Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 16:21:00
150 ballıq ixtisaslar əlacsızlıqdan seçilir – AÇIQLAMA

Ali məktəblərə qəbul zamanı 150 ballıq ixtisasların da olması hər kəsə məlumdur. 150 balla universitetə qəbul olunmuş abituriyentlərin əksəriyyəti tədris zamanı zəif göstəricilərlə yadda qalır. Həmin tələbələr ali təhsil alan zaman dərslərdə çətinlik çəkirlər.

 

Mövzu barədə AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, sözügedən ixtisasların 150 bal olmasının əsas səbəbi boş qalan yerlərin bilik səviyyəsi aşağı olan abituriyentlərlə doldurması üçündür:

 

 

“Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə müvafiq olaraq 150 ballıq ixtisaslar müəyyənləşib. Hansı ki, həmin ixtisaslar üzrə seçimlərdə blok imtahanında 50-100 bal aralığında nəticə göstərən abituriyentlər iştirak edə bilirlər. Təbii ki, bu ixtisaslarda qəbulun aparılması əsasən bilik səviyələri aşağı olan abituriyentlərin boş qalan yerləri doldurmasına xidmət edir. Eyni zamanda, həmin ixtisaslar bir o qədər də yüksək bilik və bacarıq tələb etmir. Yanlız qəbul olunduqdan sonra müvafiq ixtisasla bağlı bilik və bacarıqların öyrədilməsi məhz universitetin ixtiyarında olur.

I ixtisas qrupu üzrə aqronomluq, meşəçilik, balıqçılıq, II qrupda marketinq, biznesin idarə edilməsi, III qrupda regionşünaslıq, sosial iş, IV qrup üzrə bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi kimi istiqamətlər 150 ballıq ixstisaslar siyahısında yer alır. Əlbəttə, könül istər ki, həmin ixtisaslarda təhsil alan tələbələr də yüksək biliyə və intellektə sahib olsunlar. Amma son dövrlər ölkəmizdə abituriyentlər arasında aşağı nəticə göstərənlərin say çoxluğu bu kimi ixtisaslara qəbulun aparılmasına gətirib çıxarır. Bu addım bir növ həmin şəxslər üçün təhsilin əlçatanlığının təmin olunmasına xidmət göstərir”.

 

Ekspert bildirib ki, abituriyentlərin çoxu əlacsızlıqdan bu ixtisasları seçirlər ki, təki universitetə daxil olsunlar:

 

“Həmin ixtisasların böyük əksəriyyəti məhz əlacsız formada seçilir. İmtahan nəticələri öz istədikləri ixtisasa qəbul olunmağa imkan verməyən abituriyentlər məcburi olaraq həmin 150 ballıq ixtisasları seçməli olurlar. Nəticədə faktiki təhsil aldıqları ixtisasa qarşı maraqları o qədər yüksək olmadığından onların akademik göstəriciləri də ideal deyil. Bəzən istisna hal kimi bu ixtisaslara adaptasiya olan və müəyyən biliklər əldə edən tələbələrə rast gəlinir”.

 

E.Əfəndi bu vəziyyətdən çıxış yolu üçün universitetlərə tövsyə verib:

 

“Çıxış yolu kimi universitetlər müəyyən həvəsləndirici, motivasiyaedici addımlar atmalıdır. Həmin ixtisasda təhsil alanların universiteti biitrdikdən sonra işlə təminatı nəzərdə tutulmalıdır. Universitetlər ixtisaslarını öyrənməyə vasitəçi olacaq qərarlar qəbul etməlidirlər”.