Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 08:57:00
Ağalı və Talış kəndlərinə müəllim seçimi belə aparılıb - Nazirlik CAVAB VERDİ

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri - qayıdış davam edir.

Həmin bölgələrində yaradılması vacib olan obyektlər sırasında təhsil müəssisələri ilk sıralarda gəlir.

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı və Tərtərin Talış kəndlərinə qayıdışın həyata keçirlməsilə paralel, məktəblər də istifadəyə verilib.

Maraqlıdır, bəs işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək istəyən müəllimlərin işə qəbul prosesi necə tənzimlənir?

 

AzEdu.az bununla əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət edib.


Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirlir:

 

“Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə üzrə bütün mərhələlərdə uğur qazanan şəxslər işlə təmin olunur.

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçimi olub.

Vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edib. Namizədlər müvafiq imtahan nəticələrinə uyğun olaraq vakant yerlərə yerləşdirilib. 

Ağalı kənd tam orta məktəbində 14 müəllim işlə təmin olunub. Ağalıda tədris prosesinə Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin bu kənddən olan müəllimlər cəlb edilib. Həmin məktəbə işə qəbul müsabiqəsində 800-dən artıq müəllim müraciət etmişdi. Aralarında yüksək bal toplamış müəllimlərimiz də var”. 

 

Qeyd edək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Ötən il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. 360 şagird yerlik ikimərtəbəli Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə keçən il sentyabrın 15-də dərs başlayıb. 

 

Tərtər rayonunun Talış kənd məktəbində isə ilk dərs günü mərasimi bu il martın 27-də keçirilib. 

İkimərtəbəli 76 şagird yerlik təhsil müəssisəsində hazırda 24 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur".

 

İşğaldan azad olunmuş ərazilərdəki digər məktəblərə gəldikdə isə Elm və Təhsil Nazirliyi bildirib ki, 960 nəfərlik Şuşa və Ağdam məktəbləri növbəti tədris ilində hazır olacaq.

"Cəbrayıl və Füzulidə məktəblərin tikinti prosesi davam edir. Suqovuşan qəsəbəsindəki məktəb də təmirdən sonra hazır olacaq. Füzuli peşə liseyinin tikintisinin hazırlıq prosesi isə bitmək üzrədir, Şuşa real məktəbinin də layihələndirilməsi başa çatıb", - nazirlik bəyan edib.