Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 10:03:00
“Elə bir oğul itirmişəm ki…” - Şəhid anası Sahilə müəllimə ilə MÜSAHİBƏ + FOTOLAR

Bu il martın 5-də Qarabağdakı erməni separatçı-terrorçuların törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Şəhriyar Əlibəyli ziyalı ailəsinin övladı idi.

Şəhidin anası Sahilə Əliyeva 2015-ci ildə “İlin müəllimi”, 2017-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” mükafatlarına layiq görülüb. O, bu gün də kimya-biologiya müəllimi kimi fəaliyyətini davam etdirir.

AzEdu.az saytı Sahilə Əliyeva ilə övladı barədə söhbətləşib.

Şəhriyarın xarakterindən danışan şəhid anası “elə bir oğul itirmişəm ki, bilmirəm Yer üzündə ondan daha yaxşısı ola bilərdi, ya yox” söyləməklə ağrı-acısının nə qədər böyük olduğunu ifadə edib.

- Sahilə müəllimə, Şəhriyar necə xarakterli oğlan idi?

- Çox gözəl xasiyyətli, dostcanlı, hər şeyə diqqətli və mərd oğul idi. Ancaq yaxşlıq etmək, yıxılana əl tutmaq haqqında düşünürdü. Vətəni, torpağı hər şeydən çox sevirdi.

- Hərbçi olmaq onun öz seçimi idi?

- Bəli, bu onun ən böyük arzularından biri idi. Özüm kimya-biologiya müəllimi olduğuma görə IV qruplar üzrə hazırlaşan uşaqlara dərs keçirdim. Şəhriyara da deyirdim ki, istəyirəm sən də tibb sahəsində təhsil alasan - diş həkimi olasan. Amma o, qəti şəkildə tibb sahəsini istəmirdi, deyirdi ki, “yox, bir yerdə oturmaq mənlik deyil”. Elə bu arzu-istəklə də hərb sənətinin ardınca getdi...

- Bildiyimizə görə, Azərbaycanda Rusiyada qəbul olunduğu ali məktəbi də yarımçıq qoyub...

- Şəhriyar 25 oktyabr 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində ziyalı ailəsində anadan olub. Atası Ramiz Əliyev Ukraynada ali təhsil alıb, mən isə Bakı Dövlət Universitetini bitirmişəm. Şəhriyar 3-cü sinfə qədər Vəndam kəndidə ibtidai təhsili alıb, sonra ailəmiz Bakı şəhərinə köçüb. O, təhsilini 236 nömrəli tam orta məktəbdə davam etdirib.

2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub.

İlk ali hərbi təhsilini 2013-cü ildə Sankt-Peterburqda alıb. Onu Naxçıvanski adına Hərbi liseydən Rusiyaya ali hərbi təhsil almağa göndərmişdilər. 2016-cı ildə Azərbaycana qayıdıb Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsilini davam etdirib.

- Şəhriyar 2020-ci ildə Vətən müharibəsində də iştirak edib. Amma evin tək övladı olduğuna görə arxa cəbhədə də qala bilərdi...

- O buna heç vaxt razı olmazdı. Şəhriyar Xüsusi Təyinatlı Qüvvələr kursuna da öz istəyi ilə getmişdi. Evin tək övladı olduğuna görə, onu geri qaytarmışdılar. Amma niyyətindən əl çəkmədi, 2-ci dəfǝ müraciət etdi, heç kim onu bu istəyindən döndərə bilmədi.
30 aprel 2021-ci il tarixində oranı kurs birincisi olaraq bitirdi. Ümumiyyətlə, hansı sahə ilə məşğul olsa, medal qazanır, yer tuturdu. Futbol, şahmat və kikboks kimi idman sahələrində təltifnamələri var. Ali hərbi məktəbdə təhsil aldığı müddətdə də keçirilən əksər yarışlarda iştirak edib, hər dəfə də ya birinci, ya da ikinci olurdu.

Ali hərbi məktəbdən məzun olduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsində xidmət etməyə başladı. Xidmət zamanı bir sıra hərbi təlimlərdə oldu, fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Şəhriyar Vətən savaşının ilk günlərindən ön sıralarda vuruşdu, ölümün üstünə getdi...  

Torpaqlarımız azad olunduqca, o da sevinirdi...

44 günlük Vətən müharibəsinə gedəndə sağ-salamat qayıtdı gəldi, qəhrəman ana oldum.
Bir zabit olaraq ağır döyüşlərdə fərqlənmişdi. Şuşanın azad edilməsində qəhrəmanlıq göstərmiş cəsur xüsusi təyinatlılardan biri idi.
Göstərdiyi şəxsi igidlik və şücaətə görə, ölkə Prezidenti tərəfindən "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", Vətən müharibəsindəki iştirakına görə isə baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

- Şəhidimizin arzuları nə idi?

- Vətəni azad görmək, bütün torpaqlarımızı düşmən tapdağından qurtarmaq, Xocalıda, Xankəndidə Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq...

Vətən müharibəsi başa çatandan sonra rəhbərlik tərəfindən bir sıra medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "baş leytenant" rütbəsi almışdı. Qazaxda xidmət etdiyi vaxt Şuşa döyüşlərinə könüllü getmişdi. Bakı şəhərində Xüsusi Təyinatlı Qüvvələrin zabiti vəzifəsində fəaliyyətini davam etdirirdi… 

 

Təbii ki, bir ana kimi sizin də oğlunuzla bağlı arzu-istəkləriniz olub. Əgər çətin deyilsə, bu haqda da bir-iki kəlmə danışardınız… 

- Bu haqda danışmaq mənim üçün çox çətindir... Zalım fələk arzu-istəklərimi alt-üst etdi. İndi kəlmələri düzüb-qoşa bilmirəm... Allah heç kimə yeganə övladını itirməyi göstərməsin... Bu hissləri yaşamağı heç bir anaya arzulamıram…  

Şəhid anası ilə söhbətimiz bir qədər də uzun sürə bilərdi… Amma Sahilə müəllimə üçün Şəhriyar barədə danışmaq çox çətin idi… Elə müsahibə zamanı da qəhər, göz yaşları ona danışmağa mane olurdu. Biz də Şəhid Anasına səbr diləyib, onu çox yormaq istəmədik…