Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 14:00:00
60 dil bilən İbrahim Cəfərova poliqlotdan reaksiya: “Ona inanmıram”

Saytımızda 60-dan artıq xarici dil bilən İbrahim Cəfərovla müsahibə oxucularımız tərəfindən çox maraqla qarşılanıb və bu barədə bizə müxtəlif məzmunlu müraciət və şərhlər daxil olub. Ümumilikdə götürdükdə izləyicilərimizin böyük əksəriyyəti İbrahim Cəfərovun həqiqətən özünün təqdim etdiyi xüsusiyyətlərə malik olduğuna inanmır və onun bu qədər dil bilməsinə şübhə ilə yanaşırlar. Oxucuların marağını nəzərə alaraq biz bu barədə ekspert və mütəxəssislərin fikirlərini də təqdim etməyi zəruri hesab edirik.

 

Bakı Dövlət Universietini dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimisa İbrahimov mövzu ilə bağlı AzEdu.az-a danışıb.


Əlimusa müəllimi həm də poliqlot hesab etmək olar, çünki o hazırada 5 xarici dildən tədris və tədqiqat prosesində aktiv istifadə edir.

 

Əlimusa İbrahimov İbrahimin Cəfərovun 60-dan çox dili bilməsini mümkün hesab etmədiyini bildirib. Əgər belə bir bacarığı varsa, “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün müraciət etməyini tövsiyə edib:

 

“İbrahim Cəfərovun qeyri-adi istedadı barədə sizin saytınız vasitəsi ilə xəbər tutdum və belə bir hadisənin mövcudluğuna oxucularınızın əksəriyyəti kimi mən də inanmadım. Məhz buna görə də şərh vermək istəməzdim, amma bəzi məqamlara toxunmağı vacib hesab edirəm.

 

İbrahim müəllim həqiqətən çox böyük bir iddianın sahibidir. Bu, elə bir iddiadır ki, bənzəri hələ bu dünyada mövcud olmayıb. Əgər həqiqətən belədirsə, mən ona məsləhət görərdim ki, “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün müraciət etsin.

 

Düşünürəm ki, Azərbaycanda ona qarşı olan şübhələri dağıtmaqla məşğul olunca, bu addımı atsa, daha yaxşı olar. Bizdən fərqli olaraq, bu kitabı tərtib edənlər İbrahimin bildiyi xarici dilləri təsdiq etmək üçün qısa müddətdə zəruri imtahan prosesini təşkil edəcəklər və ona bu barədə sertifikatlar da verəcəklər.

 

Amma İbrahimin Cəfərovun bu qədər dili bilməsini mən də mümkün hesab etmirəm. Çünki İbrahim müəllim heç bildiyi dillərin adını saya bilmir müsahibəsində, nəinki qaldı hər dildə 10 min söz bilmək.

 

Təbii ki, Azərbaycanda İbrahim kimi fitri istedada malik şəxsin mövcud olması xeyrimizə olardı. Lakin adam bu qədər dili bilməsini heç bir dövlət qurumuna sübut edə bilmirsə, o dilləri necə öyrənib? Mən də müəyyən qədər xarici dilləri öyrənməklə məşğul olmuşam və hazırda da bu işi davam etdirirəm. Xarici dillərin öyrənilməsinin bu qədər asan olmasını düşünmürəm. Dil öyrənmək şeir əzbərləmək deyil, bu, uzun müddət tələb edən, əziyyətli bir prosesdir. Öyrəndiyin dili işlək vəziyyətdə saxlamaq üçün ciddi enerji və vaxt sərf etmək lazım gəlir. İbrahim Cəfərovun bu qədər xarici dil bilməsini iddia etməkdə nə məqsəd güdməsi də mənə məlum deyil. Əgər bu dillər vasitəsi ilə pul qazanmaq istəyirsə, 1 saylı notariusa və ya ASAN xidmətə müraciət etsin. Çünki orada müxtəlif dillər üzrə mütəxəssislərdən ibarət qruplar fəaliyyət göstərir. İbrahim Cəfərov əgər belə qabiliyyətə malikdirsə, asanlıqla 10-15 nəfərlik bir qrupu əvəz edə və yüksək məvacib ala bilər”.