Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 10:34:00
Hansı universitetdə tələbələr imtahan sessiyalarının təşkilindən razıdır? - SORĞU

Azərbaycan universitetlərinin hər birinin özünəməxsus qaydaları mövcuddur. Ali təhsil ocaqlarında qış və yay imtahan sessiyaları da bir-birindən fərqli şəkildə təşkil olunur.

 

AzEdu.az saytı universitetlərlə imtahan sessiyalarının təşkili barədə sorğu keçirib.

 

Universitetlər semestr imtahanlarının hansı formada təşkil olunduğu barədə məlumat veriblər.

 

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova qeyd edib ki, ali təhsil ocağında imtahan sessiyası əyani şəkildə təşkil olunur.

 

“İmtahan sualları tələbələrə hər smestrın əvvəlində, ilk həftədə təqdim olunur. Sessiya imtahanları şifahi və yazılı formada aparılır. Test üsulu isə yoxdur”.

 

 

Azərbaycan Dillər Universitetin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, bütün fənnlər üzrə imtahan sualları tələbələrə bir ay öncədən verilir.

 

“İmtahanların çoxu yazılı formada keçirilir. Amma bəzi spesfik fənlər var ki, burada dinləmədən də istifadə olunur. Test forması bizim universitetdə yoxdur. Şifahi imtahanlar isə bəzi hallarda kafedra müdirinin göstərişi ilə nadir hallarda baş tutur. Və orda kafedra müdiri başda olmaqla komissiya üzvləri həmin imtahanı təşkil edirlər. Amma əsasən ADU-da imtahanlar yazılı formada keçirilir”. 

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli imtahan sessiyasında tələbələrə suallar əvəzinə tezislərin təqdim olunduğunu vurğulayıb:

 

“Tələbələrə proqram və tezislər verilir ki, onlar imtahanlara hazırlaşsınlar. Bu da sualları artıqlaması ilə əvəz edir. Tezislə sual arasında mahiyyətcə heç bir fərq yoxdur. Qərbi Kaspi Universitetinin yanaşması daha keyfiyyətli təhsilin təşkilinə, tədrisin müasir dövrün çağırışlarına uyğun olaraq qurulmasına və peşəkar kadrların hazırlanmasına hesablanıb. Təəssüf ki, bəzi tələbələr sual davasını öyrənmək üçün yox, öyrənməmək üçün edirlər. “Şparqalka”ların hazırlanmasında ən müxtəlif fantaziyalara müraciət edən tələbələrə rast gəlirik. Belə ki, partaların üstünü, altını yazmaq, onlara nələrsə yapışdırmaq, özü ilə müxtəlif formalarda bu cür vasitələri imtahana keçirənlərlə qarşılaşırıq. Halbuki,  imtahanların təşkili ilə universitetin məqsədi biliklərin qiymətləndirilməsi, eyni zamanda, öz verdiyi təhsilin səviyyəsini qiymətləndirməkdir. İmtahanlar isə yazılı, şifahi və test formasında təşkil olunur”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova imtahan sessiyasının təşkili ilə bağlı bunları bildirib:

 

“UNEC-də imtahanlar yazılı formada təşkil olunur. Qeyri-ixtisas fənnləri isə test üsulu ilə keçirilir. Həm yazılı, həm də test imtahnlarının sualları əvvəlcədən tələbələrə verilir. Tələbələrə ingilis dili fənni iki il müddətində tədris olunur. Və bu imtahanlarda oxuma, dinləmə, eşitmə, yazma bacarıqları dünya təcrübəsinə uyğun olaraq aparılır. Universitetimizdə heç bir fəndə imtahan şifahi formada təşkil olunmur”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev imtahan sessiyalarının çox mütəşəkkil şəkildə təşkil olunduğunu deyib:

 

“Bu prosesdə imtahan sualları tələbələrin elektron kabinetlərinə əvvəlcədən yerləşdirilir. Və bu şəkildə tələbələr suallarla tanış olurlar. Hər fənn demək olar ki, 250-300, bəzən isə elə fənnlər olur ki, 400 sualdan ibarət olur. Tələbələrimiz smestr boyu həmin suallara hazırlaşırlar və sualların müəyyən bir hissəsi fəndən və imtahan üsulundan asılı olaraq onlara düşür.
Bakalavr səviyyəsi üzrə imtahan formasına gəldikdə isə universitetimizdə sessiya test, yazılı və qabiliyyət tələb edən fənlərdən qabiliyyət üsulu ilə aparılır.
Magistratura səviyyəsində imtahanlar yazılı, şifahi və test üsulu ilə həyata keçirilir. Bundan əlavə, sessiya zamanı universitetdə oparativ qərərgah, Apellyasiya komissiyası və "açıq qapı" günləri təşkil olunur. Xüsusi kompüterlərlə təchiz olunmuş 10-a yaxın aiditoriya ayırılır ki, tələbələr rahat şəkildə imtahan verə bilsinlər”. 

 

Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, imtahan sessiyası ənənəvi formada əyani təşkil olunur:

 

“İmtahan sualları əvvəldən tələbələrə göndərilir. İxtisas fənləri yazılı (5 suallı), qeyri-ixtisas fənləri isə test üsulu ilə keçirilir”.