Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 12:02:00
Dünənki imtahanda şagirdlər bu fəndən çətinlik çəkiblər - AÇIQLAMA 

16 aprel 2023-cü il tarixində Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

İmtahan bitdikdən sonra əksər şagirdlər sualların sadə olduğunu bildirsələr də, riyaziyyat və xarici dil fənnindən çətinlik çəkdiyini deyənlər də var.

 

Bəs sualların ümumi çətinliyi hansı səviyədə olub?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib:

 

"Aprel ayında keçirilən 9-cu siniflə və mart ayında keçirilən 11-ci siniflərin buraxılış imtahanında təqdim edilən test tapşırıqlarını təhlil etdik. Əlbəttə, hər bir imtahanın məzmun və məqsədi fərqlidir. Mart ayında keçirilən 11-ci sinif buraxılış imtahanı daha ciddi qəbul edilsə belə, buna baxmayaraq 9-cu siniflər üçün keçirilən yekun qiymətləndirmə orta ixtisas təhsil müsəssisələrinə qəbul olmaq, eyni zamanda fərqlənmə atestatı almaq üçün böyük əhəmiyyət kəsb edir".

 

Ekspert Azərbaycan dilindən sualların sadə, riyaziyyatdan isə çətin oluğunu bildirib:

 

"Biz dünən şagirdlərimizin yadında qalan suallar əsasında test tapşırıqlarının ilkin təhlilini apardıq. Məlum oldu ki, riyaziyyat fənni üzrə test tapşırıqları 9-cu sinif səviyyəsinə görə bir az çətin tiplidir. Biz müşahidə zamanı görürük ki, 9 aprel tarixində keçirilən imtahanda da eyni problem müşahidə olunub, amma bu dəfə riyaziyyat fənnindən və ingilis dilindən şagirdlər sualları cavablandırmaqda çətinlik çəkiblər. Biz imtahanın məqsədini başa düşməliyik. Yəni biz kimi və nə üçün qiymətləndirdiyimizi dərk etməliyik.

 

Şagirdlər Azərbaycan dili fənni ilə bağlı test tapşırıqlarının daha sadə olduğunu qeyd ediblər. Eyni zamanda, biz özümüz test tapşırıqlarını təhlil etdikdə görürük ki, bu fəndən təqdim olunan test tapşırıqları 9-cu sinif səviyəsinə tam olaraq uyğundur. Müəyyən edilən vaxt ərzində bu test tapşırıqlarını cavablandırmaq mümkündür”.