Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 09:25:47
Məktəb direktorlarının işə qəbul ŞƏRTLƏRİ

Aprelin 4-dən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul prosesi başlayıb.

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.

AzEdu.az saytı direktorların işə qəbul şərtlərini diqqətə çatdırır.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək. Şagird sayı 150-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər yalnız müsahibə mərhələsində, şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər isə həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.

2022-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlər cari müsabiqədə test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsində iştirak hüququ alırlar.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.


Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

- 2022-ci il üzrə keçirilən direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balı toplamış namizədlər.


Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.


Namizədlər tələb olunan sənədləri 2023-cü il aprelin 4-dən 11-dək Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.


Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.