Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-16 21:19:00
“Hamı deyirdi çətin olacaq, gözümüzü qorxutmuşdular” - İmtahandan REPORTAJ

Aprelin 16-da Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi.

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda 48 mindən çox şagirdin iştirakı barədə məlumat yayıb.

AzEdu.az saytının əməkdaşları DİM-in icazəsilə növbəti dəfə imtahanları müşahidə edib.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhərindəki 83 nömrəli məktəb-liseydə olduq.

 

İmtahana gələn valideynlər də, şagirdlər də çox rahat idilər. Simalarında həyəcan hiss olunmurdu. İmtahan öncəsi bir neçə valideynlə söhbətləşdik. Hamısı övladlarının yaxşı nəticə göstərəcəklərinə dair ümidli idi. 

 

Çiçək Novruzova adlı valideyn övladının imtahana yaxşı hazırlaşdığını, elə bu cür də nəticə gözlədiklərini söylədi:

“Övladım əla oxuyur, yaxşı nəticə gözləyirik. Repetitorla hazırlaşıb, heç bir fəndən çətinliyi yoxdur, riyaziyyatı da əladır. O, təhsilini I ixtisas qrupu üzrə davam etdirmək istəyir”.

 

Açıklama yok.

 

Canbulaq Məmmədov adlı digər valideyn də övladından yaxşı nəticə gözlədiyini bildirdi:

 

“Normal hazırlaşıb, yaxşı nəticə göstərəcəyinə ümid edirik. Müəllim yanına getməyib, özü hazırlaşıb. Hələ ki oxuyacağı ixtisası seçməyib”.

 

Açıklama yok.

 

Növbəti müsahibimiz Gülayə Səfərli dedi ki, qardaşı əvvəllər çox nailiyyət qazanıb, buraxılış imtahanına yaxşı hazırlaşmasa da, gözəl nəticə göstərəcəyinə əmindir:

 

“Qardaşım - Səfərli Raul əsasən, idmanla məşğul olduğu üçün dərsə elə də maraq göstərmirdi. Orta səviyyədə biliyi var, özü hazırlaşıb. İngilis dilindən biliyi bir az zəifdir, amma riyaziyyatı yaxşıdır. Uşu-sanda üzrə 2022-ci ildə İndoneziyada keçirilən yarışda dünya çempionu olub, bürünc mükafatçıdır, dünən keçirilən yarışda yenə qalib olub. Yenə də təhsilini idman üzrə davam etdirmək istəyir, məqsədi idman müəllimi olmaqdır”.

 

Açıklama yok.

 

Daha bir valideyn İntiqam Əhmədov isə oğlundan narazı idi, dedi ki, dərslərə heç marağı yoxdur. O, bunun səbəbini müəlliminin övladında yaratdığı travma ilə əlaqələndirdi:

 

"Oğlum imtahana heç hazırlaşmayıb. Məktəbə də elə-belə gedib oturub qayıdır, qiymətləri "2", "3"dür. Əslində öyrənmə qabiliyyəti yaxşıdır. Mövzunu bir dəfə oxuyanda əzbər danışa bilir, amma dərsə heç marağı qalmayıb. Sinifdən sinifə güclə bizim dəstəyimizlə keçir. Bunun da günahkarı məktəbdəki müəllimidir.

 

İki övladım var. Məktəbdəki müəllimi böyük oğlumda travma yaradıb. Oğlum Elm və Təhsil Nazirliyinin yanındakı 202 nömrəli məktəbdə təhsil alırdı. Uşaq birinci sinifə gedəndə həmin müəllim deyib ki, kim dərsini oxumasa, onu soyundurub direktorun yanına aparacam. O vaxt müəllimin hardasa 55 yaşı var idi, cavan da deyildi ki, deyəsən, səhvdir edib. Getdim özü ilə danışdım. Müəllim ən şərəfli addır, etdiyinin çox ayıb, utancverici hərəkət olduğunu bildirdim. Bu hadisədən sonra nə etdimsə, uşaqda dərsə sevgi yarada bilmədim. Altıncı sinifə qədər ağlaya-ağlaya aparırdım məktəbə. İndi İT sahəsinə marağı var. O ixtisas üzrə hazırlaşması üçün əlimizdən gələni edirik.

 

Kiçik oğlumun müəllimi Şəfa xanım isə övladımda o qədər dərsə həvəs yaradıb, bilik aşılayıb ki, uşaq bir gün də dərsdən qalmır, qiymətləri də əladır. Müəllimin biri övladımı bədbəxt etdi, biri isə savad verdi".

 

Söhbət əsnasında bizə maraqlı olan suallardan biri uşağın bu məsələ ilə bağlı psixoloji yardım alıb-almaması idi. Atası isə bu haqda heç düşünmədiklərini söylədi.

 

 Açıklama yok.

 

Nəhayət imtahan başa çatdı...

 

Binadan çıxan şagirdlərin demək olar ki, hamısı imtahanın asan keçdiyini dedi. Bu dəfə məktəblilər daha cəsarətli idilər. Bir çoxu ilə söhbət etməyə nail olduq. 

 

Bahar Muxtarlı sualların əksəriyyətinin asan olduğunu dedi:

 

“Suallar rahat idi, sadəcə, bəzilərini yaza bilmədim. Mənə görə, ən çətin ingilis dili idi, Azərbaycan dili və riyaziyyat isə nisbətən asan idi. Özüm hazırlaşmışdım. Musiqiyə çox marağım var, mahnı oxumağı sevirəm. Amma hansı olduğu fərq etməz - bir kollecə qəbul olunmaq istəyirəm, yəqin paralel olaraq musiqi sahəsində də təhsilimi davam etdirəcəm”.

 

Açıklama yok.

 

Kənan Cəfərli də sualların səviyyəsinin çox asan olduğunu, nisbətən riyaziyyatda çətinlik çəkdiyini söylədi:

 

“İmtahan yaxşı keçdi, suallar asan idi. Riyaziyyatdan açıq suallarda bir az çətinlik çəkdim, amma yenə də hamısını cavablandırdım. Repetitorla hazırlaşıram. II qrup üzrə bank işi sahəsində təhsil almaq istəyirəm”.

 

Açıklama yok.

 

Rəna Süleymanlı adlı şagird imtahanın gözlədiyindən daha asan olduğunu bildirdi:

 

“Hamı deyirdi çətin olacaq, gözümüzü qorxutmuşdular. Hazırlığa getdik, nə qədər əziyyət çəkdik. Düşünürdüm ki, imtahan çətin olacaq, amma yaxşı yazdım. Mən kollecə getməyi düşünmürəm deyə 100 balı keçsəm, kifayətdir. Mənə görə ən çətin riyaziyyat idi. Ən asan Azərbaycan dili idi, mətnləri çox rahat yazdım. Gələcəkdə ingilis dili tərcüməçliyi ixtisası üzrə təhsil almaq istəyirdim, amma hamı dedi ki, çox çətindir, ona görə də fikrimdən daşındım, hazırda II qrup üzrə hazırlaşıram”.

 

Açıklama yok.

 

Uğur Əzimov çalışqan olmadığını düşünsə də, imtahanda yaxşı yazdığını, gələcəkdə kompüter mühəndisliyi üzrə təhsil almaq istədiyini bizimlə bölüşdü:

 

“Çalışqan uşaq olmasam da, imtahan mənim üçün yaxşı keçdi. Bəzi çətin suallar olsa da, hamısını yazdım. Əsas riyaziyyatın son sualları çətin idi, digərləri asan gəldi mənə xüsusən də Azərbaycan dili rahat oldu.  Məqsədim I ixtisas qrupu üzrə kompüter mühəndisliyi sahəsində təhsil almaqdır”.

 

Açıklama yok.

 

İmtahan yerinə təcili tibbi yardım briqadası da cəlb olunmuşdu. Həkim Nərmin Əsədova imtahan zamanı hər hansı tibbi müdaxiləyə etiyac olmadığını bildirdi:

 

“Növbə zamanı heç bir müraciət olmadı. Sadəcə, bir oğlan uşağı həyəcanlanmışdı, dəstək verdik, tibbi müdaxiləyə ehtiyac qalmadı, o şagird də  imtahana daxil oldu”.

 

Qeyd edək ki, imtahana gələn şagirdlərin üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan şagirdləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız şagirdləri isə xüsusi kabinədə qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar.  Yoxlanışda şagirdlərə telefon, saat kimi vasitələri içəri keçirməsinə icazə verilmirdi.

 

Müşahidəmiz zamanı məktəblilərin şəxsi əşyalarını təcili tibbi yardım maşınında həkimə əmanət edib imtahana girdiklərinə şahid olduq. Məsələ ilə bağlı həkim N.Əsədova bildirdi ki, bu onlara problem yaratmır, bacardıqları qədər şagirdlərə kömək olmağa çalışırlar:

 

“Uşaqlar özləri ilə telefon, saat kimi şəxsi əşyalarını gətirirlər. İmtahana girişdə yoxlanış zamanı belə vastələr içəri buraxılmadığı üçün bizə gətirib əmanət edirlər. Biz də saxlayırıq, imtahan bitəndə gəlib təhvil alırlar. Gətirməsələr daha yaxşıdır, amma artıq bura qədər gətiribsə, kiməsə təhvil verməlidir. Ona görə onları da başa düşürük, bu şəkildə kömək etməyə çalışırıq”.

 

Sonda imtahan rəhbəri İlham Soltanovdan məlumat aldıq. O bildirdi ki, imtahan prosesi problemsiz keçib:

 

“Bu məktəbdə 285 nəfər şagirdin imtahanda iştirak etməsi nəzərdə tutulurdu, onlardan sadəcə bir nəfər qız gəlmədi. Onun da hansı səbəbdən imtahanda iştirak etməməsi bizə məlum deyil. İmtahan təyin olunduğu vaxtda, yəni saat 11:00-da başladı. Hər şey qaydasında irəlilədi. Nəzərdə tutulmuş vaxta da, yəni 14:00-da bitdi”.

 

Açıklama yok.

 

İ.Soltanov şagirdlərin tələb olunan sənədlərlə bağlı səhlənkar davrandıqlarını da qeyd etdi. İmtahana gələn şagirdlərin yaddaş kitabçasındakı qaydalarla tanış olmasının vacibliyini deyərək, valideyn və məktəbliləri son dərəcə diqqətli olmalı çağırdı:

 

“Kütləvi informasiya vasitələrində: televiziya, radio, qəzet və saytlarda, hətta şagirdlərin yaddaş kitabçasında da əvvəlcədən məlumat verilir ki, imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədi gətirmələri tələb olunur. Çox təəssüflər olsun ki, hər imtahanda bu səhvlər davam edir. Bəzi şagirdlər şəxsiyyəti təsdiq edən sənədi gətirmir, köhnə nəsil şəkilsiz şəxsiyyət vəsiqələri olanlar isə məktəbdən arayış almağı unudurlar. Bu məsələdə əsas məsuliyyət şagirdin üzərinə düşsə də, eyni zamanda, burada valideynlərin də səhlənkarlığını qeyd etməyə bilmirəm. Valideyn övladını imtahana göndərirsə, onlar bu proseslə yaxından maraqlanmalıdırlar. Tələb olunan sənədlərin təqdim olunmasını təmin etmək onların borcudur.

 

Belə hallar bizə də çətinlik yaradır. Sənədləri qaydasında olmayan şagirdləri biz imtahanda iştirakına icazə verə bilmirik. Təəssüf ki, bu gün də belə bir hal baş verdi. Şagirdlərdən biri şəxsiyyət vəsiqəsinin şəkilsiz olmasına baxmayaraq, məktəbdən arayış almamışdı. Biz ona 10:45-ə qədər vaxt verdik. Şagird ən yaxın ASAN xidmətə müraciət edərək şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiq olunmuş surətini gətirib təqdim etdi.

 

Digər şagird isə Xırdalandan gəlmişdi, amma şəxsiyyət vəsiqəsini evdə unutmuşdu. Yaxşı ki, tez saatda gəlmişdi, gətirməsi üçün vaxtı olduğunu bildirdik. Sənəd valideyni tərəfindən sonradan çatdırıldı. Biz də şagirdlərin imtahanda iştirakına şərait yaratdıq.

 

Çox xahiş edirik ki, insanlar bu barədə daha çox məlumatlandırılsın. Şagirdlər imtahana tələb olunan sənədləri gətirməyi unutmasınlar, valideynlər, məktəblilərin yaxınları da bu məsələdə maksimum dərəcədə diqqətli yanaşsınlar.

 

İmtahan rəhbəri bir şagirdin içəri siqaret keçirmək istəyini xatırladaraq, valiqdeynlərə çağırış etdi:

 

“Bəzən valideynlər imtahana giriş zamanı aparılan ciddi yoxlanışdan şikayət edirlər. Ancaq siz bilməlisiniz ki, övladlarınızın cibindən nə çıxır. Şagirdlərin cibindən qələm, dəftər, imtahan üçün tələb olunan sənədlərdən başqa hər şey çıxır. Dualar, təsbeh, bıçaq kimi ağıla gəlməyəcək şeylərin yoxlanış zamanı məktəblilərin üzərində tapılmasının şahidi olmuşuq. Əvvəlki imtahanlarda da biz gördük ki, abituriyentlər aid olmayan vasitələrlə gəlirlər. Bunlardan valideynlərin xəbəri olmalıdır ki, övladlarına nəzarət etsinlər. Həmin uşaq kriminal meyilli amillərin təsiri altındadırsa, onu düz yola gətirsinlər. Bəzən yoxlanış zamanı yandıran, siqaret kimi vasitələr də tapılır. IX, XI sinif şagirdləri bu yaşdan sağlamlıqlarına ziyan vururlar. Əsas da bu vasitələrlə imtahana gəlirlər. Hətta bir məktəbli deyirdi ki, “siqareti içəri keçirim, arada ürəyim sıxılır, fasilədə istifadə edərəm”. Baxın, belə çətinliklərlə qarşılaşırıq. Valideynlərdən xahiş edirik, övladlarınıza nəzarət edin. Şagirdlər imtahana lazımlı sənədlərlə gəlsinlər, belə prosesə aid olmayan vasitələr gətirməsinlər".

 

O, sonda şahid olduğu bir hadisəni bizimlə bölüşərək belə məsələlərdə əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü qeyd etdi:

 

“Ötən dəfə 9 illik buraxılış imtahanında Suraxanı rayonunda bir hadisə ilə rastaşdım. İmtahanın başlamasından bir saat sonra bir şagird binannı tərk etdi. 10 dəqiqə sonra yenidən valideyni ilə birlikdə qayıtdı və yazdığını cavab kartına köçürmədiyini bildirdi. Mən Dövlət İmtahan Mərkəzinə bu barədə müraciət etdim. DİM-dən bildirildi ki, o şagirdin yenidən imtahan zalına qayıtma hüququ yoxdur. Nəzarətçi müəllim də şagirdə imtahan otağını tərk edən zaman cavabını cavab kartına köçürmədiyini bildirdiyini dedi. Bu xəbərdarlığa baxmayaraq, şagird özü getmək istədiyini deyib. İmtahan zalındakı digər iştirakçılar da məktəblinin özünün yazmaq istəmədiyini təsdiqlədilər.

 

Mən valideynə məlumat verdim ki, DİM-ə müraciət edə bilər. Üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün növbəti həftə baş tutan imtahan da yenidən cəlb olunmasına şans verilir. Valideyn isə cavabında DİM-in yerləşdiyi ünvana getmək üşün vaxtı olmadığını dedi. Mən artıq bunu eşidəndən sonra o şagirddə günah görmədim. Valideyn belə düşünürsə, əlbəttə, şagird də elə nəticə göstərəcək”.
 

Ümumilikdə həmsöhbət olduqlarımızın fikirlərindən belə nəticəyə gəldik ki, imtahan sualları asan olub. İmtahan prosesi qaydalara uğun şəkildə keçib.

 

Beləcə, 83 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

 

Foto: Murad Əliyev