Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 11:22:00
Repetitorluq ləğv olunsa, təhsildə nə baş verər... - Ekspert NARAHATDIR

Elm və təhsil naziri Emin Əmrullayev dünənki çıxışında bildirib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil.


"Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər" deyən nazir qeyd edib ki, hər bir valideyn övladını əlavə dərs üçün müəllim yanına qoymaq hüququna malikdir.


Emin Əmrullayevinm açıqlaması təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb. Nazirlə razılaşanlarla yanaşı, etiraz edənlər də az deyil.


"Düşünürəm ki, nazirlə razı olmayan adamlar təhsil səviyyəsinin qalxmasını istəmirlər", - deyə təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında bildirib.  

 

Ekspert dünyanın inkişaf etmiş ölkələrində repetitorluq fəaliyyətinin mövcud olduğuna diqqət çəkib.

                                        

“Əvvəlcə qeyd edim ki, dünyanın inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrində repetitorluq fəaliyyəti mövcuddur. Məktəbdə təhsil və tədris yüksək səviyyədədir. Fərqli cəhətimiz ondan ibarətdir ki, onlarda uşaqlar məktəb təhsilinə önəm verirlər. Məktəbdə yaxşı oxuyurlar, kurslarda da öyrəndiklərini daha da bərkidirlər. Bizdə isə məktəbdə müəllimlərin bir çoxu  sırf şagird əlavə olaraq onun yanına məşğələyə gəlsin deyə, gündəlik dərsə o qədər də önəm vermirlər. Şagirdlər də “onsuz da hazırlıqlara gedəcəm və ya gedirəm” düşüncəsi ilə məktəb dərslərini boşlayırlar”.
 

No description available.

Müsahibimiz deyir ki, repetitorluq ləğv olunarsa, təhsilin səviyyəsi aşağı düşər:


“Repetitorluq ləğv olarsa, Azərbaycanda təhsildən söhbət gedə bilməz. Şagirdlər təkcə məktəb dərsləri ilə o qədər də uğur qazana bilməz. Xatırladaq ki, bu yaxınlarda 2 nəfər gəncimiz yüksək təqaüdlə nüfuzlu Avropa universitetlərinə qəbul olundular. Bunlara təkcə məktəb təhsili ilə nail olunmayıb. Onlar əlavə olaraq kurslara da gediblər”.

 

Adil Vəliyevin fikrincə, repetitor fəaliyyəti ləğv olunarsa, demək olar ki, şagirdlərin imtahan nəticəsi indiki nəticənin 25%-ni belə təşkil etməz.

 

Müsahibimiz müəllimlərin bir çoxunun repetitor fəaliyyəti ilə bağlı müsbət düşüncədə olduğu qənaətindədir.

 

“Müəllimlərin əksəriyyətinin repetitorluğa münasibəti müsbətdir. Səbəb də çox sadədir. Aldıqları əməkhaqqı onları qane etmədiyindən repetirorluq fəaliyyəti ilə əlavə gəlir qazanırlar”.