Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 15:57:00
Hansı universitetlərin öz qəzet-jurnalı var? - SORĞU

Azərbaycandakı bir çox ali təhsil müəssisələrinin öz mətbu orqanı var. Ali təhsil ocaqları öz tələbələrinə universitetdaxili qəzet-jurnallarda tribuna verir, onlara müxtəlif mövzularla çıxış etmək imkanı yaradır.

 

Maraqlıdır, bəs hansı universitetlərimizdə qəzet-jurnal nəşr olunur? Bu mətbu orqanların mövzuları nədən ibarətdir?

 

AzEdu.az bu sualla universitetlərə müraciət edib.

 

 

Azərbaycan Dillər Universitetin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, bu ali məktəbinmin rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 2000-ci ilin dekabr ayından etibarən nəşr olunur:

 

“Rəngli formata malik 12 səhifəlik qəzet ayda bir dəfə çap olunur. Universitetlər arasında ilk dəfə məhz ADU-nun “Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub. “Poliqlot” qəzeti universitetin ictimai-sosial həyatında mühüm rola malikdir”.

 

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova ali təhsil ocağında nəşr olunan qəzet haqqında geniş məlumat verib:

“Bakı Dövlət Universitetinin rəsmi nəşri olan “Bakı Universiteti” qəzetinin əsası 1929-cu ildə qoyulub. 1947-ci ildən isə mütəmadi olaraq nəşr olunur. Qəzet yarandığı gündən indiyə kimi daim Universitetin ənənələrinə bağlı olub. “Bakı Universiteti” ayda bir dəfə nəşr olunur. 2019-cu ildən yeni tərtibatla rəngli çap olunan qəzet BDU-nun ictimaiyyətlə əlaqələrinin inkişafı və informasiya təminatında əhəmiyyətli rol oynayır. Universitetin təhsil, elm, ictimai həyatı, beynəlxalq əlaqələri, həyata keçirilən layihələri haqqında həm ölkə oxucularının, həm də tələbələrimizin məlumatlandırılmasında yaxından iştirak edir. Qəzetdə tədris prosesi, dərslik və dərs vəsaitlərinin vəziyyəti, elmi fəaliyyət, elmi-tədqiqat laboratoriyalarının, mərkəzlərin, elmi kitabxananın fəaliyyəti, həyata keçirilən sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində yeniliklərlə bağlı, Universitetin ictimai həyatı, eləcə də tələbə həyatı və s. haqqında müntəzəm məlumatlar verilir. Universitetin professor-müəllim heyəti, görkəmli alimləri mütəmadi olaraq publisistik yazılarla çıxış edirlər. Son illərdə tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində atılan addımlar, fakültələrdə, kafedralarda, tələbə evində aparılan abadlıq və yenidənqurma işləri və s. qəzetin səhifələrində geniş işıqlandırılır. Qəzetin məzmununun yüksək səviyyədə olması ilə yanaşı, onun tərtibatı da müasir poliqrafik icra baxımından seçilir. 2020-ci ildən qəzetin nəşrinə BDU-nun Jurnalistika fakültəsinin tələbələri cəlb olunub. “Bakı Universiteti"nin nömrələrinin hazırlanmasında və tərtibatında, nəşriyyat-redaksiya proseslərində tələbələr yaxından iştirak edirlər”.

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli qeyd edib ki, tələbələr tərəfindən hazırlanan və elə universitetin öz nəşriyyatında "The Student Times" adlı qəzet çap olunur:

“Qəzetdə universitet xəbərləri ilə yanaşı, tələbələr tərəfindən yazılan məqalələr, elm və texnologiya xəbərləri, əyləncəli və öyrədici krossvordlar və s. yayımlanır. Qəzet rəngli və müasir dizaynda ayda ayda bir dəfə işıq üzü görür”. 

 

Mingəçevir Dövlət Universitetindən (MDU) aldığımız məlumata əsasən, burada qəzet yox, jurnal nəşr olunur:

“Hazırda Mingəçevir Dövlət Universitetinin nəşr etdiyi hər hansı bir qəzet yoxdur. Bizdə "Dayanıqlı inkişaf" multidisiplinar elmi jurnalı nəşr olunur. Bu jurnal həm kağız formatında, həm də universitetin saytındakı "Elmi nəşrlər” bölməsində yayımlanır. Jurnal illik olaraq dərc olunur. Adından da göründüyü kimi, jurnalda bütün elm sahələri barədə informasiyalar öz əksini tapır. Həmçinin burada universitetin əməkdaşlarının məqalələri dərc olunur. "Dayanıqlı inkişaf" alimlərimizin öz araşdırmaları və tədqiatlarını məqalə formasında təqdim edə bilməsi üçün tribuna rolunu oynayır”. 

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova “Təbib” qəzeti barəsində məlumat verib:

“Bu il Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin 90 illiyi tamam olur. İlk sayı "Tibbi qadro uğrunda" adı altında 1933-cü ilin dekabrında buraxılıb. Artıq 90 ildir ki, qəzet universitetin ictimai həyatı, elmi yeniliklər, ən müxtəlif tədbirlər, aktual mövzular, tədris prosesi, tələbə dünyası, ölkəmizdə və dünyada səhiyyə sahəsi ilə bağlı məlumatları öz oxucularına çatdırır. Qəzetin səhifələrində yer alan həkim məsləhətləri, tanınmış alimlərin çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanır. "Təbib" qəzeti təkcə universitet həyatı ilə kifayətlənmir, Azərbaycan səhiyyəsi ilə bağlı və cəmiyyətin maraq dairəsində olan aktual məsələlərə daim diqqət ayırır. Müasir dövrün texnoloji imkanlarından istifadə edilərək, qəzetin materialları ölkəmizin elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq daha geniş auditoriyaya çatdırılır. Hazırda qəzet ayda 2 dəfə olmaqla, universitetin hesabına nəşr olunur. Qəzetin baş redaktoru tanınmış jurnalist Məğrur Əli Poladdır”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, UNEC-də 2016-cı ilədək “İqtisadçı” qəzeti dərc olunub. Sonradan isə fəaliyyətini dayandırıb:

 

“2018-ci ildə isə universitetin news.unec.edu.az domeni ilə UNECNews adlı xəbər saytı yaradıldı. Saytın yaradılmasının məqsədi universitetdə baş verən bütün yenilikləri ictimaiyyətə operativ şəkildə çatdırmaq olub. Burada UNEC-dəki yeniliklərlə yanaşı, universitetin peşəkar ekspertlərinin rəyləri, abituriyent, tələbə və məzunlara yönəlik layihələr, uğur hekayələri, müsahibələr və digər mövzuları əhatə edən məlumatlar, elanlar yer alır”. 

 

Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə müdiri Lalə Dilanova bildirib ki, ""Azərbaycan Universiteti" qəzetinin nəşri 2015-ci ildə internetin çap mediasını üstələməsi səbəbiylə dayandırılıb. 2017-ci ildən başlayaraq universitetin fəaliyyətini işıqlandıran "Çağlayan" jurnalı çap olunur. Tam rəngli "Çağlayan" jurnalı ildə 2 dəfə nəşr olunur".

 

Lənkəran Dövlət Universiteti (LDU), Bakı Mühəndislik Universiteti (BMU), ADA və Bakı Ali Neft Məktəbindən (BANM) aldığımız məlumata əsasən, universitetlərində heç bir qəzet-jurnal nəşr olunmur.