Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 14:50:00
Təhsil ekspetlərindən valideyn və müəllimlərə ÇAĞIRIŞ

Valideynlər və müəllimlər arasında hər zaman müəyyən problemlər olub. Problemlər çox zaman şagirdin dərs zamanı davranışları, valideynin övladının aldığı qiymətdən narazı olması və s. kimi səbələrlə bağlı olub. 

Bəs hazırkı dövrdə müəllimlər və valideynlər arasında yaranan ziddiyyətlərin əsas səbəbləri nədən ibarətdir?  Ziddiyyətləri hansı yolla aradan qaldırmaq olar? 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev AzEdu.az-a açıqlamasında bildirib  ki, müəllim-valideyn münasibətlərində ziddiyyətlərin formalaşması tədrisin keyfiyyəti və sosial münasibətlərin pozulması, kommunikasiyanın olmamasından irəli gəlir. 

“Valideynlər övladlarına hər hansı bir müəllim tərəfindən söz deyilməsini istəmirlər. Əvvəlki dövrlərdə şagirdin sinifdə nizam-intizam qaydalarını pozması, dərsin gedişatına mane olması, dərslərinin keyfiyyətində problem yaranması kimi hallarda müəllim onu tənbeh edirdi. Ancaq indi bəzi valideynlər belə məsələlərdə müəllimi qınayırlar. Övladlarına heç bir halda söz deməsilə razılaşmırlar. Müəllimin şagirdi tənbeh etməsi, valideynlə övladının çatışmazlıqları ilə bağlı söhbətlər aparması normal bir haldır. Bu, hər hansı bir ziddiyyətli vəziyyətlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi daşıyır”.  

Ekspert hesab edir ki, şagirdin təhsil keyfiyyətinin göstəricisi təkcə məktəbin tədrisindən asılı deyil. 

“Tədrisin keyfiyyətinə gəldikdə isə bu, birbaşa təhsil müəssisəsinin həll etməli olduğu işdir. Ölkədə 4400-dən çox məktəb fəaliyyət göstərir. 1 milyon 600 mindən çox isə şagird təhsil alır. Hər şagirdin təhsil keyfiyyətinin göstəricisi təkcə məktəbin tədrisindən asılı deyil. Övladının təhsil səviyyəsi aşağı olan valideyn bunu təkcə müəllimin üzərinə atmamalıdır. Şagirdin özü də sorğulanmalı, müşahidə olunmalıdır. Şagirdlərin hər birinin psixoloji vəziyyəti, temperamenti fərqlidirsə, bilik və bacarıqları da fərqli olacaq”. 

E.Əfəndiyev deyir ki, cəmiyyət üçün yeni fərdin yetişdirilməsində rol oynauan həm valideyn, həm də müəllim öz öhdəliklərinə daha məsuliyyətli yanaşmalıdır. 


“Hər iki tərəf kompromisə getməyi bacarmalıdır, düzgün əlaqələrin qurulması vacib şərtdir. Valideyn və müəllim hər şeydən əvvəl nəzərə almalıdır ki, yeni şəxsiyyətin formalaşmasında rol oynayırlar. Valideyn və müəllim öz öhdəliklərini yerinə yetirməlidir. Zəruri bir məqam olmadığı təqdirdə heç kim bir-birinin işinə müdaxilə etməməlidir. 

Məktəbdə şagirdin davranışı, təhsili və ya geyimi ilə bağlı hansısa problem varsa, ona şiddət göstərmək, təhqir etmək, şəxsiyyətini alçaltmaq yerinə, əvvəlcə özü ilə profilaktik söhbət aparılmalı, daha sonra isə valideyninə müraciət olunmalıdır. Valideyn isə bu yerdə üzərinə düşən məsuliyyəti dərk etməli və müəyyən tədbirlər görməlidir”. 

Təhsil eksperti Kamran Əsədov da açıqlamasında belə ziddiyyətlərə səbəb olan  nöqsanların son 3 il ərzində daha çox artdığını düşünür. 

“İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır. Bu o deməkdir ki, ən azı bu sayın yarısı qədər də valideyn hər gün təhsil prosesinin iştirakçısıdr. 

151 min müəllim bu qədər şagirdin təlim-tədris prosesi ilə məşğul olur. Təbii ki, zaman-zaman müxtəlif səbəblərdən məktəbdaxili münasibətlərin gərinləşməsini müşahidə edirik. Xüsusilə tədris prosesindəki nöqsanlar son 3 il ərzində daha çox artıb. Qeyd etdiyim kimi, son 3 il ərizndə müəllim-valideyn, direktor-valideyn arasındakı münasibətlər gərgin xarakter alıb”. 

Ekspert valideyn-müəllim arasındakı gərginliyin əsas 2 səbəbini qeyd edib: 

“Yaranan əsas problemlərdən biri valideynin məktəbdəki təhsildən narazı olub öz vəsaiti hesabına övladını repetitorların yanına göndərməsi ilə bağlıdır. 

Digər bir məsələ son zamanlar müəllimlərin şagirdlərə qarşı tətbiq etdiyi düzgün olmayan davranışlarıdır”.