Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 11:28:00
ADU-nun xaricdə təhsil imkanları – İkili diplom, Erasmus+...

Dövrün tələbləri ilə ayaqlaşmağa çalışan gənclər üçün ən aktual mövzulardan biri də xaricdə təhsildir. Xarici ölkələrdə bakalavr və ya magistr təhsili almaq istəyən gənclərimizin sayı az deyil. Buna baxmayaraq, ölkəmizdə təhsilini davam etdirib, eyni zamanda, xarici diploma malik olmağı istəyənlər üçün də bu imkanları yaradan universitetlərimiz var.

 

Layihəmizin növbəti araşdırma yazısı Azərbaycan Dillər Universitetində (ADU)  mövcud olan xaricdə təhsil proqramları haqqındadlr.

 

 

ADU-dan AzEdu.az-a universitetin ikili diplom proqramları barədə məlumat verilib:

 

“ADU-nun İngiltərənin Esseks Universiteti və Fransanın Strazburq Universiteti ilə ikili diplom layihələri var. Bundan əlavə, Türkiyənin Atılım Universiteti ilə ikili diplom proqramı yekunlaşmaq ərəfəsindədir, o cümlədən Türkiyənin Kars Qafqaz Universiteti və Ordu Universiteti ilə bununla bağlı müzakirələr aparılır”.

 

Universitetdən verilən məlumatda bildirilib ki, ADU-da xarici dillərin öyrənilməsi, xarici ölkələrdə isə müvafiq olaraq Azərbaycan dilinin təbliğatı məqsədli mədəniyyət mərkəzləri fəaliyyət göstərir:

 

“Azərbaycan Dillər Universitetində hazırda bir çox dilləri təbliğ edən, öyrədən, 20-dən çox dil və mədəniyyət mərkəzləri var. Bu mərkəzlər müxtəlif dillərin və həmin dillərin daşıyıcısı olan xalqların mədəniyyətini, tarixini, ədəbiyyatını Azərbaycanda təbliğ edir. Bunlar Rusiyaşünaslıq mərkəzi, Skandinaviya mərkəzi, İndoneziya araşdırmalar mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Hind dili və mədəniyyəti mərkəzi, Alman oxu zalı, Yaponiya Araşdırmalar mərkəzi, İtalyan dili mərkəzi, Amerika mərkəzi, İspan dili mərkəzi, Koreya mədəniyyəti mərkəzi, Rumin dili və mədəniyyəti mərkəzi, Frankofoniya İnstitutu, Fransız dili və mədəniyyəti mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi, Türkiyə araşdırmalar mərkəzi, Ermənistan araşdırmalar mərkəzi, Konfutsu İnstitutu, Avstriya kitabxanası, Yunan araşdırma və mədəniyyət mərkəzi, Germanistika İnstitutu, Serb dili və mədəniyyəti mərkəzidir.  Mərkəzlərdə danışıq klubları, eləcə də müxtəlif mədəni tədbirlər təşkil olunur.

 

Eləcə də, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmağa başlayıb. Xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaq məqsədilə hazırda Çin Xalq Respublikasında, Rumıniyada, Serbiya, Pakistan, İndoneziya, Rusiyada Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

 

Azərbaycan dilinin tədrisinə gəlincə isə hazırda Macarıstanın ELTE, Serbiyanın Belqrad və Litvanın Vilnüs Universitetlərində bizim təşəbbüsümüzlə Azərbaycan dilinin tədrisi təşkil edilib. Xorvatiyada və Mərakeşdə də həm Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı, həm də Azərbaycan dilinin tədrisinin başlanması üzrə danışıqlar gedir”.

 

Eyni zamanda, universitetin Erasmus proqramları haqqında da məlumat verilib. Qeyd olunub ki, bu proqramlar çərçivəsində son on ildə 500-dən çox tələbə dünya universitetlərinə göndərilib:

 

“ADU Erasmus+ proqramı çərçivəsində İtaliyanın Kafoskari Universiteti, Rumıniyanın Babes-Bolyai, Lucian Blaga, Buharest, Alexandru Yoan Kuza Yasi, Piteşti və Transilvaniya Universitetləri, Fransanın Bordo, Ruan Universitetləri, Polşanın Konin Universiteti, Serbiyanın Belqrad Universiteti, Türkiyənin Hacettepe, Sivas Cümhuriyyət, Qafqaz, İspaniyanın Kadiz və Mursiya Universitetləri ilə əməkdaşlıq edir, eyni zamanda, Litvanın Vilnus Universiteti, Türkiyənin Sakarya Uygulamalı Bilimlər və İstanbul Aydın Universitetləri ilə müqavilə imzalanmaq planlaşdırılır. Universitetimiz ümumilikdə 23 xarici universitet ilə əməkdaşlıq edir. ADU-nun Türkiyənin 9 Eylül, Hacettepe, Sivas Cumhuriyyət, Qafqaz, Atılım, Alanya Alaatdin Keykubat, Sakarya Uygulamalı Bilimlər, Bandırma Onyeddi Eylül, Tekirdağ Namık Kemal, Erciyez, Üsküdar, Çanakkale Onsekkiz Mart, Ankara və İstanbul Aydın Universitetləri, Praqanın  Beynəlxalq və İctimai Əlaqələr ofisi, Çexiya Karaqanda Universiteti, Qazaxıstanın Atrau Universiteti, Serbiyanın Belqrad Universiteti, Gürcüstanın Batumi Dənizçilik Məktəbi, Rusiyanın Ural Federal Universiteti,  Tolstoy adına Tula Dövlət Pedaqoji Universiteti, Xakasiya Universiteti, Belarusiyanın Baranoviçi Universiteti, İndoneziyanın İslam Malanq Universiteti, İndoneziya Universiteti, Xorvatiyanın Zaqreb Universiteti, Macarıstanın Elte Universiteti ilə tərəfdaşlıq müqavilələri var və genişlənir. 

 

Bu proqramlar çərçivəsində son on ildə 500-dən çox tələbə dünya universitetlərinə göndərilib. Əməkdaşlıq müqavilələri müəllimlərin təkmilləşməsini, birgə tədqiqatların həyata keçirilməsini, birgə nəşrlər, elmi və elmi-metodik əsərlərin jurnallarda dərc olunmasını, professor-müəllim heyətinin peşə hazırlığının artırılması istiqamətində birgə layihələri, inzibati işçilərin kvalifikasiyasının aparılmasını və sair nəzərdə tutur.

 

Turkish Flagship proqramı 2016-cı ildən bəri Azərbaycan Dillər Universitetində həyata keçirilir. Bir illik akademik proqramda İndiana Universitetinin yerli Flagship proqramı çərçivəsində yüksək dil səviyyəsinə yiyələnmiş tələbələr iştirak edir. Tələbələr proqram müddəti boyunca türk dilini professional şəkildə öyrənir, dilin dərinliklərinə vararaq müxtəlif mövzularda təqdimatlar hazırlayır, türkdilli təşkilatlarla təcrübə keçməklə peşəkar səviyyədə dil inkişafı üçün geniş imkanlardan yararlanırlar.

 

2021-2022-ci tədris ilində Azərbaycan Dillər Universiteti və ABŞ Dövlət Departamenti arasındakı əməkdaşlıq çərçivəsində CLS Refresh proqramında 12 amerikalı məzun Azərbaycan dilini öyrənmişdir. Proqram 4 ay (sentyabr-dekabr) davam etməklə hər bir tələbə üçün fərdi şəkildə olaraq təşkil olunub”.