Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 13:07:00
Psixoloqdan imtahan stressi yaşayanlara tövsiyə: Bunları etmək vaxt itkisidir!

Aprelin 9-u, 16-sı və 30-u tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Buna görə də əksər şagirdlər həyəcan keçirir və imtahan stressi yaşayırlar.

 

İmtahan stressi ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Əminə Əliyeva bildirib ki, həyəcan keçirən şagirdlar bəzən bildikləri sualları da cavablandlrmaqda çətinlik çəkirlər:

 

“İmtahan stressini imtahandan əvvəl öyrəndiyimiz məlumatlardan səmərəli istifadə etməyimizə maneçilik törədən və müvəffəqiyyətin azalmasına səbəb olan sıx narahatlıq kimi təyin edə bilərik. Bu narahatlıq yaşansa da, həyəcan, çaxnaşma və stress kimi mənfi duyğulara səbəb ola bilər. Düşüncə və emosiyaların bu disfunksional dövrü imtahan zamanı şagirdin bildiklərini xatırlamamasına, donub qalmasına, diqqətsiz səhvlərə yol verməsinə, normalda düzgün cavablandırılacaq suallara cavab verə bilməməsinə və ya səhvlərə səbəb ola bilər.

 

İmtahan stressi yalnız imtahan zamanı və ya imtahandan əvvəl baş verən bir şey deyil. Günlər əvvəl, bəlkə də həftələr əvvəl insanın narahatlığı artmağa başlaya və gündəlik həyatında bəzi problemlər yarada bilər;


Bundan başqa, imtahan stressi aşağıdakı digər problemlərə də yol aça bilər:

- Təşviş səbəbiylə yuxu problemləri və iştah problemləri;

 

- Daha asan qəzəblənmək və ümumiyyətlə əsəbi hiss etmək kimi dəyişikliklər;

 

- İnsanın gündəlik həyatında adi uğursuzluqlara və stresə dözümlülüyün azalması;

 

- Zaman-zaman həyəcan və çaxnaşma, bədbinlik, ümidsizlik, özünə inamsızlıq, xüsusən də dərs və imtahanlarla bağlı hisslərin yaranması”.

 

Psixoloq bu problemlərin yaranma səbəbləri haqqında danışarkən bildirib ki, bir çox şagird imtahan nəticəsini onun şəxsi keyfiyyətini ölçəcək vasitə kimi görür:

 

 

“Bəs bunların əsas yaranma səbəbləri nədir?

 

 

  • Narahat bir şəxsiyyətə sahib olmaq

 

  • Əvvəlki imtahanda pis təcrübənin olması

 

  • Özünü yaxşı hiss etməmək

 

  • Tükənmişlik hissi yaşamaq

 

  • Əyləncədən uzaq durmaq

 

  • Konsentrasiya problemləri

 

  • Fokuslama üsullarını mənimsəməmək və diqqəti toplamaq qabiliyyətimizi inkişaf etdirməmək

 

  • Səmərəli təhsil vərdişlərinin olmaması

 

  • Öyrənmə texnikasında çatışmazlıqlar

 

  • İmtahana kifayət qədər hazırlaşmamaq

 

  • Yüksək gözləntilər

 

  • İş metodunda səhvlər

 

  • Tapşırıqları və məsuliyyətləri təxirə salmaq

 

  • Yorğunluq

 

  • Düzgün qidalanma

 

  • Özünə inamın aşağı olması

 

  • Valideynlər, qonşular və qohumlar, müəllimlər və dostların şagirddən çox şey gözləməsi.

 

 

Bunların hamısını kənara qoymalıyıq və unutmamalıyıq ki, əvvəla, əldə etdiyiniz nəticə sizin deyil, imtahanın qiymətləndirilməsidir. Həyatınız və münasibətləriniz təkcə bu test nəticəsindən ibarət deyil”.

 

 

Mütəxəssis sonda qeyd edib ki, bir çox insan “müsbət düşün, pis şeylər düşünmə, bunu bacaracağına inan” kimi şeylər söyləməklə stress və narahatlıq probleminin təmamilə aradan qaldırıla biləcəyini düşünür, bu isə təmamilə səhv düşüncədir.

 

 

“İnsan psixologiyası mürəkkəb bir quruluşdur. Təəssüf ki, tənəffüs məşqləri, qidalanma və meditasiya kimi tez-tez qeyd olunan üsulları təkbaşına tətbiq etmək kifayət olmaya bilər. Həmçinin, "müsbət düşün, pis şeylər düşünmə, bunu bacaracağına inan" kimi şeylər söyləmək stress və narahatlığın həlli deyil. Fərdin psixoloji mexanizmi təfərrüatı ilə qiymətləndirilmədən tətbiq edilən bu üsullar ümidsizlik və çarəsizlik hisslərinə səbəb olduğu kimi, vaxt itkisinə də səbəb ola bilər. Bu narahatlığın öhdəsindən gəlmək üçün fərdin idrak mexanizmləri qiymətləndirilməli və bu sahələrdəki disfunksional strukturlar funksional vəziyyətə gətirilməlidir. Funksional üsullardan istifadə olunarsa, bu, aradan qaldırılması çətin olmayan problem sahəsidir. Bu yeni struktur yaradıldıqda imtahan stressini daimi olaraq aradan qaldırmaq mümkündür. Əgər imtahanlarda yaşadığınız narahatlıq və stressin performansınızı aşağı saldığına inanırsınızsa, əlavə məlumat üçün psixoloji yardım almaqdan çəkinməyin, sağlam psixoloji vəziyyət sağlam həyat və sağlam addımlar deməkdir”.