Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 11:30:00
Dərsə gəmi və helikopterlə gedən Məmmədxan müəllim: “Məktəbi təsadüfən seçmişəm” - MÜSAHİBƏ

Hər dəfə işə gəmi ya da helikopterlə gedir, bəzən həftələrlə ailəsindən uzaqda qalır.

 

Haqqında bəhs etdiyimiz müəllim Bakı şəhəri Pirallahı rayonunun Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbinin müəllimi 27 yaşlı Məmmədxan Hüseynovdur.

Məmmədxan müəllim AzEdu.az saytının müsahibi olub. Adada işləməyin çətinliklərindən bəhs edən müəllim bildirib ki, bu məktəbi bilərək seçməyib.

 

 

- Adadakı məktəbdə işləmək öz istəyiniz idi?

 

 

- 2020-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edib 56 bal toplamışam. Dənizin ortasında bir təhsil ocağı olduğu haqqında məlumatım var idi, amma onun 131 nömrəli məktəb olduğunu bilmirdim. Ona görə də iş yerini seçərkən 131 nömrəli məktəbi bilərək yazmamışdım. Vakansiyalarda Bakı şəhərindəki 131 nömrəli tam orta məktəb yazılmışdı, mən də düşündüm ki, yəqin şəhərin mərkəzində yerləşir. Ağlıma gəlməzdi ki, dənizin ortasında olan məktəbin adı da Bakı şəhəri kimi qeyd olunar.

 

 No description available.

- Məlumatı olmayanlar üçün bir az məktəb haqqında danışa bilərsiniz?

 

 

- Tam 11 illlik orta məktəbimiz 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə 11 sinif, kompüter otağı, laboratoriya, kitabxana və idman zalı var. Eyni zamanda, şagirdlərin boş vaxtlarını səmərəli keçirmələri üçün burada müxtəlif dərnəklər də fəaliyyət göstərir. Mən Azərbaycan dili və ədəbiyyat fənnini 5, 6, 7-ci siniflərə tədris edirəm.

 

 

- Adadakı məktəbdə işləməklə digər ərazilərdəki məktəblərdə çalışmağın fərqi nədir?

 

 

- Adadakı məktəblərlə digərlərinin ən böyük fərqi təbii ki, yolundadır. Bizi iş yerinə bəzən gəmi, bəzən helikopter aparır. 2020-ci ildən daimi əsaslarla burada işləyirəm. Gediş-gəliş çox çətindir. Buna baxmayaq biz həvəslə, sevə-sevə hər həftə bu yolu gedib-gəlirik.

 

 

No description available.

-
Dənizdə olarkən hansısa çətin vəziyyətlə qarşılaşmısınız?

 

 

- Bəli, təhlükəli şəraitə düşdüyümüz anlar da olur. Dənizin dalğaları hündür  olanda bəzən təhlükəli şəraitdə məktəbə gəlirik ki, həftənin birinci günü dərsimizə çata bilək. Dənizdə bir neçə dəfə dalğaya düşmüşük, iş yerinə çətinliklə gəlib çatmışıq. Elə olub ki, 4-5 saat yol gəlmişik, amma külək səbəbindən gəmi limana yan ala bilməyib, yenidən gəldiyimiz yolu geri qayıtmışıq. Bəzən elə olur ki, həftələrlə ailəmizdən, evimizdən uzaqda - dənizdəki adada qalırıq. Külək olduğundan evimizə gedə bilmirik. Çox əziyyət çəkirik.

 

 

- Həftədə neçə dəfə bu yolu qət edirsiniz?

 

 

- Əslində, bu müəllimin dərsinə görə dəyişir. Mən hər gün gedib-gəlmirəm. Həftənin 4-cü günü gedirəm, bazar günü isə qayıdıram. Normalda axşam minirik gəmiyə, növbəti gün səhər gedib çatırıq. Mənim 4-cü günlər səhər bir saat dərsim olur, həmin gün evə gedə bilərəm. Lakin mən işimin tez bitməsinə baxmayaraq, ancaq 4-cü gün axşam, ya da 5-ci gün səhər gedib çatıram evə.

 

 

No description available.

-
Qeyd etdiniz ki, həftələrlə ailənizdən uzaq qalırsınız. Bəs adada qaldığınız ən uzun müddət nə qədər olub?

 

 

- Adada ən çox pandemiya vaxtı 25 gün qalmalı olmuşam. Çox çətin günlər idi. Adaya gəlmək üçün 10 günü karantin rejimində hoteldə keçirdik. Ondan sonra dərslər distant oldu və evimizə qayıtdıq. 

 

 

- Müsahibənin əvvəlində bildirdiniz ki, bu məktəbi öz istəyinizlə seçməmisiniz. Gələcək planlarınızda məktəbi dəyişmək kimi bir fikriniz var?

 

- Adanın havası rütubətli olduğuna görə bura gələndən sonra məndə demək olar ki, hər gün allergiya baş verir. İkinci əsas məsələ magistr təhsili almaq istəyimdir. Bu və bəzi başqa şəxsi səbəblərə görə iş yerimi dəyişmək fikrim var.

 

 

No description available.

-
Son olaraq nə demək istərdiniz?

 

- Ölkəmizdə Çilov adası haqqında çox az adamın məlumatı var. Biz bir müəllim olaraq Elm və Təhsil Nazirliyindən bizə psixoloji və mənəvi dəstək gözləyirik. Bu əziyyətlərin qarşılığında xoş sözlər bizə motivasiya mənbəyi ola bilər. 


AzEdu.az-ın QEYDİ: Rasim İbrahimov adına 131 №li tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasinda yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hal-hazirda 11 sinif olmaqla 71 nəfər şagird təhsil alır. Məktəbdə yalnız Azərbaycan bölməsi fəaliyyət göstərir. Burada məktəbəhazırlıq qrupu yoxdur. Məktəbin iş rejimi iki növbəlidir.
Ümumi sayı 33 nəfər olan işçilərin 20 nəfərini pedaqoji, 13 nəfərini isə texniki əməkdaşlar təşkil edir.
Məktəbin binasi Azərbaycan Respublikası dövlət neft şirkətinin "28 may" adina NQÇİ-nin balansındadır. Bina2007-ci ildə əsasli təmir olunub və məktəbə lazım olan avadanlıqlar verilib.
Burada Çilov adasında yaşayıb-işləyən neft və qazçıxarma işliərinin övladları təhsil alırlar.