Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 15:21:00
Azərbaycanda şagirdlər də oruc tutur - İlahiyyatçılardan fakta REAKSİYA

Bütün müsəlman ölkələri kimi, Azərbaycanda da inanclı insanlar iki həftədir oruc tuturlar. Müşahidələr göstərir ki, Azərbaycandakı oruc tutanlar arasında müxtəlif yaşlı şagirdlər az deyil. Nəzərə alsaq ki, indi imtahan ərəfəsidir, onda oruc tutmağın qəbul və buraxılış imtahanlarına hazırlaşan şagirdlərin aktivliyinə mənfi təsir göstərdiyini qeyd edə bilərik.

Ümumiyyətlə, məktəb yaşlı uşaqlar oruc tuta bilərmi?
 

Mövzu ilə bağlı AzEdu.az-a danışan ilahiyyatçı Hacı Əli Rzazadə bildirib ki, şəriət qaydaları uşaqların oruc tutmasına müsbət yanaşır. Onun sözlərinə görə, elmi cəhətdən də sübut olunub ki, ac qalmaq zehni gücləndirir, amma oruc tutmaqda çətinlik yaşayanlar bunu etməsələr, günah sayılmır.

 

Şagirdlərin oruc tutmasında bir məhdudiyyət varmı? 

Hacı Əli Rzazadə suala "yox",-deyə cavab verib:

 

- Yetkinlik yaşına çatmış hər bir şəxs oruc tuta bilər, çatmayanlar üçün isə bu, vacib deyil. Əgər şagird IV və ya V sinifdədirsə, onlar oruc tutmağa borcu deyil, önəmli olan təhsildir.

 

- Hacı, bəzi mənbələrdə iddia edilir ki, qızlar 9, oğlanlar isə 15 yaşında yetkinlik yaşına çatır və yalnız həmin dövrdə oruc tutmağa başlaya bilərlər. Bu barədə nə deyə bilərsiniz?

 

- Ənənəvi xürafatçılar bu cür təbliğat aparırlar. Amma İslam dinində belə bir tələb yoxdur. Qızlar da, oğlanlar da 15 yaşından sonra oruc tuta bilərlər.

 

- İmtahan verəcək şagirdlər oruc tutmasa, günah sayılarmı?

 

- Elm də sübut edir ki, insan ac qaldıqda onun zehnində güclü inkişaf baş verir, çox qida yemək insanın yaddaşı tənbəlləşdirir. Konkret olaraq "imtahana girən şagird oruc tuta bilər və ya bilməz" deyə bir meyar yoxdur. Əgər bir şəxs imtahanda, əsgərlikdə və hansısa digər çətin  şəraitdədirsə, oruc tutmaq, ac qalmaq ona ziyandırsa, özünü çox narahat hiss edirsə, oruc tutmaya bilər, bu kimi səbəblərdən orucunu pozsa, günah sayılmır. 

 

İlahiyyatçı Elşad Miri də mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. 

 

- Elşad bəy, imtahanda iştirak edəcək şagirdlər oruc tutmaya bilər?

 

- Oruc tutmaq Allahın əmridir, istəyən tutar, istəməyən tutmaz. Oruc vaxtı insan imtahana gedir deyə, bunu pozmağın bir mənası varmı? Əksinə, bizə həmişə yemək yemədən imtahana getmək aşılanıb. Bu bir taktikadır və biz də həmişə ondan istifadə etmişik. Yenə də kimsə orucunu pozmaq istəyərsə, buna özü qərar verməlidir, heç kim qarışa bilməz. 

- Hansı yaşdan sonra oruc tutmaq olar?

Yaş məsələsinə gəldikdə bir insan rəşiddirsə, ağlı başında, həyatı dərk edibsə, onun oruc tutması məqbuldur. Bu yaş dəyişir, 9, 12 və ya 15 ola bilər. Bəzi müsəlman ölkələrində azyaşlılara əvvəlcə günortaya qədər oruc tutmaq tövsiyə olunur, növbəti dəfə onları günortadan sonra 1 saat artırmaqla orucluğa öyrəşdirməyə çalışırlar. Ümumilikdə, oruc tutmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur.