Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 13:02:00
“Brend tələbə”: Universitetimizdə ilk dəfə eksperiment keçirən mən idim - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Aysun Alyarovadır. 

 

- Universitetə qəbul olduğunuz ilk zamanlar aktiv tələbə olmağa hazır idiniz, yoxsa zamanla uyğunlaşdınız?

 

- Doğrusunu desəm, mən məktəb vaxtından aktiv olmağa çalışırdım. Bunun üçün müxtəlif tədbirlərdə aparıcı olurdum və yaraşımlarda iştirak edirim. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Tarixi Azərbaycan torpaqlarının qorunması” layihəsində məktəb üzrə ikinci yerə çıxmışdım. 

Universitetə daxil olduğum il pandemiya dövrü idi. Düşünürdüm ki, universitetə gedə bilməsəm də insanlarla əlaqədə, ünsiyyətdə ola bilərəm. Bu istəyimdən irəli gələrək, bir çox könüllü təşkilatlara üzv olmağa başladım. Həmin təşkilatların arasında “Miqrasiya könüllüsü” təşkilatı da var idi. Orada üzvlərlə iş və təşkilati məsələlər departamenti üzrə fəaliyyət göstərirdim. Bununla yanaşı, “Bir idman könüllüsü”, Bakı Gənclər Mərkəzi, Sabunçu Gənclər Evi layihələrin idarə edilməsi və psixologiya departamentində könüllü kimi fəaliyyət göstərmişəm. Bu təşkilatlara üzv olmaq, əhatəmi genişləndirməkdə əvəzsiz rol oynadı. Müəyyən qədər utancaqlığım var idi və insanlarla ünsiyyət qurarkən çətinlik çəkirdim. Bunların hər biri üzərində özümü təkmilləşdirməyə çalışdım. Layihələrdə iştirak etmək bu baxımdan mənə çox kömək oldu. Seminarlarda, təlimlərdə iştirak edərək böyük auditoriya qarşısında çıxış etmək artıq mənim üçün adi bir şeyə çevrildi. Hətta mahnı belə oxumuşam...                                                          

Pandemiya bitdikdən sonra isə bir çox klublarda fakültəm üzrə koordinator, sonra klub sədri oldum. Burada universitet daxilində tələbələr ilə bir çox layihələr, görüşlər keçirdik. Onu da qeyd edim ki, Azərbaycan Dillər Universitetində ilk dəfə eksperiment keçirmiş tələbə idim. Ekspermentimizin mövzusu isə “Şiddətin insan psixologiyasına təsiri” idi.

 

 Açıklama yok.

  

- Digər tələbələrə nümunə üçün hansı xüsussiyətlərə malik olmaq lazımdır? Bunlar sizdə varmı?

 

- Universitetimizdə bəzi tələbələr öz sərbəst işləri üçün və müəllimlərin verdiyi tapşırıqlara görə məndən müsahibə almışdı. Mən orda da qeyd etmişdim ki, biz tələbəlik illərimizi sadəcə oxumaqla, universitetə gedib-gəlməklə keçirməməliyik. Çünki universitet dostluqlar və müyyən nəzəri bilikləri öyrənmək üçün yaxşı olsa da, hazırkı dövrdə, yəni əmək bazarında ali məktəbdə aldığımız biliklər bizə kömək olmur. Müəyyən bacarıqlar var ki, onlara hər birimiz yiyələnməliyik. Bunlar ünsiyyət, kommunikativ bacarıqlar, düzgün jest, mimika və bədən dilindən istifadə, həmçinin, təqdimat qabiliyyətidir. Bu qabiliyyətlərin olmamağı bir çox gəncin problemidir. Özlərini təqdim edərkən yalnız ad və soyad deməklə kifayətlənirlər. Bu baxımdan hər kəs özünü inkişaf etdirməlidir.

 

Açıklama yok.

 

 - Özünüzdə sevmədiyiniz bir xasiyyət var?

 

- Çox zaman bizə sual verilir ki, güclü və zəif cəhətləriniz nələrdir... Çox adam bu sualda güclü tərəflərindən xeyli danışmağa başlayır. Mən hesab edirəm ki, biz zəif cəhətlərimizi də bilməliyik. Bildikdən sonra isə onlar üzərində işləməliyik. Məsələn, etməli olduğum işlər yadımdan tez-tez çıxırdı. Bunu özümdə hiss etdikdən sonra planlı şəkildə görməli olduğum işləri yazırdım. Nəticədə bu məndə vərdiş halını aldı. Düşünürəm ki, yaddaşsızlıq problemi fikir dağınıqlığından və görməli işlərin çoxluğundan irəli gəlir.

 

- Həm könüllü fəaliyyətlər, həm də dərs yükü sizi yormur?

 

- Hazırda “Formula 1” könüllüsüyəm. Dərsdən sonra orada fəaliyyət göstərməli oluram. Təbii ki, bəzən yoruluram. Amma dediyim kimi, biz əgər nələrəsə nail olmaq istəyiriksə, müəyyən qədər zəhmət çəkməliyik. Çox adam deyir ki, əziyyət çəkmək lazımdır, lakin mən bu düşüncə ilə razı deyiləm. Çünki  əziyyət və zəhmət ayrı şeylərdir. Zəhmət çəkdikdə və bir müddətdən sonra bu zəhmətin bəhrəsini gördükdə, bütün o günlər insana şirin gəlir. Öz inkişafım üçün addım atıramsa, yorğunluqdan şikayətlənmirəm, əksinə, mənə xoş olur.

 

Açıklama yok.

 

- Gələcəklə bağlı hədəfləriniz var? Bunları bizimlə bölüşməyiniz xoş olardı...

 

- Gələcəklə bağlı əlbəttə ki, hədəflərim var. Amma bunları tam olaraq bölüşmək istəmirəm. Qısaca desəm, hazırda psixologiya üzrə təhsil alıram və bu ixtisasda özümü inkişaf etdirmək istəyirəm. Bundan əlavə fəaliyyətlərim də var, lakin düşünürəm ki, öz ixtisasım üzrə təkmilləşmək və cəmiyyət üçün faydalı işlər görmək daha məqsədəuyğundur. 

 

 - Bəs hansısa xarici ölkədə olmusunuz? Səyahətə getmək, yaxud təhsilinizi davam etdirmək istədiyiniz ölkələr var?

 

- Rusiyada olmuşam. Səyahət etmək ağlımda var. Hətta bir çox ölkələri gəzmək istəyirəm. Çünki gəzərək, əylənərək öyrənməyi çox sevirəm. Təhsilimə gəldikdə isə xaricdə oxumağı istəyərdim. Hazırda üçüncü kursdayam, düşünürəm ki, gələn il buna dəqiq qərar verəcəm. Təhsil, yaxud səyahət məqsədli olsa da, mütləq şəkildə fərqli ölkələrə gedəcəm. Müxtəlif adət-ənənələr, mədəniyyətlərlə tanış olanda bizim baxış bucağımız, fikirlərimiz, düşünmə qabiliyyətimiz də bir qədər dəyişir. 

 

Son olaraq, özünüzü ruhlandırmaq üçün nələr edirsiniz?

 

- Mən özüm üçün bir gündəlik tuturam. Bu gündəliyi yanvar ayından yazmağa başlamışam. Orada həyatımda baş verən hadisələri, gündəlik fəaliyyətlərimi, hisslərimi yazıram. Bununla yanaşı, insan özünü ruhlandırmaq üçün daim müsbət düşünməlidir. Hesab edirəm ki, bizim düşüncələrimiz davranışlarımıza, davranışlarımız isə həyatımıza təsir edir.