Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 13:00:55
Bakı Ali Neft Məktəbinə publik hüquqi şəxs statusu niyə verilmir? - Bu statusun üstünlükləri

Azərbaycanda Universitetlərin bir çoxu publik hüquqi şəxs statusuna sahib olsa da, bəziləri müəyyən qurumun tabeçiliyində fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri də Azərbaycanın aparıcı universitetlərindən olan Bakı Ali Neft Məktəbidir.

Bakı Ali Neft Məktəbi Azərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyindədir. Bu statusda fəaliyyətin ali məktəbin idarəçiliyində hansı məhdudiyyətlərə səbəb olduğunu və maliyyə imkanlarına  necə təsir göstərdiyini araşdırdıq.

AzEDU.az ali təhsil müəssisəsinin nizamnaməsində əks olunan əsas müddəaları diqqətə çatdırırıq:

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi (bundan sonra “Ali Məktəb”) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əmr və qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu nizamnaməni rəhbər tutur.

Ali Məktəb - müvafiq səviyyələr (bakalavr, magistr, doktorant) üzrə ali təhsil proqramlarını həyata keçirən dövlət ali təhsil müəssisəsidir. Ali Məktəb “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən dövlət təhsil müəssisəsidir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “Şirkət”) tabeliyindədir.

Ali Məktəb öz öhdəlikləri üçün ona verilmiş əmlak həddində mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Ali Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydalan"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Filialın rəhbəri (direktoru) Ali Məktəbin vəsatəti əsasında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təyin edilir.

Ali Məktəbdə təhsil Azərbaycan Dövlət Neft Şirkətinin hesabına və ödənişli əsaslarla həyata keçirilir. Ali Məktəbdə mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: bakalavriat; magistratura; doktorantura.

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:  əyani; qiyabi; distant.

Ali Məktəbin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır, onun yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin müəyyən etdiyi qaydada tənzimlənir.

Ali Məktəbin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata keçirilir. Ali Məktəbin rektoru qanunvericiliyə uyğun qaydada təyin olunur və ya vəzifəsindən azad edilir.

Rektor əvəzçiliklə təyin oluna bilməz.

Ali Məktəbin prorektorları (tədris, elm, təlim-tərbiyə, təsərrüfat işləri və beynəlxalq əlaqələr üzrə) Ali Məktəbin rektorunun təqdimatı əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təyin olunurlar.

Bəs digər universitetlərin sahib olduğu publik hüquqi şəxs nədir və bu statusa sahib olmağın hansı üstünlükləri var?

Məsələ ilə bağlı AzEDU.az-a açıqlamasında hüquqşünas Anar Ramazanov bildirib ki, bu, dünyada geniş yayılmış təşkilatlanma növüdür:

anar.jpg

“Publik hüquqi şəxslər digər hüquqi şəxslərdən bir çox cəhətlərə görə fərqlənirlər. İdarəetmənin təkmilləşdirilməsinin, fərqli idarəetmə metodlarının, korporativ etikanın tətbiq olunması məqsədilə bir sıra qurumlar publik hüquqi şəxs olaraq yaradılır. Məsələn, dövlət orqanlarında idarə heyəti, təftiş komissiyası, daxili audit yaradıla bilməz. Çünki nazirliklərin idarəetmə strukturu dövlət qulluğu haqqında qanunvericiliklə tənzimlənir və birbaşa dövlətə tabedir. Yüksək korporativ idarəetmə sistemlərində dünya təcrübəsinin tətbiq olunması üçün müəyyən idarəetmə qurumlarının publik hüquqi şəxsə çevrilməsinə ehtiyac var. Bu statusu alan müəssisələr dövlət orqanı hesab edilmir. Əgər hansısa publik hüquqi şəxsin heyətində rəhbər dəyişikliyi olarsa, müəyyən qərarlar qəbul olunarsa, bu status həmin qərarların çevik və operativ olmasını təmin edir. Yəni, qurum dövlətin tabeliyindədirsə, qərar qəbul olunduqda mütləq nazirlik, Prezident Administrasiyası və digər yüksək qurumlara müraciət edilməldir. Bütün bunları yuxarı vəzifəli şəxslərlə razılaşdırmaq, koordinasiya etmək isə xeyli vaxt alır.

Publik hüquqi şəxs statusu idarəetməni mütərəqqiləşdirir, idarəetmə opertiv və çevik olur. Müəyyən qərarları bu status almış qurum özü özlüyündə qəbul edə bilir. 3-cü əsas özəllik dövlətin xeyli büdcə xərcindən azad olmasındadır. Əvvəllər dövlət orqanı statusu daşıyan qurumların bir çoxu bu gün publik hüquqi şəxslərə çevrilir. Həmin qurumlara dövlət büdcəsindən vəsait ayrılmır və dövlət maddi baxımdan udur”.

Hüquqşünas bu qurumların necə maliyyələşdiyini isə belə açıqlayıb:

“Bu statusa sahib müəssisəni publik hüquqi şəxslər haqqında qanuna görə dövlət adından iki vəzifəli şəxs- Azərbaycan Respublikasının prezidenti və Nazirlər Kabineti yarada bilər. Belə olan halda həmin müəssisənin təsisçisi dövlət olur. Prezidentin fərmanı ilə publik hüquqi şəxs təsis edilir və həmin müəssisənin nizamnaməsi təsdiq edildikdən sonra müəssisə özü-özünü idarə edir. Yəni, dövlətin adından həmin quruma idarəetmə səlahiyyətləri verilir. Onlar özləri-özlərini maliyyələşdirilər. Gələcəkdə xüsusi təyinatlı universitetlər istisna olmaqla, bütün universitetlərin publik hüquqi şəxsə çevriləcəyi realdır. Universitetlər bu halda rəqabətə davamlı olacaq. Hazırda ölkədə ingilis dilini öyrədən kifayət qədər şirkətlər var. Nəyə görə onlar bazarda yer tuta bildi? Çünki Azərbaycanda universitetlər dövlət hesabına maliyyələşdiklərinə görə dövlətə arxayın idilər və heç bir iş görmürdülər. Məsələn, Azərbaycan Dillər Universitetində niyə  ingilis dili kursu fəaliyyət göstərmir? Hamıya dil öyrənərək Azərbaycan Dillər Universitetinin sertifikatını almaq maraqlı olar, nəinki hansısa dil kursunun".

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları