsilin İnkişafı Proqramının 3-cü mərhələsinə start verib.

 

AzEdu.az təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, proqram çərçivəsində videoformatda təşkil olunan birinci sessiyada İslam Dünyası Universitetləri Federasiyasına üzv olan 40 universitetdən 122 professor təmsil etdikləri ali təhsil ocaqlarında təhsilin və elmi tədqiqatların vəziyyəti barədə məlumat verib.

 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik proqram iştirakçılarına videomüraciətində bildirib ki, açıq təhsil sahəsində biliklərin artırılması və məşğələlərin keçirilməsi tələbələr üçün mühümdür. O əlavə edib ki, hazırkı texnoloji nailiyyətlər bu məsələdə daha çox nailiyyət əldə etməyə imkan verir. Baş direktor vurğulayıb ki, ICESCO həm tələbələr, həm də professor-müəllim heyətinin faydalanması üçün qabaqcıl texnologiyaların inteqrasiyası vasitəsilə əlçatan təhsilin asanlaşdırılması xəttinə sadiqdir. Bu öhdəlik süni intellektdə son nailiyyətlər və internetin geniş şəkildə mənimsənilməsi fonunda üzv dövlətlərdə yüksəkkeyfiyyətli təhsilə nail olmaq və biliyə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədi daşıyır.

 

Sonra Azərbaycan, Pakistan, Misir, Əlcəzair, Qətər, Mərakeş və digər ölkələrdən olan professorlar sözügedən proqram çərçivəsində görülən və planlaşdırılan işlərdən bəhs edib, bu sahədə universitetlər arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

 

Proqramın 3-cü mərhələsinin iştirakçıları açıq təhsil sahəsində beynəlxalq ekspertlər tərəfindən təşkil edilən üçaylıq onlayn təlimdən faydalanacaq. Bu təlim onların bacarıqlarını artırmaq və universitetlərdə qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, həmçinin alim və tələbələrin təcrübə və resurslarından istifadə etmək üçün beynəlxalq qurumlarla əməkdaşlığı asanlaşdırmaq məqsədilə həyata keçirilir. Proqram sessiyası başa çatdıqdan sonra iştirakçılar nailiyyətlərini təsdiq etmək üçün təlim sertifikatları alacaqlar.

 

Qeyd edək ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti İslam Dünyası Universitetləri Federasiyasının üzvüdür.