Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 10:50:00
Abituriyentlərin ən böyük problemi - İmtahan vaxtını necə BÖLMƏLİ...

2 aprel tarixində keçirilən imtahanlarda iştirak etmiş abituriyentlər bu dəfə sualların çətinlik dərəcəsindən deyil, vaxt problemindən narazılıq edirdilər. 3 fənndən sualların cavablandırılması, həmin cavabların kodlaşdırılması kifayət qədər zaman aparan məsələdir. İştirakçıların əksəriyyəti zamanı düzgün bölə bilməməsi səbəbindən imtahan prosesini uğurla başa vura bilmədikləri deyirlər.

 

AzEdu.az abituriyentlərin imtahan müddətini düzgün bölüşdürməsi üçün zamanın idarə edilməsinə dair yazını təqdim edir:

 

İmtahanların müddəti, istifadə olunacaq sualların miqdarı, tipi əvvəlcədən bəlli olur. Abituriyent də hazırlıq müddətində həmin fənlərdən hazırlaşmağa başlayır. Ancaq imtahandan uğurlu nəticə əldə edə bilmək üçün sadəcə olaraq imtahan mövzularına hakim olmaq kifayət etməz.

İmtahanda suallara ayrılacaq vaxt da düzgün şəkildə bölünməlidir.

 

İmtahan öncəsi hazırlıq zamanı hər sual üçün maksimum vaxt müəyyənləşdirilməlidir. İmtahanda həmin vaxt həddini aşırıqsa, o sualda ilişib qalmağa son verməli, digər suala keçmək vərdiş halına gətirilməlidir. 

 

Sınaq imtahanlarında vaxt tutun

 

Real imtahanlarda müəyyənləşdirilmiş strategiyaya görə, sualları cavablandıra bilmək üçün abituriyent evdə testləri həll edən zaman və sınaq imtahanları zamanı  üəyyənləşdirdiyi taktikanı məşq etməlidir.

 

Evdə sualları  təsadüfi  zaman kəsiyində deyil, idarə edilən zaman əsasında cavablandırmalıdır. Əgər yeni bir mövzu öyrənmisinizsə, bu zaman aydın məsələdir ki, sualları cavabladırma sürətiniz də yavaş olacaq. Sizin üçün çoxdan tanış olan bir mövzudursa, bu artıq vərdiş halına gəldiyi üçün sürətli şəkildə cavablandıracaqsınız. Əsas məsələ ondan ibarətdir ki, bütün diqqətiniz tamamilə suallarda olsun. Ətrafda baş verən hər hansı bir hadisə və yaxud səs diqqətinizi yayındırmasın.

 

Sualları cavablandırmağa başlayanda zamana start verin

 

Bir fəndən bütün sualları cavablamağa başladıqda saatınıza baxın. Həmin fəndən sualları cavablandırıb bitirdikdə nə qədər zaman keçdiyini qeyd edin. Daha sonra bunu digər fənlər üçün də edin. Bütün qeydlərinizi götürün və ümumi imtahan müddətinə nəzərən nə qədər sürətli olduğunuzu hesablamağa çalışın. Ancaq sualları cavablandırarkən həmin cavabları kodlaşdırmalı olduğunuzu da unutmamalısınız. Əgər kodlaşdırmağa az bir zaman qalıbsa, deməli çox vaxt sərf etdiyiniz bir fəndən sürətinizi artırmalısınız. Bbunun üçün də çoxlu test işlənilmləidir ki, suallar sizin üçün tanış olsun. Qarşılaşdığınız zaman sualı anlamağa çox da vaxt sərf edilməsin.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov mtahanda vaxtın idarə edilməsi ilə bağlı abituriyentlərə öz tövsiyələrini verib:

 

“Ümumiyyətlə sualların tipi, imtahanın strukturu çox öncədən şagirdlər üçün aşkar olmalıdır. Yeni heç bir sual forması olmamalıdır. Çünki onlar əvvəlcədən həmin formada olan suallar üçün hazırlaşırlar. Yeni hansısa tətbiq şagirdlərin üzərində praktikadan keçirilməməlidir. Bu səbəbdən də əvvəlcədən həmin suallara bənzər nümunələr olmalıdır ki, onlar imtahanda yeni bir şeylə qarşılaşmasın. Əks halda, bu kimi narahatlıqların olmağı normaldır. Ancaq belə bir reallıq da var ki, kimlərsə hər bir halda yenə nədənsə şikayətçi olacaq.

 

Vaxtı idarə etməyi bacarmaq şagirdin vəzifəsidir. Bunun üçün əlbəttə, bilmədiyi sualın üzərində dayanmamalı, onun üçün asan olan fəndən başlamalıdır. Daha sonra böyük diqqətlə kodlaşdırmanı həyata keçirməli, əlavə vaxt qalarsa, yenidən suallara qayıtmalı və yoxlamalıdır. Ancaq imtahana girən kimi həyəcanlanan, valideynin təzyiqi ilə sualların çətinliyini görüb çaşqınlıq, panik yaşayan abituriyent aydın məsələdir ki, uğurlu nətizə əldə edə bilməyəcək. 

Məktəb imtahanın akademik tərəfini təmin etməklə yanaşı, şagirdin psixologiyası, onun imtahan vaxtını idarə etməsinə də daxildən kömək göstərməli, istiqamət verməlidir”.