Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 13:00:00
Şagirdlərin intiharına görə günahkar kimdir: məktəb, yoxsa valideyn?

Dünən Salyan rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə özünü asaraq intihar edib. Nəzərə alsaq ki, qarşıdan ali məktəblərə qəbul imtahanları gəlir və buraxılış imtahanlarının nəticəsinin açıqlanması gözlənilir, onda çox həsas bir dövrə keçid etdiyimizi qeyd edə bilərik.

 

Şagirdləri intihara sürükləyən səbəblər nədir? Bu kimi hallara son qoymaq üçün hansı addımlar atılmalıdır? Məktəblərdə hansı marifləndirmə işlərinə ehtiyac duyulur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında deputat Etibar Əliyev bu kimi hadisələrin həm məktəblər, həm də valideynlərlə bağlı olduğunu bildirib:

Açıklama yok.

 

"Düşünürəm ki, bunun səbəbini psixoloqlar araşdırmalıdır. Məktəblinin intihar etməsinin bir hissəsi məktəb mühitinə bağlıdırsa, digər bir hissəsidə ailəyə bağlıdır. Burada ikili təsir müşahidə olunur. Bizim təhsil sistemində imtahanların sayı çoxdur. Orta məktəbdə ibtidai sinif mərhələsindən başlamaqla sonra buraxılış, qəbul imtahanları... Birmənalı olaraq imtahan stressi şagirdlərdə müşahidə olunur.

Məsələnin digər bir tərəfi, məktəb mühitində psixoloji amillər çox ciddi şəkildə nəzərə alınmalıdır. Biz reallığı deməliyik, bu gün yerində olmayan məktəb rəhbərliyi ilə müəllimlər arasında konfliktlərə rast gəlirik. Bunların heç biri təhsilə aid olan məsələ deyil. Təhsil mühiti deyilən bir anlayış var. Bu, özündə çox yüksək bir mədəniyyət, əxlaq, etik normaları birləşdirir. Çox vaxt bilərəkdən orta məktəblərə heç aidiyatı olmayan şəxsləri rəhbər təyin edirlər. Konflikt yardırlar, bunun da bir hissəsi şagirdlərə gedib toxunur. Artıq neçəni dəfədir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ilə Elm və Təhsil Nazirliyinə çağırış edirəm ki, uşaqları məktəbə geri qaytarın. Hazırda 10-11-ci sinif şagirdlərinin böyük qismi məktəbə getmir. Hazırlıq kurslarında, repetitor yanındadırlar. Bunun özü də uşaq psixologiyasına təsir edən amildir. Bu gün valideynlər repetitorlara xərclədiyi vəsaiti uşaqların sağlamlığı, qidası, geyiminə xərcləsələr, həm də bir ruhi rahatlıq yarana bilər".

 


Deputat Ceyhun Məmmədov qeyd edilən problemlə bağlı bir neçə məqamın olduğunu bildirib:

 

Açıklama yok.

 

"İlk olaraq qeyd edək ki, bizim təhsil müəssisələrində həm şagirdlər, həm də tələbələr arasında aparılan marifləndirmə işi qənaətbəxş deyil. Ümumiyyətlə, bir çox yerlərdə bu işlər aparılmır. Təhsil müəssisələrində tələbə, şagird, valideyn, müəllim, direktorlar arasında böyük boşluq, uçurum var. Bəzi məktəblər hansısa marifləndirmə tədbirləri görməyə çalışır. Amma bu yetərli deyil. Davamlı olaraq gənclərlə işləyən biri kimi deyə bilərəm ki, həm şagirdlərdə, həm də tələbələrdə ciddi mənəvi boşluğ və uçurumun olduğunu hiss edirəm. Məktəblərdə psixoloq inisitutu tam formalaşmayıb. Hələ də əksər məktəblərdə tələbələrə psixoloji yardım, onlarla psixoloq işi arzuolunan səviyədə deyil. Burada ciddi problemlər müşahidə edilir. Əslində bu gün gənclərin psixoloji dəstəyə, yardıma böyük ehtiyacı var. Bu həm dərslər, həm də imtahanla bağlıdır. Əksər vaxtlarda bu dəstəyi nə məktəb, nə də ailə verə bilir. Bu səbəbdən biz bu cür acı bir vəziyyətlə üzləşirik. Elm və Təhsil Nazirliyi, məktəblərimiz bu istiqamətdə daim şagirdlərə mənəvi dəstək olmağa çalışmalıdır. Məktəb və universitetin işi yalnız diplom, attestat vermək deyil. Repetitorun işi yalnız şagirdə bilik vermək deyil. O, həm də şagirdə mənəvi dəstək olmalıdır".

 

Deputat valideylərə müraciət edib:


"Valideynlərə müraciət edirəm: uşaqlarla rəftar, davranışlarında daha diqqətli olsunlar. Mən anlayıram, hər bir valideyn övladının ali təhsil amasını istəyir. Amma o, övladını intihara sürükləməli deyil. Bəzi valideynlər övladları ilə çox kobud, sərt danışır. Hətta bəziləri onları hədələyir ki, "universitetə qəbul oluna bilməsən, evə gəlmə!", "qəbul oluna bilməsən, özünü öldür..". Daha sonra da belə hadisələr baş verir və onun altından çıxa bilmirik.

 

Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bizim ailələr, təhsil sistemi uşaqların bir fərd kimi formalaşmasında ciddi rol oynaya bilmir. Bu baxımdan, şagird və tələbələrin psixoloji olaraq güclü, hazırlıqlı yetişdirilməsi çox önəmlidir ki, biz bu hallarla  qarşılaşmayaq. Hər il bu vaxtlar onlarla gəncin intihar etdiyinin şahidi oluruq. Bu kimi halların qarşısını almaq üçün təhsil sisteminin, valideynlərin və bizim üzərimizə çox böyük vəzifələr düşür".

 

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, şagirdlər dərs yükü ilə yanaşı, valideyn və müəllimlərin basqısı ilə üzləşir:

 

Açıklama yok.

 

"Öncə qeyd edim ki, yetkinlik yaşında olan uşaqlar dərs yükü ilə yanaşı, valideyn və müəllimlərin basqısı ilə üzləşirlər. Hər birimiz bilirik ki, şagird səkkiz, doqquzuncu sinfə çatandan sonra hazırlıq dərslərinə getməyə başlayırlar. Bundan əlavə,  məktəblərdə dərs ilinin sonuna yaxın Kiçik Summativ Qiymətləndirmə (KSQ), Böyük Summativ Qiymətləndirmələrin (BSQ) gərginliyini yaşayırlar. Nəzərə alsaq ki, həddi-büluq yaşında olan uşaqlarda bir sevib-seçmək halı da yaşanır, o zaman bu məsələ daha da ağır fəsadlara gətirib çıxarır. Məktəblərdə təəssüflər olsun ki, psixoloqlarla iş səviyəsi çox zəifdir. Ya peşəkar psixoloq deyillər, ya da şagirdlərə çox formal yanaşırlar. Bəzilərinin ümumiyyətlə işə davamiyyəti olduqca aşağıdır. Rayon məktəblərində bu proses tamamilə bərbad vəziyyətdədir. Yaxşı olardı ki, orta məktəblərdə psixoloqların rolu artırılsın.


Bundan əlavə, dəfələrlə bildirmişik ki, Azərbaycanda şagirdlərə imtahanla bağlı basqıları bir qədər azaltmaq lazımdır. Qəbul imatahanları zamanı valideynlər övladlarına böyük basqılar edir. Bir qədər iradəsində zəif olan, yaxud valideyn basqısından narahat olan uşaqlar çıxış yolunu yalnız intihar etməkdə görür".