Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 13:41:00
Məktəblərdə tənəffüs müddəti artırılsın! - Ekspertdən TƏKLİF

Məktəblərdə şagirdlərə bir dərs 45 dəqiqə olmaqla tədris olunur və tənəffüs müddəti 5-10 dəqiqə nəzərdə tutulur. Aydındır ki, 5 dəqiqəlik tənəffüs müddəti şagirdin öz ehtiyaclarını qarşılaması üçün çox az zamandır.

 

Bəs fasilənin bu qədər az olması nə dərəcədə doğrudur? Tənəffüs müdətinin uzadılmasına ehtiyac duyulurmu? Dünyanın təhsil sistemində tənəffüs vaxtı necə müəyyən olunur? 

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında bununla bağlı geniş müzakirələrə ehtiyac duyulduğunu bildirib:


"Məktəbdəki tənəffüs müddəti ilə bağlı dəfələrlə müzakirələr aparılsa da, hər dəfə müxtəlif fikirlər səsləndirilib. Təhsildə xidməti, əməyi olan yaşlı nəsil bu məsələni dərk etmək istəmir, bunun belə qalmasına şagird və müəllimlərin də alışdığını misal gətirirlər. Amma birmənalı olaraq bildirirəm ki, bu məsələ baxılmasına ehiyac var. Məktəblərimizdə sanitar qovşaqlar yaxşı vəziyyətdə deyil. Şagird sayı 1000-1500 və daha çox olan məktəblər var ki, burada şagirdlərin ehtiyaclarını ödəməsi üçün heç bir şərait yoxdur. Bir anlıq düşünək ki, iki, üç sanitar qovşağı olub, şagird sayı da çox olan məktəblərdə quşaqların ondan istifadə etməsi qısa zamanda mümkün deyil. Fasilələrlə bağlı ciddi problemlər var.

Yeni nəsil, təhsil üzrə mütəxəsislər təklif edir ki, tənəffüs müddətinin iki, üç dəqiqə artırılması məqbul olsun. Məsələnin daha geniş müzakirə mövzusu olduğunu düşünürəm. Bu məsələ, dərs saatları ilə əlaqələndirilməli, dərs bölgülərinə yenidən baxılmalıdır. Söhbət konseptual yanaşma tələb edən məsələdən gedir. Əvvəlcə məsələnin geniş ictimai müzakirəsi aparılsın, daha sonra məktəblərdə müzakirə olunsun. Və müəyyən olunsun ki, neçə dəqiqə tənəffüs müddəti kifayət edər ki, şagirdlər qidalanma və digər ehtiyaclarını ödəyə bilsinlər. Mən inanmıram ki, vaxtın bir, iki dəqiqə az-çox olması təhsilin keyfiyətinə təsir edə bilər. Buna baxmayaraq, yenə də bildirirəm ki, ümumi şagirdlərin ehtiyaclarının ödənilməsi baxımından, bu məsələyə qayıdılmalıdır".

 

Ekspert dünya təcrübəsindən də söz açıb:

 

"Dünyada vəziyyət bir qədər fərqlidir. Məsələn, bizə qonşu olan, sovet sistemindən çıxan ölkələrin hamısında eyni tənəffüs qaydalarıdır. Türkiyədə isə bir qədər fərqlidir. Məsələn, ibtidai siniflər üçün ayrı, yuxarı siniflər üçün isə fərqli tənəffüs müddəti müəyyən olunub. Biz çalışmalıyıq ki, özümüzə yaxın olan ölkənin modelini qurmaq üçün cəhd edək".