Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 14:56:00
60 dil bilən İbrahim Cəfərov: “Dil öyrənmək üçün fitri istedad lazım deyil” - MÜSAHİBƏ

 Onun haqqında deyirlər ki, çoxlu dil bilir, bir dildə qrammatika və ən azı 6000 söz öyrənmək üçün 10 gün vaxt sərf edir.

 

Haqqında bəhs etdiyimiz İbrahim Cəfərov AzEdu.az-ın müsahibi olub. İbrahim müəllim deyir ki, ki, ona heç bir dil çətin gəlmir.

 

- Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz…

 

- Mən İbrahim Cəfər oğlu Cəfərov 1984-cü il iyulun 8-də Bakı şəhərində anadan olmuşam. Xalid Quliyev adına 62 saylı tam orta məktəbi bitirmişəm. Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsində təhsil almışam.

 

- 60 xarici dili bildiyiniz haqda məlumat doğrudur?

 

- Xeyr. Əslində, bildiyim dillərin sayı daha çoxdur. Tədris apardığım dillərin sayı isə hazırda 15-ə yaxındır.

 

- Dediniz ki, 15 dili tədris aparacaq səviyyədə bilirsiniz. Hazırda hansısa məktəbdə fəaliyyət göstərirsiniz?

 

- Hazırda heç bir məktəbdə fəaliyyət göstərmirəm. Ən son çalışdığım 169 nömrəli məktəbdə mənə böhtan atıb işdən çıxardılar. Dövlət müəssiələrində iş tapmaqda çətinlik çəkirəm.

 

- Hansı dilləri bilirsiniz?

- “Hansı dilləri bilmirsiniz” sualı qoyulsaydı, daha rahat cavab vermək olardı. İndiyə kimi 200-ə yaxın dil öyrənmişəm. Öyrənmək deyəndə ki, bəzi dilləri tədris aparmaq, bəzilərini də gündəlik danışıq səviyyəsində bilirəm.

Rus, ingilis, fars, ərəb, alman, fransız, Norveç, fin və başqa bir çox dili bilirəm.

Rus dilində 80 mindən çox, ingilis dilində 30 mindən çox, fransız, alman, ispan, hind, fars dillərində isə 15 mindən çox söz ehtiyatım var. Portuqal, fin, Norveç, İsveç və s. dillərdə 10 minə yaxın söz bilirəm.

Skandinav və ingilis dilindəki türk mənşəli sözlərlə bağlı araşdırmam var. Norveç və Azərbaycan nağıllarında olan bənzərliklər, Azərbaycanca-rusca-ingiliscə güləş terminləri lüğəti və s. vəsaitlər hazırlamışam.

 

- Dilləri necə öyrənmisiniz?

 

- Uşaqlıqda 4 ilə yaxın Yəməndə yaşamışıq. Düşünürəm ki, bunun böyük təsiri olub. Universitet vaxtı tələbələr dərsdən qaçanda mən icazə alıb günümü kitabxanada keçirdirdim. Dilləri öyrənən zaman bir çox çətinliklər olub: köhnə vəsaitlər, internetə çıxış imkanının məhdud olması və s. Ancaq ən vacibi, yeni biliklər əldə etmək istəyi hər çətinliyi aşmağa kömək oldu.

 

- Bir dili öyrənmək üçün nə qədər vaxt sərf edirsiniz?

 

- Səhərdən axşama kimi məşğul olsam, bir dili öyrənmək üçün 10 gün bəs edər. Düzdür, bura bütün qramatika daxil olsa da, təxminən 6000 söz nəzərdə tuta bilərik.

Çətin dil yoxdur. Sadəcə bəzi dillərin əlifbası və ya oxu qaydaları çox olur, ilkin mərhələdə insana çətin gəlir. Sonra vərdiş halı alır. 

 

- Bu qədər dil bilməyin həyatınıza nə kimi təsiri olub?

 

- Çox dil bilmək müxtəlif dillərdə mənbələrdən, ədəbiyyatdan istifadə imkanı yaradıb, yeni əcnəbi dostlar qazandırıb. Həmçinin, dünya xalqlarının mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmağıma kömək edərək dünyagörüşünə artırıb.

 

- Bu dillərdən harada istifadə edirsiniz?

 

- Əsasən, tədris etdiyim dilləri dərs zamanı, tərcümə edərkən, ümumi olaraq əcnəbi dostlarımla danışanda və xarici dildə film izləyəndə istifadə edirəm.

 
- İş tapa bilmədiyinizi qeyd etdiniz. Bu qədər dil bilirsiniz, müəllimlikdən başqa sahədə özünüzü sınamısınız?

- Antik əşyalardan ibarət kolleksiyam var, onları pul qazanmaq üçün satıram. Bundan əlavə, repetitor kimi uşaq da hazırlaşdırıram. Özünü tərifləmək kimi çıxmasın, əlimdən hər iş gəlir. Radio, televizor, kondisioner, avomobil təmir etməyi bacarıram. Sadəcə, dövlət müəssisələridə işləməyimə imkan yaradılmır, mənim biliyimi düzgün qiymətləndirə bilmirlər. Dəfələrlə komissiya təşkil etməyi, mənim savadımı testdən keçirməyi demişəm, amma laqeyd qalıblar. Məktəbdə işləmək istəyimdəki təkidimin əsas səbəbi insanlara bilik verə bilməkdir.

 

- Gələcək üçün planlarınız nələrdir? Heç xarici ölkədə işləməyi və ya yaşamağı düşünmüsünüz?

- Bəli, Türkiyədə işləmişəm bir müddət, həm müəllim, həm də tərüməçi kimi. Bir neçə ölkədən dəvət almışam, bu il dəyərləndirəcəm inşallah. Həmçinin, bu yaxınlarda Youtube kanalında 10-a yaxın dilə aid videodərslər hazırlayıb yerləşdirməyi planlaşdırıram.

 

- Son olaraq, xarici dil öyrənmək istəyənlərə tövsiyələriniz nədir?

 

- Gənclərimizə məktəbli və tələbəlik vaxtında dil öyrənməyə başlayıb uzatmadan tez bitirməyi məsləhət görürəm. İnsan böyüdükcə, iş və ailə həyatı qayğılarının artması ilə dil öyrənməyə çox vaxtı qalmır. Dilə vasitə kimi baxsınlar, məqsəd kimi yox. Dil öyrənmək üçün ağıllı, fitri  istedad lazım deyil. Hər işdə olduğu kimi, buna da daha çox vaxt ayırmaq lazımdır.