Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 14:35:00
Universitetlərdə yanğın təhlükəsizliyi qaydalarına necə əməl olunur? - SORĞU

“Təhsil müəssisələrində il ərzində, heç olmasa 3 aydan bir tələbələrə təcrübə şəklində təlimlər keçirilməlidir”.

 

Bunu AzEdu.az-a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev obyektlərdə baş verə biləcək fövqəladə hallardan qorunma, həmçinin, yanğın təhlükəsizliyi haqqında danışarkən bildirib:

 

“Bütün təyinatlı obyektlərdə: məktəb, universitet, ictimai iaşə obyektləri, idarələr və s. fərq etmədən yanğın təhlükəsizliyi haqqında təlimatlara əməl etməlidir: obyektin yanğın təhlükəsizliyinə dair normativ standartlara uyğun müvafiq təchizatlara malik olmalıdır. “Yanğın təhlükəsizliyi haqqında” Qaydalarda da bütün normativ standartlar öz əksini tapıb. Ona görə də bütün təyinatlı obyektlərdə  yanğın təhlükəsizliyinə dair ilkin yanğınsöndürmə vasitələri, təhlükəsiz toplanış məntəqələri, yanğın siqnalizasiya sistemləri, ehtiyat su çəni, ehtiyat çıxışlar olmalıdır. Eyni zamanda, obyektdə həm işçilərin, həm də ora gələn şəxslərin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə mütləq qaydada şərait yaratmaq lazımdır. Orada yerləşən pedaqoji, inzibati və nəzarət buraxılışı həyata keçirən şəxslər varsa, onlar yanğın təhlükəsizliyi haqqında məlumatlandırılmalıdır. İl ərzində, heç olmasa 3 aydan bir olmaqla tələbələrin təlim şəklində ilkin biliklərə yiyələnməsi vacibdir”.  

 

Ekspert deyib ki, müəssisələrdə təlim keçmiş şəxslər tərəfindən yanğın təhlükəsizliyinə nəzarət edilməlidir:
 

“Ehtiyat çıxış daim nəzarətda saxlanmalı, onun yerləşdiyi pilləkən qəfəsləri, yollar mütləq boş qalmalı, qarşısına dolab, gül dibçəkləri, istifadə olunmayan əşyalar və ya ləvazimatlar yığılmamalı və bu yollar bağlanmamalıdır. Buna nəzarət edən qurumun daxili əmri ilə kurs və akkreditasiyadan keçmiş şəxslər təyin olunmalıdır.

Təəssüf ki, bəzən nəzarətsizlik səbəbindən hansısa fövqəladə hadisə zamanı insanların rahat təxliyə olunması çətinləşir. Obyektlərdə yanğınsöndürmə vasitələrinin necə istifadə olunması barədə dəqiq məlumatlar verilməlidir. Bu məlumatlara istifadə qaydası, bir yanğın balonunun nə qədər ərazi üçün nəzərdə tutulduğu, istifadə müddətinin neçə saniyə olduğu, açıq, yoxsa qapalı məkanda işlədiləcəyi, təzyiqi, hansı tempraturda saxlanmalı olduğu, texniki qulluq qaydalarını misal çəkə bilərik. Bu barədə biliklərin olması vacibdir və hər hansı hadisə zamanı belə yanğsğndürmə vasitələrinin funksionallığı həmin olayın qarşısının alınması üçün olduqca vacibdir. Əlbəttə, heç kim yaşana biləcək fövqəladə vəziyyətdən sığortalanmayıb, amma biz öncədən tədbir görsək, hadisədən minimal zərərlə qurtula bilərik”.

 

Mövzu ilə bağlı universitetlərə də sorğu ünvanladıq.

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirdi ki, təhsil ocağında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı” kafedrasının köməyi ilə iş kifayət qədər dərinləşdirilmiş şəkildə həyata keçirir:

 

“Fövqəladə hallar və həyat təhlükəsizliyinin təminatı haqqında mütəmadi olaraq maarifləndirici seminar və tədbirlər keçirilir. Qeyd etmək istərdim ki, AzMİU-da “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı” kafedrası mövcuddur və həmin sahə üzrə ən savadlı elm adamları burada işlədiyi üçün öz profili üzrə Azərbaycanın ən samballı kafedrasıdır. Bu da bizə daha yaxşı maarifləndirmə seminarları təşkil etməyə imkan verir. Həmin kafedranın alimləri tərəfindən mütəmadi olaraq dərsliklər, elmi-kütləvi broşuralar, bukletlər hazırlanaraq həm universitetin əməkdaşları və tələbələri arasında, həm də ölkəmizin müxtəlif qurumlarının - bütövlüklə vətəndaşlarımız arasında paylanılır. Bu məsələdə AzMİU-nun işi kifayət qədər dərinləşdirilmiş şəkildə həyata keçirilir. AzMİU-nun fövqəladə hallar üçün çıxış planı hazırlanıb və Fövqəladə Hallar Naziriyinin müvafiq qurumu tərəfindən təsdiqlənib. Bu plan universitetin əməkdaşları və tələbələrinə elan edilib, hər mərtəbədə müxtəlif yerlərdə yerləşdirilib ki, hansısa fövqəladə hal baş verərsə, çıxışa doğru hərəkət etmək mümkün olsun.

 

Azərbaycan Universitetinin mətbuat xidmətinin rəhbəri Lalə Dilanova bildirib ki, burada mülki müdafiə dərsləri təşkil olunur, əməkdaşlar və tələbələr ətraflı məlumatlandırılır:

 

“Biz periyodik olaraq Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə əməkdaşlıq edirik. Mərkəz tərəfindən Azərbaycan Universitetinin inzibati heyəti və tələbələri üçün “Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə dərsi təşkil olunur. Tədbirdə Azərbaycan Universitetinin tədris binasında baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları haqqında əməkdaşlarımıza və tələbələrə ətraflı məlumat verilir”.

 

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova BSU-da müvafiq olaraq məlumatlandırılmaların aparıldığını qeyd edib:

 

“Pedaqoji heyət ve tələbələr mütəmadi olaraq məlumatlandırılır, müntəzəm olaraq bununla bağlı müvafiq qurumlarla əməkdaşlıqda maarifləndirici təlimlər keçirilir, fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı biliklər verilir”.

 

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova ATU-da da yanğın təhlükəsizliyinə dair işlərin ən yaxşı şəkildə təşkil olunduğunu bildirib:

 

“ATU-nun yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin edilməsi haqqında 10 yanvar 2023-cü il tarixli 19 saylı əmr verilib. Ona əsasən, inzibati bina, yataqxana, tədris binaları və kafedrlar üzrə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilib.

Həmçinin, 10 yanvar 2023-cü il tarixli 20 nomrəli əmrə əsasən, Universitetin binalarında könüllü mühafizə dəstəsi yaradılıb. 

Bundan başqa, 2023-cü tədris ili üçün pedaqoji və köməkçi heyətin, qulluqçuların və fəhlələrin mülki müdafiəyə hazırlanması üzrə dərslər keçirilir. Məsul şəxslər yanğın çıxışı və fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimatlandırlıb. Məhz onlar tərəfindən yanğın çıxışı və fövqəladə hallar zamanı davranış qaydaları haqqında pedaqoji heyət və tələbələrə məlumat verilir”.