Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 16:11:00
Abituriyentlərin göstəriciləri ötən ilin məzunları ilə müqayisədə yüksək olacaq - İDDİA

Aprelin 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirildi.

 

Abituriyentlər 2 aprel imtahanının 5 və 12 martda keçirilən imtahanlara nisbətən daha asan olduğunu deyirlər.



Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə bildirib ki, suallar eyni çətinlik səviyyəsində tərtib olunur.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında "Hədəf" Nəşrlərinin direktoru, pedaqoq Nizami Hüseynov bildirib ki, fərqli tarixlərdə baş tutan imtahanlarda həmişə problemlər yaşanır:

 

“Bu məsələ ilə bağlı həmişə şikayətlər gəlir, çünki fərqli tarixlərdə olan imtahanlar problemlidir. Suallar hər nə qədər eynigüclü, enicinsli, eyni situasiya və materiallar əsasında tərtib edilsə də, fərqli tarixlərdə keçirilmiş imtahanlardan biri asan, digəri çətin kimi görünür. Hətta eyni tarixdə olmuş imtahanlarda belə variantlar arasında fərq olduğunu iddia edən şəxslər var. Nəzərə alsaq ki, suallar fərqli mətnlərdən, fərqli istiqamətlərdə tərtib olunur, burada fərqlilik hiss oluna bilər. İlk imtahanlarda Azərbaycan dili üzrə  elmi-kütləvi mətndən istifadə olunmuşdusa, bu dəfə bədii üslubda olan çətin mətn tapşırıqları var idi, amma ümumi baxsaq, 2 aprel imtahaları sualları nisbətən asan olub. Bu sözü demək nə dərəcədə doğrudur və bunu sübut etmək nə qədər düzgündür bilmirəm. Biz sadəcə imtahan iştirakçılarından gələn rəyə görə bu qənaətə gəlirik”.

 

Pedaqoq imtahanların keçirilmə sistemində ədalətsizlik prinsipi olduğunu iddia edib:

 

 

“Birinci imtahandan sonra da demişdik ki, ədalətsiz sistem var. Bu da ondan ibarətdir ki, keçənilki məzunlar nisbətən asan suallarla müəyyən bal toplayıblar, amma bu il məktəbi bitirənlər daha çətin suallar üzrə buraxılış imtahanında bal toplayıblar, buna baxmayaraq eyni müsabiqəyə girirlər. Məsələn, keçən ilin məzunu asan şəkildə 200 bal yığıbsa, builki məzunlar çətinliklə 240 bal yığır, amma onlar eyni müsabiqədədirlər. Bizə mütləq Dövlət İmtahan Mərkəzinin statistik təhlili lazımdır. Ancaq o da yekunda bizi çaşdıra bilər, çünki imtahana girənlər ötən il məzunudur, onlar artıq bir dəfə kəsiliblər, ona görə də builki balları statistik göstəricilərdə elə də yüksək olmayacaq. Deyək ki, o məzunları əsas götürərək 100 nəfər imtahana giribsə, orta göstərici 70 üzərindədir. Eyni statistik təhlil abituriyentlər arasında aparılsa, daha yüksək nəticə əldə olunardı, çünki onlar nisbətən daha savadlı bir toplumdur”.

 

N.Hüseynov X.Xanlarzadənin dediklərinə də münasibət bildirib:

 

“Xanlar bəyin dediyi sualların çətinlik səviyyəsinin eyni tərtib olunması məsələsinə gəldikdə isə mən də çox ümid edirəm ki, bu belədir. İçimdə şübhələr var, amma bunu hazırda təsdiq edə bilmirik. Belə deyim ki, ötən il üçün tərtib olunmuş sualların asan salınması ya əvvəlcədən verilmiş qərar idi, ya da birinci imtahandan sonra yaranan kütləvi etirazların yekununda DİM müəyyən mənada geri addım atmaq istədi. Yekun olaraq onu deyim ki, birinci imtahandan sonra baş tutan ciddi etiraz bu dəfə yoxdur, bu da o deməkdir ki, imtahan iştirakçıları budəfəki sualları rahat yaza biliblər”.